BDU-nun dosenti Nərman Süleymanov vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Nərman Süleymanov vəfat edib.
Nərman Süleymanov 14 iyun 1967-ci ildə İsmayıllı rayonunda anadan olub. 1990-1995-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 2007-ci ildə “İslam mədəniyyətində sufizm” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
O, 1995-2008-ci illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində redaktor vəzifəsində çalışıb. 2008-ci ildən BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında fəaliyyət göstərib. 2008-2016-cı illərdə həmin kafedranın baş müəllimi, 2016-cı ildən isə dosenti vəzifəsində çalışıb.
Nərman Süleymanovun elmi tədqiqat sahələrini fəlsəfə tarixi, din tarixi, mədəniyyət tarixi, mifologiya və estetika təşkil edib. O, bir sıra beynəlxalq və respublika elmi konfranslarında, simpozium və seminarlarda iştirak edib. “Qızıl qələm” və “Həsən bəy Zərdabi” media mükafatlarının laureatı olub.
BDU-nun rəhbərliyi və kollektivi dosent Nərman Süleymanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

