BDU-nun Hüquq fakültəsinin müəllim-tələbə heyəti Strasburqda təlim səfərindədir

10/10/2023

2023-cü ilin oktyabrın 9-dan Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin müəllim və tələbə heyətinin Avropa Şurasının (AŞ) təşkilatçılığı ilə Strasburq şəhərinə - AŞ-nin mənzil-qərargahına təlim səfəri başlayıb. Səfər Yaxşı İdarəetmə üçün Avropa İttifaqı və Avropa Şurası Tərəfdaşlığı: “Qadınlara qarşı zorakılıq, məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində təşkil olunub.

Təlim səfəri çərçivəsində müəllim və tələbə heyətinin Avropa Şurasının departament və bölmə rəhbərləri, İnsan hüquqları üzrə komissarlığın nümayəndələri, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov, Türkiyədən olan hakim Saadet Yüksellə görüşləri, AŞ-nin ekspertləri tərəfindən mühazirələrin keçirilməsi, həmçinin Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirakları nəzərdə tutulub. Təlim səfəri zamanı fakültənin müəllim və tələbələri Strasburq Universitetinin Hüquq məktəbinə səfər edəcək, tədris prosesi ilə tanış olacaq, nüfuzlu professorların mühazirələrini dinləyəcəklər. Zəngin proqrama malik təlim səfəri ilk dəfədir həyata keçirilir.
Təlim səfərində Hüquq fakültəsinin dekanı Zaur Əliyev, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, layihənin eksperti Gülnaz Rzayeva, tələbələr Nizami Mehralıyev, Həmidə Sadıqova, Nəzrin Sadıqova, Eltac Allahyarlı, Səyad Ələkbərov, Nigar Rəhimli, Nihad Rəhimli iştirak edirlər. Tələbələr esse müsabiqəsi əsasında Avropa Şurası tərəfindən seçiliblər.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov təlim səfərinin açılış mərasimində iştirak edib, Azərbaycanın AŞ ilə əməkdaşlıq istiqamətləri haqqında məlumat verib, səfərin əhəmiyyətini vurğulayıb.

AŞ-nin Qadınlara qarşı zorakılıq departamentinin rəhbəri Carolina Lasen-Diaz tərəfindən açılış nitqi ilə başlayan səfərin ilk günündə Gender bərabərliyi bölməsinin rəhbəri Marta Becerra, layihə meneceri Anna Lungu və gender bərabərliyi üzrə məsləhətçi Cecile Grebovalın çıxışları tələbələr tərəfindən maraqla qarşılanıb. Tələbələrin çoxsaylı sualları cavablandırılıb, eləcə də interaktiv formada müzakirələr aparılıb. Hüquq fakültəsinin tələbələrinin təşəbbüsü ilə keçirilən sosial layihələr ekspertlər tərəfindən rəğbətlə qarşılanıb.

Sonda dekan Zaur Əliyev Hüquq fakültəsinin AŞ ilə əməkdaşlığı haqqında ətraflı məlumat verərək, layihənin təşkili ilə əlaqədar öz təşəkkürünü bildirib.

Səfərin ilk günündə təlimdən sonra Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tərəfindən nümayəndəlikdə müəllim və tələbə heyəti üçün qəbul təşkil edilib. Səmimi görüş zamanı tələbələr üçün Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı kontekstində faydalı məlumatların mübadiləsinə imkan yaradılıb.

Təlim səfəri davam edir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024