BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

05/08/2026

Bakı Dövlət Universiteti (BDU) və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı və Şəmkir Arxeoloji Ekspedisiyasının təşəbbüsü ilə "Tarix" ixtisası üzrə təhsil alan tələbələr üçün “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Arxeoloji Yay Məktəbi keçirilir.

Yay Məktəbinin əsas məqsədi tələbələrin arxeologiya və qədim cəmiyyətlər haqqında nəzəri biliklərini dərinləşdirmək, onların arxeoloji qazıntı prosesində birbaşa iştirakını təmin etmək, tədqiqat bacarıqlarını və peşə hazırlığını inkişaf etdirməkdir. Proqram iştirakçılara yüzilliklər və minilliklərə aid maddi-mədəni irs nümunələrini yerində öyrənmək, peşəkar tədqiqatçılar komandasının üzvü kimi fəaliyyət göstərmək, qədim artefaktların aşkar edilməsi, sənədləşdirilməsi və elmi əsaslarla tədqiqi prosesində iştirak etmək imkanı yaradır.

Yay Məktəbi çərçivəsində BDU tələbələri Şəmkir Arxeoloji Ekspedisiyasının “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Narınqala sahəsində apardığı çöl tədqiqatlarında iştirak edirlər. Onlar IX–X əsrlərə aid monumental tikilinin tədqiqinə müşahidəçi qismində deyil, təcrübəli arxeoloqların rəhbərliyi altında tədqiqat qrupunun üzvü kimi qoşularaq ilkin peşə bacarıqlarına yiyələnirlər.

Praktiki məşğələlər zamanı tələbələr qazıntı prosesində istifadə olunan alətlər və onların tətbiqi qaydaları ilə tanış olur, qazıntı sahəsinin seçilməsi və hazırlanması, qazıntı torunun qurulması, sahənin işarələnməsi, reper nöqtəsinin müəyyənləşdirilməsi kimi ilkin mərhələləri öyrənirlər. Eyni zamanda onlar təndir və ocaqların təmizlənməsi, artefaktların və osteoloji qalıqların mədəni təbəqədə aşkarlanması, təmizlənməsi, götürülməsi və qeydə alınması, eləcə də arxeoloji tapıntıların sənədləşdirilməsi qaydalarını təcrübəli mütəxəssislərin rəhbərliyi altında mənimsəyirlər.

Proqram nəzəri mühazirələr və praktiki təlimlərdən ibarətdir. Nəzəri məşğələlərdə tədqiq olunan ərazinin tarixi və arxeoloji əhəmiyyəti, mədəni təbəqə və stratiqrafiya, arxeoloji qazıntılarda istifadə olunan alətlər və onların tətbiqi, artefaktların tarixləndirilməsi üsulları, rəqəmsal arxeologiya, çöl tədqiqat sənədlərinin hazırlanması, arxeologiyanın elmlər sistemində yeri, arxeoloji abidələrin növləri və onların keçmiş cəmiyyətlərin öyrənilməsində rolu, arxeoloji kəşfiyyat və axtarışlarda tətbiq olunan müasir texnologiyalar barədə məlumat verilir.

Avqustun 4-də keçirilən nəzəri təlimlərdə isə daş dövrü düşərgələrinin, kənd tipli yaşayış məskənlərinin və qədim şəhər yerlərinin arxeoloji qazıntı metodları, mədəni təbəqə və stratiqrafiya, açıq və qapalı arxeoloji komplekslər, eləcə də arxeologiyada rekonstruksiya məsələləri müzakirə olunub.

Arxeoloji Yay Məktəbi tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, elmi-tədqiqat vərdişlərinin formalaşmasına və Azərbaycanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi sahəsində peşəkar hazırlıqlarının gücləndirilməsinə mühüm töhfə verir.

 

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
05/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026