BDU-nun dilçi alimləri Polşada XIII uluslararası böyük türk dili qurultayında iştirak ediblər

01/10/2018

25-28 sentyabr 2018-ci il tarixində Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universiteti, Yunus Əmrə İnstitutu və Varşava Universitetinin birgə təşkilatıçılığı ilə Polşa Respublikasının Varşava Universitetində XIII Uluslararası Böyük Türk Dili Qurultayı keçirilib. İki mühüm tarixi hadisə ərəfəsinə - 26 sentyabr Türk dili bayramı gününə və Türkiyə-Polşa diplomatik münasibətlərinin 600 illiyinə təsadüf edən qurultaya dünyanın müxtəlif ölkələrindən 120 elm adamı qatılıb. Bu mötəbər elmi tədbirdə Bakı Dövlət Universitetini Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva və Türkoloji araşdırmalar ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov uğurla təmsil edib.

Qurultayın açılış mərasimində təşkilat komitəsinin sədri, Bilkənd Universitetinin professoru Rasim Özyürək, Yunus Əmrə İnstitutunun rəhbəri professor Şərəf Atəş, Varşavadakı Yunus Əmrə İnstitutunun müdiri, dosent Öztürk Əmiroğlu, Varşava Universitetinin Türkologiya kafedrasının müdiri, dosent Agata Baraja Starzynska, Türkiyə-Azərbaycan Dostluq və İşbirliyi Vəqfinin rəhbəri, professor Ənvər Həsənoğlu, Türkiyə Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiriTahsin Tunç Üğdül və Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri, professor Həsən Həsənovçıxış edərək türk coğrafiyasının elmi-mədəni mühitindən, xüsusilə türkologiya sahəsində qarşılıqlı əlaqələrin inkişafından, qarşıda dayanan əsas vəzifələrdən və gələcək perspektivlərdən danışıb, qurultayın əhəmiyyətindən söz açıblar.

Açılış mərasimindən sonra bölmə iclasları öz işinə başlayıb. Zemfira Şahbazova “Türk dillərində sual əvəzlikləri və onların linqvistik xüsusiyyətləri”, dosent Qızılgül Abdullayeva “XVII əsrdə aparıcı dil anlayışı və normada xəlqiləşmə”, Pərvin Eyvazov isə “Professor Bəkir Çobanzadə və türkcənin söz varlığı” adlı məruzələrlə çıxış edib. Qızılgül Abdullayeva məruzəçisi olduğu bölməyə təşkilat komitəsi tərəfindən rəhbər təyin olunub.

Ölkəmizin Polşadakı səfiri, professor Həsən Həsənov Azərbaycandan qurultaya qatılmış akademik heyətlə görüşüb. Öncə 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş polyak əsilli Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsi ziyarət olunub. Ardınca səfirlik tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Azərbaycan-Polşa münasibətlərindən danışan Həsən Həsənov səfirliyin həyata keçirdiyi mühüm işlərdən söz açaraq elm sahəsində əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb, bu cür tədbirlərin təşkil edilməsini müsbət hal kimi dəyərləndirib. Sonra səfir H.Həsənov təmsilçilərimizi “Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə” medalı və diplomu ilə təltif edib. 

Həmçinin qurultay müddətində iştirakçıların Varşava şəhəri ilə tanışlığı baş tutub. Şəhəri gəzən qonaqlar buranın memarlıq abidələri və tarixi yerləri ilə yaxından tanış olublar.

Qurultayın bağlanış mərasimində Azərbaycan nümayəndə heyəti adından BDU-nun Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayevaya söz verilib. Sonda bütün iştirakçılara təşkilat komitəsi tərəfindən sertifikatlar təqdim olunub.

Bakı Dövlət Universitetini təmsil edən elm adamlarının Polşa səfəri həmişə olduğu kimi yenə də uğurlu və yaddaqalan olub.

Mətbuat və informasiya şöbəsi, 01 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024