BDU-nun Filologiya fakültəsində “Nizami Gəncəvi yaradıcılığı rus ədəbiyyatşünaslığında” mövzusunda elmi seminar keçirilib

30/04/2021

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Rus ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığı rus ədəbiyyatşünaslığında” mövzusunda onlayn elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Rus ədəbiyyatı tarixi kafedrasının müdiri professor Ədibə Paşayeva “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan elmi seminarların əhəmiyyətindən, dahi şairin əsərlərinin dünya miqyasında öyrənilməsindən, xüsusilə rus ədəbiyyatşünaslığında Nizami irsinə münasibətdən danışıb, məruzəçilərə uğurlar arzulayıb.

Kafedranın dosenti Solmaz Əliyevanın “Qədim rus ədəbiyyatında Nizami Gəncəvi əsərlərinin motivləri” adlı məruzəsində Nizami yaradıcılığından və Şərq mənbələrindən tərcümə olunmuş qədim rus ədəbi abidələrində bənzər süjetlər təhlil edilib. Müəllif həmin süjetlərə Nizaminin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Yeddi gözəl” poemalarında, həmçinin qədim rus ədəbiyyatının “İnsan dərrakəsi haqqında povest” və  “Stefanit və İxnilat” oriyental əsərlərində rast gəlindiyini diqqətə çatdırıb.

Professor Leyla Gərayzadə “Nizami Gəncəvinin əsərlərində aforizmlər” adlı məruzəsində böyük ədibin yaradıcılığının hikmət xəzinəsindən, dahi şairin əsərlərində xalq hikmətinin və müdrikliyinin əks olunmasından danışıb. Bildirib ki, Nizami həm də ona görə bəşəri şairdir ki, onun hikmət fəlsəfəsi yalnız bir xalqa deyil, bütün bəşəriyyətə, insanlığa aiddir və hər zaman öz aktuallığını qoruyub saxlayacaq.

Rus ədəbiyyatı tarixi kafedrasının baş müəllimi Tofiq Məmmədov “Yuriy Kuznetsov Nizami Gəncəvi haqqında” adlı məruzəsində Yuriy Kuznetsovun Azərbaycan mövzusuna həsr olunmuş əsərləri haqqında məlumat verib, xüsusilə müəllifin “Nizaminin kölgəsi” adlı şeirinin yaranma tarixindən və bədii xüsusiyyətlərindən söz açıb.

Dosent Aysel Bağırova “Nizami Gəncəvi Nikolay Tixonovun yaradıcılığında” adlı məruzəsində görkəmli rus şairi, nasiri və publisisti Nikolay Tixonovun N.Gəncəvi yaradıcılığına münasibətindən söz açıb. Qeyd edib ki, N.Tixonov “İşıq insanları” və “Nizami və Nəvai” adlı iki məqalənin, habelə dahi Azərbaycan şairinə həsr olunmuş “Nizami” hekayəsinin müəllifidir və yazıçı bu əsərlərində Nizaminin şəxsiyyətini, yaradıcılığını yüksək qiymətləndirib.

Rus ədəbiyyatı tarixi kafedrasının doktorantı İbrahim Əsədovun “XIX əsrin birinci yarısı rus ədəbiyyatında Nizami Gəncəvi əsərlərinin mənimsənilməsi” adlı məruzəsində  dünya ədəbiyyatının klassiklərindən biri N.Gəncəvi yaradıcılığının Rusiyada öyrənilməsindən və rus ədəbi mühitinə təsirindən bəhs olunub. Məruzəçi bildirib ki, əslində Nizami yaradıcılığının rus ədəbi təfəkkürünə daxil olması, eyni zamanda rus oxucusunun dahi Azərbaycan şairinin əsərləri ilə tanışlığı XIX əsrə təsadüf edir.

Sonda Filologiya fakültəsinin dekanı Elçin Məmmədov məruzələrə münasibət bildirərək çıxışları yüksək qiymətləndirib, rus bölməsində təhsil alan tələbələrə Azərbaycan ədəbiyyatının daha dərindən tədris olunmasının aktuallığını qeyd edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024