BDU-nun gənc filoloqları Türkiyənin Bilkənd Universitetində beynəlxalq uğura imza atıb

25/07/2018

Dünyanın nüfuzlu ali məktəbləri sırasında yer alan Türkiyənin İhsan Doğramacı Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğu artıq 23 ildir ki, türkologiyanın aktual məsələləri, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində “Hizmet içi yaz eğitim kursları”nı həyata keçirir. 02-20 iyul 2018-ci il tarixlərində baş tutmuş “Türkiye Türkçesi Öğretim Kursu” və “Türkiye Türkçesi Hizmet İçi Eğitim Kursu”na 2 ölkənin – Azərbaycan və İraqın müxtəlif universitetlərinin və orta ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də ali məktəb tələbələri daxil olmaqla, ümumilikdə 90 müdavim qatılıb.

  1. Yay məktəbində Bakı Dövlət Universitetini “Türkoloji araşdırmalar” Elmi Tədqiqat Laboratoriyasının əməkdaşları Pərvin Eyvazov, Ramil Bayramov və Anar Fərəcov, Filologiya fakültəsi Tələbə Elmi Birliyinin üzvləri Murad Əmənov, İntizar Əlizadə, Arzu Hüseynova və Minayə Camalova uğurla təmsil ediblər.

Kurslarda müdavimlərə türkologiya istiqamətində müxtəlif fənlər: “Səs bilgisi”, “Türk xalq ədəbiyyatı”, “Əski türk ədəbiyyatı”, “Dil və mədəniyyət”, “Yaşayan türk dilləri”, “Yazılı və şifahi nitqdə normanın pozulma halları”, “Yeni türk ədəbiyyatı”, “Ədəbiyyat bilgiləri”, “Mətnin oxunması və təhlili”, “Özəl tədris metod və üsulları”, “Bilgi texnologiyası və material hazırlama” və b. tədris olunub.

Hər gün saat 08:40-dan 16:40-a kimi davam edən dərsləri Türkiyənin tanınmış dilçi və ədəbiyyatşünas alimləri – Rasim Özyürek, Necati Demir, Şükrü Haluk Akalın, Hamza Zülfükar, Hayal Zülfükar, Abide Doğan, Abdürrahman Güzel, Ayşegül Çelepoğlu, Ermağan Ateşkan, Muammer Yıldız, Zühal Yüksel, Mehmet Fatih Kirişçioğlu, Meltem Kılıç və başqaları aparıb.

Kursun ilk həftəsinin istirahət günü qonaqların Ankara şəhəri ilə tanışlığı baş tutub. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Bilkənd Universitetinin yaradıcısı, professor İhsan Doğramacının məzarları ziyarət edilib. “Anıtkabir” və “Təbiət tarixi” muzeyləri ilə tanışlıq da yadda qalan məqamlardan olub. Həmçinin azərbaycanlı müdavimlər bu müddətdə Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını da ziyarət ediblər.

Kursların başa çatmasına bir neçə gün qalmış bütün iştirakçılar test imtahanı veriblər. İmtahanın nəticəsinə görə, 50 sualdan 40-dan çoxuna düzgün cavab verməklə ən yüksək nəticəni BDU təmsilçiləri əldə edib. Anar Fərəcov isə ən yüksək balla müdavimlər arasında qrup  birincisi olub.

Sonda yay məktəbinin başa çatması və sertifikatların təqdim olunması ilə əlaqədar bağlanış mərasimi keçirilib. Mərasimdə yüksək nəticə göstərmiş müdavimlərə beynəlxalq səviyyəli başarı sertifikatları və məzun bukleti təqdim olunub.

Həmçinin tədbirdə bakalavriat pilləsində təhsil alan müdavimlər adından BDU-nun Filologiya fakültəsinin II kurs tələbəsi Minayə Camalovanın çıxışı maraqla qarşılanıb. BDU təmsilçiləri adından çıxış edən Pərvin Eyvazov təşkilatçılara təşəkkürünü bildirib və Universitet rəhbərliyi adından Bilkənd Universitetinin rektor yardımçısı, professor Kürşad Aydoğana və professor Rasim Özyürəkə xatirə hədiyyələri təqdim edib.

Qeyd edək ki, ciddi dərs sistemi və mükəmməl tədris prosesini həyata keçirən Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğu 20 gün müddətində müdavimlərin yaşayış, yemək, sağlıq və digər ehtiyacılarını yüksək səviyyədə təmin edib.

Mətbuat və informasiya şöbəsi, 25 iyul 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024