BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” (AIMC) şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, “AT-Geotech” MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi çərçivəsində təlim sessiyaları olub.
"Azərbaycanın geoloji sərvətləri: Potensial və mövcud imkanlar" adlı panel müzakirədə "AzGeo" müəssisəsinin nümayəndəsi Ağamahmud Səmədov, "AA" MMC-nin nümayəndəsi Zaur Abdullayev, AIMC şirkətinin mütəxəssisi Xanoğlan Əlirzayev, "ATGeotex" şirkətinin nümayəndəsi Nicat Hacıyev və AIMC-nin Dağ-mədən geologiyası departamentinin rəhbəri Samir Mürsəlov çıxış ediblər. Mütəxəssislər Şimal regionunun faydalı qazıntı potensialı, inzibati rayonlar üzrə yataqların paylanması dinamikası və metallogenik xüsusiyyətlərinə dair geniş elmi-analitik məlumat təqdim ediblər.
BDU-nun Coğrafiya fakültəsinin dosenti Vüqar Dərgahov geositlərin öyrənilməsi, Azərbaycan ərazisində onların məkan analizi əsasında geoparkların təşkili və geoturizm potensialının qiymətləndirilməsi mövzusunda çıxış edib.
“Mədənçilikdə ekoloji idarəetmə, rekultivasiya və ərazinin reabilitasiyası” mövzusunda keçirilən təlimdə “C.Q.A International Ltd” şirkətinin Azərbaycandakı filialının direktoru Endryu David Hall və direktor müavini Nüsrət Kərimov mədənçıxarma fəaliyyətindən sonra torpaqların bərpası prinsiplərini təqdim ediblər. Məruzəçilər bildiriblər ki, istismardan çıxarılmış ərazilərin ilkin təbii vəziyyətinə (məsələn, otlaq sahələrinə) qaytarılması torpaq qatının antropogen deformasiyası səbəbindən hər zaman mümkün olmur.
AIMC şirkətinin keyfiyyətə nəzarət üzrə aparıcı mühəndisi Səbuhi Məmmədov geologiyanı tibb sahəsi ilə müqayisəli təhlil edib. O bildirib ki, yerşünaslıq daimi təkamüldə olan sahədir və peşəkar geoloqun fəaliyyəti təcrübəli həkimin yanaşması ilə birbaşa paralellik təşkil edir.
AIMC şirkətinin Dağ-mədən geologiyası departamentinin rəhbəri Samir Mürsəlov müstəqillik dövründən ehtibarən ölkə geologiyasında böyük irəliləyişlərin əldə olunduğunu bildirib.
"CM-Tech" şirkətinin CEO-su Nəsir Abdullayev müəssisənin yerli geoloji-kəşfiyyat sahəsinə inteqrasiya etdiyi müasir cihaz və avadanlıq komplekslərinin iş prinsipi, məlumatların avtomatlaşdırılmış toplanması mexanizmləri və texniki təhlükəsizlik standartları barədə məruzə edib. "CM-Tech" şirkətinin direktoru Rəşad Əliyev müəssisənin geoloji-kəşfiyyat sahəsindəki praktiki təcrübəsindən və icra olunan strateji layihələrdən bəhs edib.
BDU-nun Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının baş müəllimi Allahverdi Tağıyev müasir geoloji tədqiqatlarda rəqəmsal texnologiyaların roluna toxunub. O diqqətə çatdırıb ki, mühəndis-geoloji və hidrogeoloji proqram təminatları ilə yanaşı, süni intellekt alqoritmlərindən istifadə dəqiq analitik proqnozlar verməyə imkan yaradır.
AIMC şirkətinin mədən geoloqu Xanoğlan Hüseynov qazma işlərinin metodoloji xüsusiyyətlərini izah edərək bildirib ki, kəşfiyyat və istismar məqsədilə quyuların qazılması prosesi hər bir ərazinin özünəməxsus geoloji-tektonik quruluşuna, süxur xassələrinə və resurs potensialına uyğun olaraq fərdi analitik yanaşma tələb edir.









