BDU-nun Jurnalistika fakültəsinin tələbəsi Xudayara şeir həsr edib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbəsi, gənc şair, "Hər yan xatirədir" kitabının müəllifi Ağarza Elçinoğlu şəhid Xudayar Yusifzadəyə şeir həsr edib.
Xudayar Yusifzadə 1998-ci il iyulun15-də Bərdə şəhərində anadan olub. O, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) müvəqqəti hərbi xidməti bitirdikdən sonra, Sərhəd Qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb.
Xudayar Yusifzadə Tovuz döyüşlərindən sonra könüllü olaraq döyüşmək üçün müraciət edib, Füzulinin azad olunmasından sonra oradakı yeni yaradılmış sərhəd-keçid məntəqəsində xidmətə başlayıb. Kəlbəcər, Cəbrayıl və Zəngilan istiqamətində döyüşlərdə könüllü olaraq iştirak edib.
Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edən Xudayar, daha sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə vuruşub. Zəngilanın Ağbənd qəsəbəsinin azad olunmasında şücaət göstərmiş və orada yaralanmasına baxmayaraq, düşməni məhv etmiş, son nəfəsinə qədər mübarizə aparıb. Xudayar Yusifzadə aldığı ağır yaradan sonra şəhidlik zirvəsinə yüksəlib.
Qeyd edək ki, Xudayar döyüşlərdən iki gün əvvəl Əliağa Vahidin sözlərinə yazılan, Əlibaba Məmmədovun bəstəsi olan "Vətən yaxşıdır" mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünü videoya çəkib. Həmin video sosial şəbəkələrdə trendə çevrilib.
Xudayar Yusifzadə haqqında sözügedən şeiri oxuculara təqdim edirik:
Yenilməz Vətənin qəhrəman oğlu,
Döyüş meydanında aslana döndü.
Yurdu azad etdi şəhadətilə
Qarabağ yolunda qurbana döndü.
Bir müdam qulaqdan getməyir səsi,
Özü gülüb hey ağladır hər kəsi.
Nə qədər ağırmış şəhid nəğməsi
Oxuyub-oxuyub dastana döndü.
Qəmzəsi, gülüşü düşəndə yada,
O zaman heç bir şey yetməyir dada...
Ürək qubarlanır, gəlir bir səda:
"Adı gəlcək könlün xəndana döndü"...
Necə dözmək olar belə zillətə?!
Qurban olaq səndə olan qeyrətə!
Özü ölüb məlhəm oldu millətə
Şəhid canı ilə loğmana döndü...
Tanrı xeyməsini dumandan qurub,
Cənnətdə qonşusu peyğəmbər olub.
Yanında Poladla Mübariz durub
Xudayar baxaraq hər yana döndü...