BDU-nun birinci kurs tələbələri cari tədris ili haqqında ilk təəssüratlarını bölüşdü

16/12/2020

Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin I semestrində onlayn dərslər uğurla davam edir. Koronavirus pandemiyası dövründə məsafədən tədrisin sistemli və uğurlu təşkili üçün bütün imkanlarını səfərbər edən Universitet kollektivi təhsildə davamlılığın təmin edilməsində müvəffəqiyyətə nail olub. Ali təhsilin bütün pillələrində onlayn dərslər ənənəvi dərs cədvəlinə uyğun olmaqla distant təhsilin funksionallığından istifadə edilərək Microsoft Teams platforması üzərindən davam edir. Tədris prosesinin uğurlu təşkil edilməsi üçün universitet rəhbərliyi və müvafiq struktur şöbələr tərəfindən lazimi tədbirlər görülüb, müəllim və tələbələrin texniki biliklərinin təkmilləşdirilməsi üçün imkanlar yaradılıb. İnformasiya və kommunikasiya texnologiyalarından istifadə barədə yazılı və video formatda təlimatlar hazırlanıb, universitetin veb səhifəsində, sosial şəbəkələrdə və YouTube kanalında yerləşdirilib. Təqvim planı və sillabusların sistemə yerləşdirilməsi və qiymətləndirmə prosesi də onlayn qaydada həyata keçirilib. Keçirilən dərslərin təkrar baxılması üçün Microsoft Teams platformasında qeydiyyatı aparılır və tətbiqin imkanlarından maksimum istifadə edilir.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi 2020/2021-ci tədris ilində I kurs tələbələrinin ilk tədris ili bağlı fikirlərini, onlayn təhsil haqqında düşüncələrini təqdim edir:

Geologiya fakültəsinin I kurs tələbəsi Dəmirçiyeva Səbinə: “Bakı Dövlət Universitetinin Geologiya fakültəsində birinci kurs tələbəsiyəm. Dünyanı hələ də narahat edən koronavirus pandemiyası səbəbilə dərslərimiz onlayn formada dəvam edir. Geologiya fakültəsi ilə ilk tanışlıq da onlayn formatda keçirildi. Dərslərin hamısı ənənəvi dərs cədvəlinə uyğun formada keçirilir və müəllimlərimiz hər mövzunun mühazirəsini elektron formada təqdim edir. Onlayn təhsil alan tələbələr, ənənəvi təhsil alanlarla tamamilə eyni hüquqlara malikdir. Məsafədən təhsildə, təhsil verən professor-müəllim heyəti ilə telefon, elektron poçt və informasiya-kommunikasiya vasitəsiləri ilə əlaqə yaratmaq çox asandır. Lazım olan bütün cavabları onlardan almaq mümkündür. Onlayn təhsil sistemi sayəsində yaşadığın yeri tərk etmədən, eyni zamanda,  gündəlik həyat tərzini dəyişdirmədən istənilən bir mühitdə  istədiyiniz yerdə alabiləcəyiniz təhsil növüdür. Düşünürəm ki, Bakı Dövlət Universiteti də məsafədən təhsilin təşkili işində uğura müvəffəq olub.”

Ekologiya və torpaqşünaslıq fakültəsi I kurs tələbəsi Qasımov Edson: “BDU tələbəsi adını qazanan bütün tələbələr kimi  mən də Azərbaycanda ilk ali təhsil ocağı, təhsilimizin flaqmanı və bir əsrlik tarixi olan Universitetə qəbul olduğum üçün çox sevinirəm. Universitet və qəbul olduğum Ekologiya və torpaqşünaslıq fakültəsi ilə ilk onlayn görüşdə dekan, dekan müavinləri və tyutorlar  bizə universitetimiz və tədris ilinin təşkili haqqında məlumat verdi. Dərslərimiz də onlayn olaraq yüksək təşkilatçılıq və vahid formada sistemli şəkildə həyata keçirilir. Müəllimlərimiz həm savadlı, həm də çox mülayimdir. Dərs prosesində suallarımız fərdi olaraq cavablandırılır, elektron mühazirələr və kitablar Microsoft Teams proqramı vasitəsilə əlçatandır. Bundan əlavə ədəbiyyat materiallarını həmçinin Universitet Elmi Kitabxanasının elektron ünvanından da əldə etmək mümkündür. Dərslərimizlə paralel sosiallığın təmin edilməsi məqsədilə onlayn tədbirlərə qatılırıq. BDU-da təhsil almaq qürurvericidir.

Filologiya fakültəsinin I kurs tələbəsi Hüseynova Səadət: “Pandemiya səbəbilə onlayn təhsildə müəyyən məhdudiyyətlər olsa da, onun mövcud olan bir sıra üstünlükləri bizə başa düşməyə əsas verir ki, müasir dövrdə onlayn təhsil böyük bir inqilaba çevrilə bilər. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Bakı Dövlət Universiteti kimi nüfuzlu təhsil müəssisəsində oxumaq üçün bütün imkanlar yaradılıb. BDU-da cari tədris ilinin onlayn təşkil edilməsi və I kurs tələbələrinə maksimum imkanlardan faydalanaraq akademik təhsil mühitinə tez bir zamanda uyğunlaşması üçün zəruri tədbirlər həyata keçirilib. Azərbaycanın müxtəlif yerlərindən minlərlə tələbə onlayn təhsil proqramını qoşulur və yaxud onlayn platforma vasitəsi ilə elmə yiyələnir. Onlayn təhsil müasir dövrdə ən böyük inqilab olmalıdır. Bu, sistemdə olduqca böyük bir dəyişiklik edir və bir şey öyrənmək istəyən hər kəs üçün geniş imkanlar açır. Birinci kurs olaraq təhsilimizin ən yüksək səviyyədə olması üçün həm rəhbərlik, həm də müəllim heyəti bizə hər cür şərait yaradıb. Savadlı müəllimlərin təqdim etdiyi mühazirələr, dərslərdə maraqlı diskussiyaların təşkili və onlayn ünsiyyətin səmərəli təşkili bizi həvəsləndirir. Məhz bunun nəticəsidir ki, qrupumuzda olan hər tələbə dərslərdə fəaldır, dərslərə səylə çalışır, öz bilik və  bacarıqlarını artırırlar.”

Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin I kurs tələbəsi Əliyeva Günel Şahverdi qızı: “Kompyuter elmləri ixtisasının ingilis bölməsində 1-ci kursda təhsil alıram. Pandemiya ilə əlaqədar tətbiq edilən karantin səbəbilə təhsilimizə distant formada başladıq. Amma buna baxmayaraq dərslərimiz effektiv, əlçatan və rahatdır. Onlayn təhsilin ən yaxşı tərəfi həm də ondadır ki, sizin təhsil almağınız üçün öyrənməyə həvəsinizin olması və sizi doğru istiqamətə yönləndirəcək bir müəlliminizin olmağı kifayətdir. Müəllimlərimiz çox savadlıdırlar, dərsləri kifayət qədər aydın şəkildə izah edirlər. Dərs müddətində müəllimlər mühazirələrlə yanaşı bizə müxtəlif tapşırıqlar verir, biz onları yerinə yetirdikcə müəllim bizim dərsi nə qədər anladığımızı görür və bizə qaranlıq qalan məqamları bir-bir izah edir.

Qrup yoldaşlarımızla onlayn görüşlər keçirir,  birlikdə suallarımızı müzakirə edir, bir-birimizdən öyrənməyə çalışırıq. Fakültəmizlə ilk tanışlıq görüşü də onlayn baş tutdu. Suallarım yarandıqca həm tyutorlara, həm də dekan müavininə rahatlıqla müraciət edib, kömək istəyə bilirəm və onlar hər zaman mənə kömək edir, səbrlə və mülayim bir şəkildə bütün suallarıma aydınlıq gətirirlər. İstər müəllimlərlə, istərdə də inzibati heyətlə onlayn müraciətlərin operativliyi təmin edilib. Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsi üzvləri sosial layihələrin keçirilməsi və onlayn tədbirlərlə bağlı mütəmadi olaraq məlumatlar paylaşır və belə tədbir və görüşlərin keçirilməsi də sosial aktivliyin təmin edilməsində mühüm rol oynayır.”


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024