BDU-nun kafedra müdiri Naxçıvan Dövlət Universitetinin tələbələrinə ustad dərsi keçib
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov Naxçıvan Dövlət Universitetinin (NDU) Tarix-filologiya fakültəsinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə “Biblioqrafiyaşünaslıq: quruluşu və tərkib hissələri” mövzusunda ustad dərsi keçib.
NDU-nun Tarix-filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarov BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi ilə müxtəlif platformalarda həyata keçirilən əməkdaşlıqdan bəhs edib. Təşkil olunan ustad dərsinin tələbələrin sahə üzrə nəzəri biliklərini genişləndirmək, informasiya və sənəd menecmentinə dair paradiqmaları öyrənmək baxımından əhəmiyyətini vurğulayıb.
Sonra BDU-nun Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov mövzu üzrə məruzə edib. Natiq biblioqrafiyaşünaslığın elmi tərifini diqqətə çatdırıb, onun strukturu, formalaşma mərhələləri və tərkib hissələri kimi mühüm istiqamətləri şərh edib. Bildirib ki, biblioqrafiyaşünaslıq yalnız nəşrlərin siyahıya alınması funksiyasını yerinə yetirmir, eyni zamanda elmi informasiya axınlarının idarə olunmasında mühüm əhəmiyyət daşıyan nəzəri və metodoloji baza rolunu oynayır. Mühazirədə biblioqrafiyanın növləri, təsnifat sistemləri, sahəvi biblioqrafik göstəricilər, referativ və annotasiyalı biblioqrafiyalar, biblioqrafik vəsaitlərin hazırlanması qaydaları, rəqəmsal mühitdə biblioqrafik fəaliyyətin təşkili kimi məsələlər geniş şəkildə şərh olunub. Müasir texnologiyaların biblioqrafik fəaliyyətə təsiri, eyni zamanda bu sahədə olan beynəlxalq təcrübə barədə məlumatlar diqqətə çatdırılıb.
Məruzədə həmçinin mövcud sahə üzrə kadr hazırlığının tarixi, müasir vəziyyəti və gələcəyinə dair innovativ elmi paradiqmalar təhlil edilib. Qlobal informasiya mühitinin formalaşması şəraitində sahə üzrə kadr hazırlığına verilən tələblər, əmək bazarının rəqabətədavamlı mütəxəssislərlə təminatı sahəsində qarşıda duran vəzifələr konseptual şəkildə izah olunub.
Ustad dərsi interaktiv diskussiya şəklində davam edib, tələbələrin rəyləri, sualları əsasında fikir mübadiləsi aparılıb.