BDU-nun kollektivi şəhid məzunlar Şəhriyar Həbibinin və Fikrət Zeynallının ailələrini ziyarət edib
BDU-nun Fizika fakültəsinin bir qrup kollektivi Lənkəran rayonu Osaküçə kəndində fakültənin şəhid məzunu Şəhriyar Həbibinin, Tovuz rayonu Aşağı Öysüzlü kəndində isə şəhid məzun Fikrət Zeynallının ailəsini ziyarət ediblər. Ziyarətdə Fizika fakültəsinin dekan müavinləri Vüsal Məmmədov, Məhəmməd Məhərrəmov, Şəhla Hacıyeva, professor Yusif Nurullayev, dosentlər Tərlan Hüseynov, Zahir Səmədov, Rəhim Rəhimov, müəllimlər Vüsalə Dadaşova, Sevda Məmmədova, Şirxan Hümbətov, əməkdaşlar Aida Əhmədova, Nəzakət Kərimova, Orxan Güləhmədov, tələbələr Ramazan Hüşənov, Elvina Dadaşova, İlahə Zalovlu iştirak ediblər. Ziyarətdə çıxış edənlər şəhid məzunların Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmalarından qürur duyduqlarını, onların qəhrəmanlığının tələbə gənclərə nümunə olduğunu bildiriblər. Onların həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.
Sonra şəhidlərin ailə üzvləri və yaxınları ilə birgə məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Fizika fakültəsinin şəhid məzunu Şəhriyar Həbibi 2010-2014-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 2016-cı ildə hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il 27 sentyabr tarixindən başlayan Vətən müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib, noyabrın 6-da Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhriyar Həbibi ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Fakültənin digər şəhid məzunu Fikrət Zeynallı isə 2012-2016-cı illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Vətən müharibəsi zamanı Şuşa və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib, noyabrın 9-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Fikrət Zeynallı ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqləndiyinə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.