BDU-nun əcnəbi tələbəsi: “Azərbaycan mənim ikinci Vətənimdir”

12/09/2025

Jean-Lucien Fouf-Kagna Grebaye Bakı Dövlət Universitetinin (BDU) Mərkəzi Afrika Respublikasından olan əcnəbi tələbəsidir. O, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” ilə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin bakalavriat pilləsində təhsil alır, II kurs tələbəsidir. Jean-Lucien Azərbaycanda təhsil həyatı və gələcək planları ilə bağlı fikirlərini bizimlə bölüşüb.

- Azərbaycanda təhsil almaq qərarına necə gəldiniz?

- Misirin Qahirə şəhərində təhsil alarkən Azərbaycanda oxuyan bir tələbə ilə tanış oldum. Onun vasitəsilə BDU və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı barədə məlumat əldə etdim. Daha sonra Azərbaycanın Misirdəki səfirliyinə müraciət edib sənədlərimi təqdim etdim. Azərbaycanda təhsilin üstünlüklərindən biri də əlavə dil hazırlığına ehtiyac olmamasıdır – tələbələr birbaşa dərslərə qoşula bilirlər.

- Nə üçün məhz BDU-nu seçdiniz?

- BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İnformasiya texnologiyaları”  ixtisası üzrə təhsil alıram. BDU-da oxumağı proqramın çevikliyi və çoxdilli təhsil imkanlarına görə seçdim. Burada Azərbaycan, rus, ingilis dillərində təhsil almaq mümkündür. BDU regionda ilk ali təhsil ocağıdır və beynəlxalq reytinqdə ön sıradadır. Digər tərəfdən, Bakı xarici tələbələr üçün çox əlverişli şəhərdir. Burada özümü ölkəmdəki kimi rahat hiss edirəm.

- Bu fakültədə təhsil almağın üstünlükləri nələrdir? Burada hansı bacarıq və bilikləri əldə etdiniz?

- Biz güclü riyazi hazırlığı müasir kompüter elmləri ilə birləşdiririk. Beləliklə, yalnız nəzəriyyəni öyrənmirik, həm də onu praktikada necə tətbiq etməyi öyrənirik. Tədris proqramı sənayenin tələblərinə uyğun qurulub və gələcəkdə süni intellekt, kibertəhlükəsizlik və məlumat elmi kimi sahələr üzrə ixtisaslaşmaq imkanı yaradır. Birinci kursdan etibarən proqramlaşdırma üzrə möhkəm təməl qurmuşam. Müəllimlərimizin sayəsində kibertəhlükəsizlik sahəsində praktiki təcrübə də qazanmışam. Texniki bacarıqlardan əlavə, fakültə bizə ingilis dilində ünsiyyət bacarığını inkişaf etdirməyə kömək edir ki, bu da istənilən texnologiya sahəsində karyera üçün vacibdir. Biz həmçinin tənqidi düşünməyə, yaradıcı şəkildə problem həll etməyə və innovativ yanaşmalar ortaya qoymağa təşviq olunuruq – bu da bizi gələcəkdə liderlik vəzifələrinə hazırlaşdırır.

- BDU-nun “Tələbə evi”ndə qalırsız. Yataqxana həyatından razısız?

- BDU-nun yataqxanası təhlükəsiz və səliqəlidir. İşçilər bizimlə ailə üzvü kimi maraqlanır, gündəlik vəziyyətimizi yoxlayır, gəliş-gedişimizi izləyirlər. Bu, həm valideynlər, həm də tələbələr üçün böyük rahatlıq yaradır.

- Azərbaycanın mədəniyyəti və yeməkləri ilə bağlı təəssüratlarınız necədir?

- Azərbaycan çox təmiz və təhlükəsiz ölkədir. İnsanlar mehriban və qonaqpərvərdir.  Yeməkləriniz də çox dadlıdır. Mənim ən sevdiyim yemək “üç bacı” dolmasıdır, çox dadlıdır.

- Gələcək planlarınız nələrdir?

- Artıq öz ölkəmdə Rəqəmsal və Kibertəhlükəsizlik üzrə Mərkəzi Afrika Akademiyası adlı bir təşkilat yaratmışam. Gələcəkdə kriptoqrafiya üzrə mütəxəssis kimi ölkəmə fayda vermək istəyirəm. Azərbaycanı da ikinci Vətənim hesab edirəm. Burada fəaliyyətimi davam etdirməyim də mümkündür.

Hazırladı: Nərminə Əsədova

Xəbərlər

BDU-nun əcnəbi tələbəsi: “Azərbaycan mənim ikinci Vətənimdir”

BDU-nun əcnəbi tələbəsi: “Azərbaycan mənim ikinci Vətənimdir”
12/09/2025

Çin səfiri BDU-nun Elmi Kitabxanasına 28 kitab hədiyyə edib

Çin səfiri BDU-nun Elmi Kitabxanasına 28 kitab hədiyyə edib
12/09/2025

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası
12/09/2025