BDU-nun kafedra müdiri APRSAF-30 Kosmik Fəzanın Müşahidəsi tədbirində məruzə edib

21/09/2024

Senytabrın 20-də “Azərkosmos”, APRSAF və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) təşkilatçılığı, Bakı Dövlət Universiteti (BDU), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsinin dəstəyi ilə APRSAF-30 Kosmik Fəzanın Müşahidəsi (APRSAF-30 International Stargazing Event) tədbiri keçirilib.

BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, dosent Kəmalə Alışeva tədbirdə məruzə ilə çıxış edib.

Kəmalə Alışeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin kosmos sahəsinin inkişafı, elmi-texniki əməkdaşlığın beynəlxalq miqyasda genişləndirilməsi və perspektiv tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı tarixi xidmətlərinə, Prezident İlham Əliyevin hakimiyyəti illərində uzunmüddətli strateji yanaşma ilə kosmik sahənin yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılmasına dair iştirakçıları məlumatlandırıb. O, çıxışında Azərbaycanda astronomiya elminin keçdiyi tarixi inkişaf yolu, bu sahəyə töhfələr vermiş azərbaycanlı alimlər, ölkəmizdə fəaliyyət göstərən rəsədxanalar, səma cisimlərinə adları verilmiş ictimai xadimlər, Bakı səmasında yer alan səma cisimləri barədə məlumat verib, o cümlədən “Kasseqren-Shcit” teleskopu vasitəsilə əldə olunmuş səma obyektlərinin fotoşəkillərini tədbir iştirakçılarına şərh edib.

Tədbirdə Azərbaycanın ali təhsil müəssisələrinin 300-dən artıq tələbəsi, pedaqoji heyət üzvləri və alimləri iştirak edib.

Tədbir çərçivəsində eyni saat aralığında dünyanın müxtəlif ölkələrində kosmik fəzanın müşahidəsi aparılıb və dünyanın müxtəlif rəsədxanalarından çəkilmiş kosmik cisimlərin canlı müşahidəsi yayımlanıb. Dünyada tanınmış alimlərin, gənc tədqiqatçı və tələbələrin iştirak etdiyi tədbir insanları ulduzlar, kainat və kosmos təhsili barədə maarifləndirməyə, ulduzların və bürclərin səmadakı vəziyyətinin enlik və vaxt zonası ilə necə dəyişdiyini öyrənməyə, eyni zamanda kosmik fəza müşahidəsi altında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsinə yönəlib.

APRSAF ölkələrinin kosmik aktyorlarının, icmalarının fəal iştirak etdiyi tədbir çərçivəsində ABŞ-da fəaliyyət göstərən Yaponiya Milli Astronomiya Rəsədxanası, Yaponiyada fəaliyyət göstərən Yaponiya Milli Astronomiya Rəsədxanası, Avstraliyada fəaliyyət göstərən Avstraliya Milli Universiteti və Qravitasiya Kəşf Mərkəzi, Vyetnamda fəaliyyət göstərən Milli Kosmik Mərkəz və BDU-nun alimləri təqdimatlar ilə çıxış ediblər.

İlk dəfə 1993-cü ildə Yaponiyanın Tokio şəhərində keçirilmiş Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF) dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbirlərdən hesab olunur. Forum 52 ölkədən 844 nüfuzlu təşkilatı və 32 beynəlxalq qurumu bir araya gətirərək ev sahibliyi edən yerli tərəfdaşın birgə təşkilatçılığı ilə fərqli ölkələrdə keçirilir. Hər il baş tutan Forumda dünyanın aparıcı kosmik agentliklərinin, elmi mərkəzlərin və mötəbər beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektorun yüksək səviyyəli rəsmiləri və gənc tədqiqatçılar daxil olmaqla kosmos sahəsinin 50-dən çox ölkəsini təmsil edən 500-dən çox nümayəndəsi iştirak edir. Forum beş işçi qrupdan ibarət olub, peyk tətbiqləri, kosmik tədqiqatların təkmilləşdirilməsi, kosmik təhsil, kosmik cəbhə, kosmik diplomatiya və hüquq, eləcə də kosmik sənaye kimi istiqamətlərdə fəaliyyət göstərir. Forum həmçinin iştirakçı tərəflərin qarşılıqlı əməkdaşlıqdan faydalanması üçün fəlakətlərin idarə edilməsi və ətraf mühitin mühafizəsi kimi məsələlərə dair beynəlxalq layihələrin yaradılmasını dəstəkləyir.

APRSAF Asiya-Sakit Okean regionunda kosmosla əlaqədar regional və qlobal məsələləri həll etmək və konkret həllər tapmaq naminə "Sentinel Asia" (Fəlakətlərin idarə edilməsi), "SAFE" (Ətraf mühit üçün kosmik tətbiqlər), "Climate R" (Əsas iqlim missiyaları üçün regional hazırlıq icmalı), "Kibo-ABC" ("Kibo" istifadəsi ilə Asiya ölkələrinin faydalı əməkdaşlığı), "NSLI" (Milli kosmik qanunvericilik) kimi beynəlxalq təşəbbüs layihələrini təklif edir.

Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edir. AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib. Qərara əsasən, sədrlik çərçivəsində ölkəmiz 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi edəcək.

Ölkəmizin AQEM-dən sonra APRSAF-a inteqrasiyası məqsədilə Azərbaycan Respublikası Kosmik Agentliyi (“Azərkosmos”) və APRSAF arasında əməkdaşlıq çərçivəsində silsilə inteqrativ layihələr həyata keçirilməkdədir.

APRSAF-30 Kosmik Fəzanın Müşahidəsi tədbiri APRSAF regionu ölkələri və Azərbaycan arasında müvafiq sahədə tədqiqat və elmi-təcrübə mübadiləsinin  artırılmasına öz töhfəsini verəcək.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024