BDU-nun şəhid məzunu Kənan Məmmədovun xatirəsi yad edilib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “BDU könüllüləri” və Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə fakültənin məzunu, Vətən müharibəsi şəhidi Kənan Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov xalqımızın müasir qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında Qarabağda aparılan uğurlu lokal antiterror əməliyyatları nəticəsində canlarından keçmiş gənclərimizin göstərdikləri şücaətdən söz açıb. Bildirib ki, fakültənin məzunu, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Kənan Məmmədov müəllimlərinin yaddaşında məsuliyyətli, dərslərinə ciddi yanaşan və mehriban bir tələbə portreti yaratmağı bacarıb. Onun əziz xatirəsi həmişə ehtiramla yad olunacaq.
Rus dilçiliyi kafedrasının professoru Sevinc Məhərrəmova, Rus ədəbiyyatı tarixi kafedrasının müəllimləri Solmaz Əliyeva, Təranə Məmmədova, şəhidin tələbə yoldaşları çıxışlarında Kənan Məmmədovun nümunəvi tələbə kimi yüksək intizam və hazırlığı ilə seçilməsindən, dostlarına qarşı qayğıkeş və yardımsevər olmasından, hərbçi peşəsinə olan xüsusi marağından danışıb, şəhidlə bağlı xatirələrini bölüşüblər.
Tədbir zamanı Filologiya fakültəsi üzrə “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Kənan Məmmədovun xatirəsinə həsr edilmiş esse müsabiqəsinin nəticələri də elan olunub, qalib gələn tələbələr mükafatlandırılıb.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün böyük vətənpərvərlik məktəbi olduğunu diqqətə çatdırıb. Bildirib ki, esse müsabiqəsinə təqdim olunmuş yazılarda tələbələrin toxunduqları məsələlər, yaradıcı fikirlər müasir gəncliyin milli ruhda yetişməsindən xəbər verir.
Sonda Kənan Məmmədovun xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müəllimi Ramiyə İsgəndərzadə və I kurs tələbəsi Hümbət Bədəlovun vətənpərvərlik mövzusunda yazdıqları şeirləri, I kurs tələbəsi Aysu Türkelin Kənan Məmmədov haqqında hekayəsi və “BDU könüllüləri” təşkilatının nəzdində fəaliyyət göstərən “Lin-Orph” klubunun ifa etdiyi mahnılar dinlənilib.