BDU-nun Filologiya fakültəsində elmi seminar: “Özbəkistanda Novruz ənənələri”

17/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyəti nəzdində Türkoloji dərnəyin təşkilatçılığı ilə Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək ədəbiyyatı tarixi və folkloru kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Nurboy Cabbarovun “Özbəkistanda Novruz ənənələri” adlı virtual elmi seminarı keçirilib. “Zoom” platforması üzərindən təşkil olunan tədbirdə fakültənin professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.

BDU-nun Türkologiya kafedrasının magistrantı, Türkoloji dərnəyin rəhbəri Məleykə Mirzəli iki qardaş ölkənin ədəbi-mədəni əlaqələrinin tarixi barədə məlumat verib.

Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədli Azərbaycanda milli-mənəvi dəyərlərin, qədim adət-ənənələrin qorunub saxlanması istiqamətində görülən işlərdən bəhs edib. Novruzun türk xalqlarının ortaq bayramı olduğunu, hətta şumerlərlə bağlılığını vurğulayıb. O həmçinin bildirib ki, Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması siyahısına daxil edilib.

Sonra söz məruzəçiyə verilib. Professor Nurboy Cabbarov  özbək xalqının tarixində Novruzun önəmindən bəhs edib. Bildirib ki, qədim köklərə malik bu bayramın ilk izlərinə Mahmud Kaşğarinin lüğətində rast gəlinir. Sonra məruzəçi özbək klassik ədəbiyyatının təmsilçiləri Rubğazi, Xarəzmi, türk dünyasının böyük mütəfəkkiri Nəvaidən konkret nümunələr gətirərək Novruz mərasimlərinin, yazın gəlişinin poeziyada necə əks olunması barədə danışıb. Xüsusilə Nəvai yaradıcılığında bu bayramın üç təzahür formasının (təbiət və insan ruhundakı uyğunluq, vüsal xəbərçisi, ədalət rəmzi) müəyyən edildiyini vurğulayıb. Professor hazırda özbək xalqı tərəfindən yaşadılan bayram ənənələrini slayd görüntüləri ilə təqdim edib və bütün türk xalqlarına bu yazın uğurlu gəlməsini diləyib.

Sonda Nurboy Cabbarova Filologiya fakültəsinin dekanı Elçin Məmmədovun adından “Təşəkkürnamə” təqdim olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024