BDU-nun fakültələrində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

07/11/2025

Bakı Dövlət Universitetinin (BDU) fakültələrində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə professor-müəllim heyəti, tələbələr, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

***


BDU-nun Şərqşünaslıq fakültəsində “Zəfərin şanlı tarixi” mövzusunda tədbir keçirilib. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, qürurla anılan Zəfər Günü barədə ətraflı məlumat verib, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanı şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun dünya hərb tarixindəki yeri barədə söhbət açıb.

Fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, Şərqşünaslıq fakültəsinin şəhid məzunu Vüqar Məmmədovun anası Əsmər Məmmədova, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanım Məmmədova, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Mehdi Kazımov, Türk filologiyası kafedrasının baş müəllimi Güləhməd İmanov çıxışlarında Vətən sevgisi, rəhbər-xalq-ordu birliyinin qələbənin əsas səbəbləri olduğunu vurğulayıb, Azərbaycanın qəhrəman oğullarının şücaətlərindən söz açıblar.
Sonda tələbələr azad edilmiş ərazilər haqqında tədris aldıqları dillərdə çıxışlar ediblər.

***

Coğrafiya və Biologiya fakültələrinin Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə “Zəfərin səsi” adlı tədbir keçirilib.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov çıxışında Zəfər Gününün Azərbaycan xalqı üçün qürur və iftixar mənbəyi olduğunu bildirib. Tədbirdə Vətən müharibəsi iştirakçıları – fakültənin məzunları Ömər Bozbaxov, Cavid Aşurov və Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru İlkin Ağazadə döyüş xatirələrini bölüşüblər.

Bədii hissədə tələbələr vətənpərvərlik mövzusunda musiqi və şeirlər səsləndiriblər.

***

BDU-nun Tələbə İnkişaf Mərkəzində “BDU könüllüləri”nin Biologiya fakültəsi üzrə üzvləri və “Bioteam” klubunun birgə təşkilatçılığı ilə “Zəfərin izi ilə...” adlı bədii gecə keçirilib.

Tədbirdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova Zəfər Gününün dövlətimizin qüdrətini, xalqımızın birliyini və milli ruhunu təcəssüm etdirdiyini qeyd edib, gəncləri bu qələbənin mənəvi dəyərlərini qorumağa çağırıb.

Sonra Vətən müharibəsi qəhrəmanları – ehtiyatda olan mayor İlkin Ağazadə və “Qarabağ” ordenli mayor Elşən Məmmədov çıxış edərək döyüş xatirələrini bölüşüblər.

Sonda tələbələrin Zəfər Gününə həsr olunmuş bədii kompozisiyası nümayiş olunub.

***

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Fakültənin dekanı Ələkbər Əliyev Zəfər Gününün əhəmiyyətindən danışıb, bu tarixi günün xalqımızda yaratdığı qürur və iftixar hisslərini bölüşüb.

I Qarabağ müharibəsi iştirakçısı, fakültənin müəllimi mayor Hacı Məsmalıyev hər iki müharibə ilə bağlı xatirələrini danışıb.

Fakültənin müəllimi İradə Dadaşova, professor Knyaz Məmmədov Zəfər Gününə həsr etdikləri şeirləri səsləndiriblər. Tədbirdə şəhid məzunlar Tural Eyyubov və Ramil İsmayılov haqqında məlumatlar təqdim olunub. Fakültənin müəllimi Mələk Paşazadə şəhid qardaşı Cavid Paşazadəyə həsr etdiyi şeiri səsləndirib, daha sonra şəhidin valideyni xatirələrini bölüşüb. II kurs tələbəsi Gülövşə Məmmədova şəhid qardaşı Əşrəf Məmmədli haqqında məlumat verib və ona həsr etdiyi “İgid Əşrəf ön sırada döyüşdü” şeirini səsləndirib. İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti Şamo Cəbrayılov çıxışında Zəfər Gününün mənəvi əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda fakültənin məzun və tələbə qaziləri - Fəxri Əliyev, Tural Şirəliyev, Sevindik Həsənov və Taleh Əliyev döyüş xatirələrini bölüşüblər.

 

 

Xəbərlər

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib
13/11/2025

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
13/11/2025

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim
13/11/2025