BDU-nun filoloqları Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetində

25/07/2019

Dünyanın nüfuzlu ali məktəbləri sırasında yer alan Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğu artıq 25 ildir ki, türkologiyanın aktual məsələləri, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində “Hizmet içi yaz eğitim kursları”nı həyata keçirir. 01-19 iyul 2019-cu il tarixlərində baş tutmuş “Türkiye Türkçesi Öğretimi Metot ve Teknikleri Hizmet İçi Eğitim Kursu”na Azərbaycan, İraq, Qazaxıstan, Tatarıstanın müxtəlif universitetlərinin və orta ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də ali məktəb tələbələri daxil olmaqla, ümumilikdə 67 müdavim qatılıb. Kursda Bakı Dövlət Universitetini “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi tədqiqat laboratoriyasının elmi işçisi, fil.f.d. Aynur Məmmədova, “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının əməkdaşı, dissertant Gülnar Axundova, Filologiya fakültəsinin magistrantı İntizar Əlizadə və III kurs tələbəsi Rəsul Həmidov uğurla təmsil ediblər.   

Kursda müdavimlərə türkologiya istiqamətində müxtəlif fənlər: “Xalq ədəbiyyatı”, “Əski türk ədəbiyyatı”, “Yeni türk ədəbiyyatı”, “Qərb ədəbiyyatı”, “Özəl tədris metod və üsulları”, “Yazılı və şifahi nitqdə normanın pozulma halları”, “Dil bilgisi”, “Mətnin oxunması və təhlili”, “Təsirli ünsiyyət”, “Tələffüz qaydaları”,  “Yazı qaydaları” və başqa fənlər tədris olunub. Hər gün saat 08:40-dan 15:40-a kimi davam edən dərsləri Türkiyənin tanınmış dilçi və ədəbiyyatşünas alimləri – Rasim Özyürek, Hamza Zülfükar, Hayal Zülfükar, Abide Doğan, Ayşegül Celepoğlu, Saadet Öztürk, İlker Kalender, Yasemin Dinç Kurt, Necati Demir, Armağan Ateşkan, Mine Nihan Doğan, Naciye Ata Yıldız, Nurdane Mumcu, Fatih Kirişçioğlu, Zühal Yüksel, Meltem Kılıç, Ayşen Gençtürk və başqaları aparıb. Dərslərdən sonra tanınmış elm adamları Oya Kerman, Şükrü Haluk Akalın, Muammer Yıldız, Abdurrahman Güzel, Gözde Kerman, Necmiye Şenel Elaldı, Serhat Vergili tərəfindən  müxtəlif mövzularda konfranslar keçirilib.

Türk Dil Qurumunun 87-ci ildönümü  ilə bağlı tədbirə qatılan müdavimlərə  Türkiyə türkcəsi ilə bağlı  kitab və jurnallar hədiyyə edilib.
Qonaqlar Ankara və Əskişəhərdə olub, şəhərin tarixi yerlərini ziyarət ediblər.
Kursun başa çatmasına bir neçə gün qalmış bütün iştirakçılar test imtahanı veriblər. İmtahanın nəticəsinə görə, BDU təmsilçiləri 50 sualdan 40-dan çoxuna düzgün cavab verməklə yüksək nəticə əldə ediblər. Gülnar Axundova isə ən yüksək balla müdavimlər arasında qrup  birincisi olub.
Sonda yay məktəbinin başa çatması və sertifikatların təqdim olunması ilə əlaqədar bağlanış mərasimi keçirilib. Mərasimdə yüksək nəticə göstərmiş müdavimlərə beynəlxalq səviyyəli başarı sertifikatları və məzun bukleti təqdim olunub.
Həmçinin tədbirdə bakalavriat pilləsində təhsil alan müdavimlər adından BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsi Rəsul Həmidovun çıxışı maraqla qarşılanıb. BDU təmsilçiləri adından çıxış edən Gülnar Axundova təşkilatçılara təşəkkürünü bildirib və Universitet rəhbərliyi adından Bilkənd Universitetinin rektorluğuna və professor Rasim Özyürəyə xatirə hədiyyələri təqdim edib.

Mətbuat və informasiya şöbəsi, 25 iyul 2019.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024