BDU-nun filoloqları Türkiyənin İhsan Doğramacı Bilkənd Universitetində

18/08/2014

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və dünyanın nüfuzlu ali məktəbləri sırasında yer alan İhsan Doğramacı Bilkənd Universitetinin “Bölge ülkeleri kurs programları direktörlüğü” artıq 20 ildir ki, türk dillərinin aktual məsələləri, o cümlədən Türkiyə türkcəsinin öyrənilməsi istiqamətində “Hizmet içi yaz eğitim kursları”nı həyata keçirir. Beş il olar ki, Azərbaycandan bu kurslara yalnız Bakı Dövlət Universitetinin müəllim və tələbə heyəti dəvət edilir. Ənənəvi olaraq, bu il də universitetimizin müəllim və tələbə heyəti yay kursunda iştirak etmiş və müvəffəqiyyətlə başa vurmuşlar.

29 iyun – 26 iyul 2014-cü il tarixlərində baş tutmuş kursda bu il üç ölkənin – Azərbaycan (BDU), Albaniya (Tirana Universiteti), eləcə də İraq İslam Respublikasının müxtəlif universitetlərinin (Səlahəddin, Kərkük və s.) müəllim və tələbə heyətini əhatə edən, ümumilikdə 35 kursant iştirak edirdi. Ölkəmizi isə universitetimizin Filologiya fakültəsinin müəllimləri –  Türkologiya kefedrasının dosenti İslam Vəliyev və Şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov, “Türkoloji araşdırmalar” ETL-nin kiçik elmi işçisi, doktorant Pərvin Eyvazov, Türk xalqları ədəbiyyatı kafedrasının magistrantı Səməni Abbasova, Türkologiya kafedrasının magistrantı Şəbnəm Şəmsəddinova və Şərqşünaslıq fakültəsinin “Türk dili və ədəbiyyatı” ixtisası üzrə III kurs tələbəsi Sevinc Süleymanlı uğurla təmsil etmişlər.

Dərs yükü 120 saatı əhatə edən yay kursunda iştirakçılara türk dillərinin və Türkiyə türkcəsinin öyrənilməsini əhatə müxtəlif fənlər – “Türk dillərinin müqayisəli öyrənilməsi”, “Türk dil bilgisi”, “Mətnin linqvistik təhlili”, “Mətnin ədəbiyyatşünaslıq təhlili”, “Türkiyə ədəbiyyatı” “Diksiya”, “Oxuma və yazma mədəniyyəti”, eləcə də “Dilinin tədrisində İKT-nin texniki imkanları” ilə bağlı olan kompyuter dərsləri və s. tədrsi olunurdu. Dərslər həftə içi hər gün saat 08:30 –da başlayır və 15:00-da bitirdi. Həftənin iki günü isə dərslərin birbaşa ardınca saat 15:10-dan 17:00-a kimi Türkiyənin tanınmış hüquq və dilçi alimləri ilə ustad dərslər (master klass) təşkil edilirdi. Ciddi dərs sistemi və mükəmməl tədris prosesini həyata keçirən Bilkənd Universitetinin “Bölge ülkeleri kurs programları direktörlüğü” kursantların yaşayış, yemək, sağlıq və digər ehtiyacılarını da bir ay müddətində yüksək şəkildə təmin etdi.

Həmçinin kursun ilk həftəsinin istirahət günü qonaqların Ankara şəhəri ilə tanışlığı baş tutdu. Gəzinti günü öncə Bilkənd Universitetinin yaradıcısı professor İhsan Doğramacının universitet ərazisində yerləşən məzarı ziyarət edildi və onun vaxtilə burada inşa etdirdiyi “Doğramacızade Ali Paşa” camisi ilə tanışlıq oldu. Sonra Ankaranın görməli yerləri (“Təbiət tarixi muzeyi”, Türk dil qurumu, Türk Tarix qurumu və s.) qonaqlara bir-bir gəzdirildi. Ən yadda qalan isə təbii ki, böyük öndər Mustafa Kamal Atatürkün dəfn olunduğu “Anıt kabri”, Ev muzeyi, “Atatrük orman çifliği” və onun adıyla bağlı digər yerlər oldu.

Onu da qeyd edim ki, biz, azərbaycanlı kursantlar bu müddətdə Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını da ziyarət etməyi özümüz mənəvi borc bildik.

İkinci həftənin iki istirahət günü isə kurs rəhbərliyi fəaliyyəti müddətində ilk dəfə olaraq İstanbul gəzintisi təşkil etdi. Sözün əsl mənasında, İstanbul gəzintisi hər kəsin yaddaşında bir tarixi günə çevrildi. Bu möhtəşəm şəhərin hamıya məlum olan bütün məşhur yerləri (Topqapı sarayı, Sultan Ahmet Camisi, Aya Sofiya, Dolmabahçe sarayı Panorama muzeyi, Miniatür Muzeyi, Yerebatan Sarıncı, Mərmərə dənizində Boğaz turu və s.) qonaqlara qarış-qarış gəzdirildi.

Kursun başa çatmasına bir neçə gün qalmış bütün iştirakçılar (müəllim və tələbələr ayrı-ayrılıqda) testlə imtahan verdilər. İştirakçılar sertifikat almaq üçün hər biri “2” balla qiymətləndirilən 50 sualdan minimum 60 bal toplamalı idilər. İmtahanın nəticəsi isə hamımızı ikiqat sevindirdi. Belə ki; birincisi, universitetimizi təmsil edən müəllim və tələbələrimiz bu sınaqda bütün rəqiblərindən üstün bilik nümayiş etdirdilər. İkincisi, müəllimlər arasında dos. M.Məmmədov, tələbələr arasında isə magistrant Ş.Şəmsəddinova ən yüksək balla qrup birincisi oldular.

Uğurumuz bunula bitmədi. Belə ki, yay kurslarının başa çatması və sertifikatların təqdim olunması ilə bağlı təşkil olunmuş o möhtəşəm mərasimin aparıcılığı kurs rəhbərliyi tərəfindən doktorant P.Eyvazov və tələbə S.Süleymanlıya həvalə edilmişdi. Həmçinin rəsmi olaraq müəllimlər adından dos. İ.Vəliyevin və öyrəncilər adından magistrant S.Abbasovanın türk dilində maraqlı çıxışları böyük diqqət və alqışlarla qarşılandı.

Tədbirin sonunda imtahandan keçmiş hər bir kursanta Bilkənd Universitetinin sertifikatı, məzun bukleti və hədiyyə olaraq Türk Dil Qurumunun yayımlmadığı kitablar təqdim edildi.

Pərvin EYVAZOV,

“Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024