BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
Bakı Dövlət Universiteti (BDU) və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı və Şəmkir Arxeoloji Ekspedisiyasının təşəbbüsü ilə “Tarix” ixtisası üzrə təhsil alan tələbələr üçün “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Arxeoloji Yay Məktəbi başa çatıb.
1-10 avqust tarixlərində keçirilən yay məktəbinin növbəti günlərində tələbələr üçün yerli və xarici mütəxəssislər arxeoloji materialların müasir rəqəmsal üsullarla sənədləşdirilməsi, fotoqrammetriya və 3D modelləşdirmə, eləcə də rəqəmsal arxeologiyanın tədqiqatlarda tətbiqi istiqamətində elmi-praktiki təlimlər keçirilib. Təlimlər zamanı tələbələrə arxeoloji keramika nümunələrinin yüksək dəqiqliklə fotoçəkilişinin aparılması, əldə olunan təsvirlərin rəqəmsal emalı, fotoqrammetriya əsasında üçölçülü modellərin hazırlanması və həmin modellərin xüsusi proqramlar vasitəsilə emalı üsulları praktiki şəkildə öyrədilib. Tələbələr “3D Photos Pro”, “EasyPhotogrammetry” və “MeshLab” proqramlarından istifadə etməklə fotoşəkillərin ilkin emalı, üçölçülü modellərin yaradılması və onların təkmilləşdirilməsi mərhələlərində birbaşa iştirak edib, həmçinin Qoruğda aparılan əvvəlki məşğələlərdə “LiDAR” və fotoqrammetriya texnologiyaları ilə arxeoloji tikili qalıqlarının rəqəmsal sənədləşdirilməsi, ölçmə və skan proseslərini həyata keçiriblər. Bununla yanaşı, iştirakçılara rəqəmsal texnologiyaların arxeoloji irsin sənədləşdirilməsi, qorunması, elmi tədqiqi və təqdimatındakı imkanları barədə məlumat verilib.
Avqustun 11-də isə Arxeoloji Yay Məktəbinin yekunlarına dair onlayn elmi seminar keçirilib. Seminarda bildirilib ki, Arxeoloji Yay Məktəbi universitet təhsilinin sahə tədqiqatları ilə əlaqələndirilməsi, tələbələrin arxeoloji ekspedisiyanın real iş prosesinə cəlb edilməsi, onların nəzəri biliklərinin praktik bacarıqlarla tamamlanması və müasir arxeoloji tədqiqat metodlarının gənc mütəxəssislərə öyrədilməsi baxımından mühüm əhəmiyyət daşıyır.







