BDU-nun gənc müəllimləri tədris prosesinin təşkilindən danışır

04/12/2020

2020/2021-ci tədris ili də koronavirus (COVID-19) pandemiyası səbəbilə onlayn təhsil formasında davam edir. Bakı Dövlət Universitetinin gənc müəllimləri cari tədris ili, hazırlıqlar, tələbələrin yeni forma və metodlarla tədrisə cəlb olunması, yeni təlim texnologiyaları, bügünün tələblərini ödəyən, tətbiqi çalışmaların mənimsənilməsi, ən yeni məzmunda ədəbiyyat materiallarının istifadəsi haqqında İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə söhbətdə danışdılar. Söhbət əsnasında müəllimlərimiz məsafədən təhsilin təşkili, ənənəvi təhsil ilə distant təhsil arasında oxşar və fərqli xüsusiyyətlər, yeni tədis formasında qarşılaşdıqları məqamları da bizimlə bölüşdülər.

Universitet müəllimləri həmçinin müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük uğurlar və Qələbə, xüsusilə də bütün işğal altında olan ərazilərimizin Ermənistanın işğalçı ordusundan azad edilməsi münasibətilə təbrik və sevinc hisslərini bizimlə paylaşdı, Azərbaycanın bundan sonra da çiçəklənməsi naminə daim səylə və əzmlə çalışacaqlarını bildirdilər.

Jurnalistika fakültəsinin müəllimi Nigar Ağayeva: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi qalibiyyət bizi də qürurlandırdı. Qələbə sevinci bizi daha da ruhlandırır, müəllim kimi təhsilimizin daha da yaxşılaşması üçün imkanlarımızı daim səfərbər etməyə sövq edir.

Yeni tədris ilində dərsin keyfiyyətini yüksəltmək üçün dünya universitetlərində əsas dərs vəsaiti kimi isifadə olunan elektron kitablara nəzər salmışam, aparıcı universitetlərin professorlarının, tədris etdiyim fənlərə uyğun videolarını izləmişəm, pdf formatda mühazirə mətnləri hazırlamışam, dərslərə aid olan bütün materialları Micrisoft Teams platformasına yükləmışəm və dərslərin onlayn formada təşkil olunmasını nəzərə alaraq texniki təchizatı gücləndirmişəm. Onlayn təhsildə lazımi biliklərin ötürülməsini qənaətbəxş hesab edirəm. Tələbələrlə canlı ünsiyyətdə olmaq, üz-üzə dərs deyərək daha ətraflı müzakirələr aparmaq, eləcə də bəzi mövzuların praktik olaraq keçirilməsi imkanları baxımından ənənəvi təhsilin imkanları daha genişdir. Pandemiyadan sonra təhsilin yenidən ənənəvi qaydada davam edəcəyinə inanırıq.”

Coğrafiya fakültəsinin müəllimi Polad Orucov: “Vətən müharibəsindəki tarixi və mübarək Qələbəmiz münasibətilə BDU kollektivi və bütün xalqmızla sevincimizi bölüşürük. Yeni tədris ili bizə həm də tarixi anlara şahidlik etməyimizlə başladı. Ali Baş Komandan İlham Əliyevinin rəhbərliyi ilə müzəffər Azərbaycan Orudusunun apardığı uğurlu əməliyyatlar bizi tariximizə, torpaqlarımıza qovuşdurdu. Sevinc və fərəh hissi ilə bu günləri yaşadıq...

Hər il oduğu kimi, cari tədris ilinə fənnlər üzrə materiallar yığmaq, mühazirələr üçün təqdimatlar tərtib etməklə hazırlaşmışam. Fikrimcə dərslərin izahının onlayn və ya auditoriyada verilməsinin elə bir önəmi yoxdur, əsas olan iştirak edən tələbələrin keçirilən mühazirəni dinləmək və ya izləmək şəraiti olsun. Keçən semestr təşkil edilmiş sessiyada əldə edilən təcrübənin yeni tədris ilinə təsiri olduqca uğurlu oldu. Düşünürəm ki, ənənəvi təhsil zamanı tələbələrin auditoriya önündə çıxış etməsi, təqdimat hazırlaması onların yaxşı mütəxəssis kimi yetişməsində böyük rola malikdir (xüsusən müəllimlik ixtisaında təhsil alan tələbələr üçün). Bu zaman tələbələrin real biliyini qiymətləndirmək daha rahat olur. BDU-da təşkil edilmiş onlayn dərs və imtahanların keçirilməsi üçün müvafiq şərait yaradılıb, texniki imkanlar genişləndirilib. İlk dəfə olmasına baxmayaraq ümumilikdə Azərbaycan təhsili bu çətin sınağın öhdəsindən gəlmək üçün bütün imkanlarını səfərbər edib. Bu çətin pandemiya dönəmində təhsil üçün çalışan müəllim və tələbələrə uğurlar arzu edirəm.”

Kimya fakültəsinin müəllimi Ofeliya Balayeva: “Cari tədris ilində biz həm də cəbhə bölgəsindən gələn qələbə xəbərləri ilə sevindik. Ermənistanın işğalı altında olan ərazilərimizin azad olunması münasibətilə bütün xalqımızı və dünya azərbaycanlılarını təbrik edirəm. Qazandığımız qələbə bizi daha da ruhlandırır.

2020/2021-ci tədris ili onlayn formatda uğurla davam edir. Onlayn təhsil sisteminə  tələbələrin artıq uyğunlaşdığının şahidi oluruq. Dərslərə daha diqqətlə qulaq asır, sanki hər bir tələbə auditoriyanın birinci sırasında əyləşib, dərsi daha yaxşı başa düşür, sualı yarandıqda çəkinmədən soruşur. Distant təşkil olunmuş seminar dərslərində isə tələbələr bir-birlərini diqqətlə dinləyə bilir. Təbiət fakültələrində laboratoriya dərslərinin ənənəvi olmasının üstünlükləri vardır. Pandemiyanın təhsil sistemində yaratdığı çətinlikləri dəf etməyə çalışırıq. Dünya təhsil sisteminin də üzləşdiyi böhranda təhsilin davamlılığının və tələbələrin bu prosesdə iştirakının təmin edilməsini uğurlu hesab etmək olar.”

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin müəllimi Abbas Mehdiyev: “Öncə qəlbi Vətən eşqi döyünən bütün xalqımızı və çoxminli BDU ailəsini qazandığımız parlaq qələbə münasibətilə təbrik edirəm. Bütün sahələrdə olduğu kimi, Azərbaycan həm hərb, həm də siyasi arenada Qələbə qazandı.

Koronavirus pandemiyası səbəbilə bütün dünyada təhsil sistemində tətbiq edilən yeniliklər BDU-da da müvəffəqiyyətlə həyata keçirildi. Hazırda Microsoft Teams platformasında təyin edilmiş dərs cədvəlinə uyğun olaraq dərslər keçirilir. Microsoft Teams proqramı bizə tələbələrlə görüntülü ünsiyyət qurmaqdan əlavə, elektron lövhədən istifadə etmək, hər tələbəyə ayrı-ayrılıqda tapşırıq vermək, tələbəni qiymətləndirmək şansı da verir. Bundan əlavə tələbələrə lazım olan bütün dərs materialları da bu platformaya yerləşdirilir. Artıq yeni tədris ilindən əldə edilən təcrübə ilə uğur qazanmışıq, dərslər hər fakültədə əvvəldən hazırlanmış və dəyişilməz olan cədvəl üzrə davam edir. Nəticədə dərslərdə iştirak edən tələbə oxuduğu sahədə bilik və təcrübə əldə edir. Postpandemiya dövrü barədə indidən bir söz demək çətindi, amma güman edirəm ki, pandemiya dövründə qazandığımız onlayn dərs təcrübəsi xeyli işimizə yarayacaqdır. İstərdim ki, ənənəvi təhsildəki kimi tələbə müəllimlə rahat ünsiyyət qura bilsin, suallarını verə bilsin, məsləhət ala bilsin. Tələbələri isə dərslərdən maksimum faydalanmağa, əzmli olmağa səsləyirəm.”

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024