BDU-nun Jurnalistika fakültəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir

18/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin “Milli mətbuat tarixi” auditoriyasında görkəmli Azərbaycan bəstəkarı, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan söz açıb. O, bəstəkarın həm milli musiqimizin inkişafında, həm də publisistika və ictimai fikirdə qoyduğu izlərin bu gün də aktuallığını qoruduğunu deyib.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev Üzeyir Hacıbəylinin milli mətbuatla bağlı fəaliyyətindən bəhs edib. O bildirib ki, Üzeyir Hacıbəylinin publisistik yazıları təkcə dövrünün deyil, indiki jurnalistika mühitinin də mənəvi-estetik dəyərlərlə zənginləşdirilməsində mühüm rol oynayıb.

Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli isə çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamı"na toxunub və bunu dahi bəstəkarın fəaliyyətinə verilən böyük qiymət kimi dəyərləndirib.

Kafedranın dosenti Aygün Əzimova isə tələbələrin Üzeyir Hacıbəylinin irsinə marağından və onun əsərlərinin gənclərin yaradıcılıq düşüncəsinin inkişafında oynadığı roldan bəhs edib. O vurğulayıb ki, bu cür tədbirlər tələbələrin tarixi şəxsiyyətləri daha dərindən öyrənməsinə və milli dəyərlərə bağlılıq hissinin möhkəmlənməsinə şərait yaradır.

Tədbirin sonunda Üzeyir Hacıbəylinin zəngin irsi və onun Azərbaycan mədəniyyətində müasir yaradıcılıq meyllərinə verdiyi töhfələr barəsində geniş fikir mübadiləsi aparılıb.

Xəbərlər

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır
07/01/2026

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib
07/01/2026