BDU-nun əlaçı məzunları danışır

29/07/2021

BDU-nun fərqlənən məzunu: “Uğura gedən yol təkcə çox oxumaqdan keçmir, tələbə gərək akiv fəaliyyət göstərib təcrübə əldə etsin”

Bakı Dövlət Universitetinin builki əlaçı bakalavr məzunları öz uğurlarının səbəbləri, məqsədlərinə çatmaq üçün gördükləri fəaliyyət barədə danışıb.  Bu tələbələr 4 illik təhsil illərini müvəffəqiyyətlə başa vurdular.

Biologiya fakültəsinin məzunu Cavahir Hacıbabazadə: “Bu il Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr səviyyəsinin ingilis bölməsini  fərqlənmə ilə bitirmişəm. Ümumi orta müvəffəqiyyət göstəricim (ÜOMG) 98.73 bal oldu. Oxuduğum bu 4 il ərzində fakültədə ümumi orta müvəffəqiyyət göstəricisinə görə həmişə birinci olmuşam. Ailəm və müəllimlərim məni həmişə dəstəkləyiblər. Bunun üçün onlara çox minnətdaram.

Təhsil illərimin ilk günlərindən bəri bütün fənlərin ən xırda detallarına qədər mənimsəyirdim. Çünki gördüyüm işləri yüksək səviyyədə yerinə yetirmək mənim əsas prinsipimdir. Ona görə də mühazirələrə həvəslə qulaq asır, müəllimlərimin fikirlərini qeyd edirdim. Bakı Dövlət Universitetinin müəllimlərinin hər biri həm də öz sahəsində görkəmli mütəxəssislərdir. İmtahanlarımı yüksək nəticələrlə başa vurmağımın əsas səbəblərindən biri mühazirələrlə kifayətlənməyib əlavə mənbələri də araşdırıb istifadə etməyimdir. Təhsildə göstərdiyim nailiyyətlərə görə Karlov Universitetində təşkil olunan iki həftəlik təcrübə proqramında  iştirak etmişəm. Təcrübə zamanı Çexiyanın bir çox tədqiqat institutlarında böyük təcrübə topladım. Bundan sonra öyrəndiyim elmlər mənə daha maraqlı gəldi. 3-cü kursda oxuyanda təcrübəni Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda keçdim. Həmin təlimi uğurla başa vurdum. Əldə etdiyim təcrübələr mənə yeni ideyalar qazandırdı, lakin pandemiya ilə əlaqədar olaraq hələ ki, yerinə yetirə bilmirəm.

Buna baxmayaraq, mən öz müəllimlərimin rəhbərliyi ilə elmi fəaliyyətlə məşğul olmağa davam etdim. COVID-19 infeksiyası ilə mübarizəyə həsr olunmuş konfransda iştirak edərək öz tezislərimi təqdim etdim. Bununla bərabər müəllimlərimlə birlikdə 2 tezisin müəllifi oldum. Hal-hazırda həm yerli, həm də xarici alimlərlə əməkdaşlıq edirəm.

Öz üzərimdə daim işləyir, biliyimi zənginləşdirib  yaxın gələcəkdə təhsilimi davam etdirmək istəyirəm. Bütün gənclərimzə məsləhət görürəm ki, arzuları uğrunda mübarizə aparsınlar. Bakı Dövlət Universitetində təhsil aldığım müddətdə şəxsən əmin oldum ki, bizim elm ocağımız, alimlərimiz və təhsilimiz bəzi xarici ölkələrdən də irəlidədir. Biologiya ən vacib və fundamental elmlərdən biridir. Gələcəyimiz elmin inkişafından asılıdır.

Sonda Bakı Dövlət Universitetinin rəhbərliyinə, Biologiya fakültəsinin rəhbərliyinə, mənə dərs deyən dəyərli müəllimlərimə və ailəmə minnətdarlığımı bildirirəm.

Fizika fakültəsinin məzunu Nigar Əhmədova: “2017-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin ingilis bölməsinə daxil olmuşam. Uşaq yaşlarımdan astronomiya elminə çox böyük həvəsim olub və 8-ci sinifdən fizika sahəsini dərindən öyrənməyi qarşıma məqsəd qoymuşam. İndi isə Universitetdəki dörd ilim haqqında qısa danışmaq istəyirəm.

Birinci tədris ilim mənim üçün çox çətin idi. İlk növbədə, fənlərin ingilis dilində olmağı çətinlik yaradırdı (terminləri, elmi cümlələri anlamaq asan deyildi). İkinci çətinliyim isə mühitlə bağlı idi. Universitet mühiti məktəb mühitindən inanılmaz dərəcədə fərqli idi. Daha sonra öz üzərimdə çalışmağım və Universitetə adaptasiya olmağım bütün problemlərimi aradan qaldırdı. 4 illik tədris ilimi fərqlənmə ilə başa vurdum. Bakı Dövlət Universiteti məni ixtisaslı kadr kimi yetişdirmişdir. Ailəmə və Universitetin professor-müəllim heyətinə dərin minnətdarlığımı bildirirəm.”

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Orxan İsmayılov: “2017-ci ildə 604 balla Bakı Dövlət Universitetinin dünya iqtisadiyyatı ixtisasına (tədris ingilis dilində) qəbul olunmuşam. Dünyada baş verən proseslər və onların bir-biri ilə əlaqələri mənim hər zaman diqqətimi cəlb edib. Eyni zamanda müxtəlif şirkət və təşkilatların bu prosesdə hansı rol oynadıqlarını dərindən mənimsəmək istəmişəm. Ona görə ixtisas seçimim Bakı Dövlət Universiteti Beynəlxalq münasitbətlər və iqtisadiyyat fakültəsi olub.

Tələbələrə məsləhətim odur ki, İT, siyasət, coğrafiya, riyaziyyat və s. sahələr barədə dərindən məlumat  əldə etsinlər. Həmçinin, uğur qazanmaq üçün tələbənin fəaliyyəti ancaq universitet auditoriyası ilə yekunlaşmamalıdır. Tələbə aktiv sosial həyat sürməlidir. Mən təcrübə proqramlarında iştirak etmişəm, hətta Milli BMT Modeli Konfransı MilliMUN-da iştirak etmişəm. Həm işləmişəm, həm də boş vaxtlarımda dillərə marağım olduğuna görə tələbəlik zamanı İngilis, Yapon və Koreya dillərini də öyrənmişəm. Əlbəttə, dörd il hər şeyə nail olmaq üçün çox az bir müddətdir və mən daha da təkmilləşmək arzusu ilə yaşayıram. Müxtəlif konfranslar, müsabiqələr, görüşlər və s. tələbənin müxtəlif bacarıq və təcrübə əldə etməsinə böyük töhfə olur. Bir də deyərdim ki, professor-müəllim heyətinin dəstəyinə arxalansınlar. Onlar bizim köməyimizə çatmağa və bizlərə yol göstərmə həmişə hazırdırlar. Bizim fakültənin dekan müavinin dediyi kimi, fakültə rəhbərliyi və müəllim heyəti öncə bizim üçün ailə, sonra müəllim olmağa çalışırlar.”

Ekologiya və torpaqşünaslıq fakültəsinin məzunu Ramiz Qulamov: “Mən 2017-ci ildə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin ekologiya ixtisasına qəbul olunmuşam. Uşaqlıqdan təbiət, onun inkişafı, təkamül, flora və faunannın xüsusiyyətləri ilə maraqlanmışam. Böyüdükdə mən dünyadakı iqlim dəyişikliyi, flora və faunanın, su ehtiyatlarının məsuliyyətsiz şəkildə məhv edilməsini narahatlıqda izləmişəm. Universitetə qəbul olunandan əvvəl də fakültəmizin istedadlı və xeyirxah müəllimləri haqqında çox gözəl fikirlər eşitmişdim. Məhz buna görə də Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinə sənədlərimi verdim. Müəllimlərimizin bizə təqdim etdiyi materiallar,  onların geniş və hərtərəfli təqdimatı və çox çalışmağım sayəsində təhsilimi yüksək nəticə ilə başa vurdum. Buna görə Bakı Dövlət Universitetindəki bütün müəllimlərinə minnətdarlığımı bildirirəm.”

Jurnalistika fakültəsinin məzunu Pəri Abbaslı: “Məni Jurnalistika fakültəsinə gətirən 12 yaşımdan məndə olan jurnalistika həvəsi və arzusu idi. 4 il ərzində müəllimlərimdən maksimum çox şey öyrənmək, özümü yalnız praktikaya yox, həm də nəzəriyyəyə uyğunlaşdırmaq istəyirdim. Eyni zamanda gələcək qayğısı məni narahat edirdi, çünki iki xarici universitetə sənəd vermək istəyirdim. İmtahanlarıma var gücümlə hazırlaşmağımın əsas səbəblərindən biri də bu idi.

Tələbə yoldaşlarıma demək istəyirəm ki, dərslərin ağırlığı səbəbindən gəncliklərini stress və gərginlik altında keçirməsinlər. Həm yaxşı tələbə olub, həm də əyləncəli gənclik keçirməyin yolu mütləq ki var. Əsas odur ki, o yolu tapsınlar. Hazırda Facemark.az saytında jurnalist, redaktor vəzifəsində çalışıram. Tələbə olduğum dövr ərzində "3-cü mərtəbə", "Xod ver" radioverlişlərinin və "Atəşçalan Prometey" podkastının aparıcısı, "MUZA" elektron incəsənət jurnalının layihə meneceri, "3-cü küçə" bloqunun yazıçısı kimi fəaliyyət göstərmişəm. Jurnalistika fakültəsində oxuyan və oxuyacaq tələbələrə məsləhətim budur ki, nəzəriyyə ilə kifayətlənməsinlər, özlərini daim inkişaf etdirsinlər.”

Biz də Bakı Dövlət Universitetinin fəxri olan məzunlarını uğurları münasibəti ilə təbrik edir, bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər əldə etmələrini arzu edirik.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024