BDU-nun iki komandası ICPC-nin yarımfinal mərhələsinə vəsiqə qazanıb
Bakı Dövlət Universitetinin (BDU) “BSU 1” və “BSU 2” komandaları 51-ci Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan finalında uğurla çıxış edərək yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin yekun nəticələrinə əsasən, “BSU 1” komandası III dərəcəyə layiq görülüb.
Noyabrın 8-də Azərbaycan Texniki Universitetinin ev sahibliyi ilə keçirilən Azərbaycan finalı ICPC-nin qlobal 1/4 final mərhələsi hesab olunur. Yarış ICPC Azərbaycan İcması, Azərbaycan Texniki Universiteti, ADA Universiteti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələrindən ibarət “BSU 1” komandasını Mirağa Əliyev, Fuadxan Səfərov və Şəhrud İsmayılov, “BSU 2” komandasını isə Elşən Məhərrəmov, Mehdi Məmmədov və Kənan Sadıqlı təmsil ediblər. Komandaların məşqçiləri İsmayıl Zeynalov, Nihat Qəribli və Emil Hüseynovdur.
Qazanılan bu uğur sayəsində hər iki komanda 2026-cı ilin dekabr ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək Şimali Avrasiya finalında (ICPC-nin qlobal yarımfinal mərhələsi) və Cənubi Qafqaz Açıq Çempionatında (OCSC) ölkəmizi və BDU-nu təmsil etmək hüququ əldə edib.


