BDU-nun əlaçı məzunu: Burada oxumaq hər zaman mənim üçün qürurdur

13/07/2021

Ökənin ali təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetini (BDU) bu il 5963 tələbə bitirib. BDU-nun onların təhsil həyatındakı rolu və gələcək akademik və peşə fəaliyyətlərinə təsiri barədə 2020-2021-ci tədris ilini yüksək müvəffəqiyyətlə başa vuran magistr məzunlarla söhbət etdik. Magistrlər tələbəlik xatirələri və Universitetin onların həyatında necə iz qoyduğu haqqında öz təəssüratlarını bizimlə bölüşdü.

Kimya fakültəsinin məzunu Murad Bünyadzadə: “2015-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuşam. Kimya ixtisası üzrə ingilis dilində təhsil almışam.  BDU-nun 100 illik yubileyinə təsadüf edən 2019-cu ildə həmin ixtisası 96.97 bal ortalaması ilə bitirmişəm. Bakalavr səviyyəsini bitirdikdən sonra da təhsilimi doğma BDU-da davam etdirmək istədim. Elə həmin il BDU-nun Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasında ingilis sektoru üzrə Neft kimyası ixtisasına magistrant kimi qəbul olundum və bu il ortalama 99.97 balla məzun oldum. Universitetdə ümumilkdə 6 illik təhsilim boyunca qazandığım bütün uğurları daima mənə inanan və dəstək olan ailəmə və professor-müəllim heyətinə borcluyam. Onların mənə olan inam və ümidləri mənə daha da irəli getmək üçün stimul verib. İndi geriyə baxanda görürəm ki, təhsilim üçün BDU-nu və Kimya fakültəsini seçməklə çox düzgün qərar vermişəm. BDU-da ingilis dilində təhsil imkanları bizə həm də beynəlxalq aləmdə iş imkanlarına müraciət şəraiti yaradıb. Universitetdəki akademik mühit məni karyeramı akademik yöndə də inkişaf etdirməyə sövq etdi. Peşə ixtisasının praktiki tərəfini tətbiq etməklə bərabər akademik karyeramı da məhz BDU-da davam etdirmək istəyirəm. Mükəmməl təhsilim və uğurlu gələcəyim üçün BDU-ya minnətdarlığımı bildirirəm.”

Filologiya fakültəsinin məzunu Elnurə Pirəliyeva: “Azərbaycanın ilk və ən prestijli universitetində təhsil almaq bir çox abituriyentin arzusudur. Mən də abituriyent olarkən BDU-nun tələbəsi olmağı arzu edirdim. BDU-nun bakalavr və magistr pillələrində təhsil aldım. BDU tələbəsi olmaq həm çox şərəfli, həm də çox məsuliyyətlidir. Bu məsuliyyət hissi sadəcə tələbə olarkən deyil, məzun olduqdan sonra  da davam edir. Çünki çalışırıq ki, Universitetin bizə verdiyi təhsilə, dəyərlərə sahib çıxaq və onlardan öz xalqımıza fayda verəcək bir şəkildə istifadə edək. BDU-nun tələbəsi olmağın ən gözəl tərəflərindən biri də ikinci bir ailəyə sahib olmaqdır. Müəllimlərin tələbələrə səmimi münasibəti, onları öz övladı kimi sevməsi və dəyər verməsi, biz tələbələrin BDU kollektivini öz ailəmiz kimi görməsinə səbəb olur. BDU-nun məzunu olmağımla fəxr edirəm.”

Mexanika-riyaziyyat fakultəsinin məzunu Günay Məhərrəmova: “Ulu öndər Heydər Əliyevin ali təhsil aldığı universitetdə təhsil almaq mənim üçün çox qürurvericidir. Təhsil aldığım müddətdə mən nəinki təhsil, eyni zamanda gələcək həyatımda özümü reallaşdırmaq üçün  əhəmiyyətli təcrübə qazanmışam. BDU-da dərs deyən müəllimlərdən, eyni zamanda elmi rəhbərim professor Ziyatxan müəllimdən riyaziyyat  elminin dərinliklərini öyrəndiyimə görə özümü şanslı hesab edirəm. Gələcəyə aid bütün planlarım BDU ilə bağlıdır. Doğma, əziz universitetimdən ayrılmaq məni kövrəldir, amma deyə bilərəm ki, bu ayrılıq qısa müddətlikdir. Gələcəkdə elmi fəaliyyətimi  BDU-da davam etdirmək, xalqıma və universitetimə faydalı olmaq istəyirəm.”

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Turana Tağıyeva: "Abituriyentlik dövründən siyasi proseslərə və beynəlxalq münasibətlərə olan marağım məni bu ixtisasa yönəltdi. Hansı universitetdə təhsil alacağım barədə düşünərkən, mənim üçün ən perspektivli seçimin Bakı Dövlət Universiteti olduğu qərarına gəldim. Bakalavr təhsilimdən sonra magistr təhsilimi də mənim üçün doğma məkana çevrilən bu ali təhsil ocağında davam etdirdim. Seçimimdən peşman olmadım, bu 6 il mənə çox dəyərli insanlar, yeni möhkəm dostluqlar və artıq dostlarıma çevrilən müəllimlər, yeni biliklər qazandırdı. İxtisas biliyini tam mənimsəməmdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyətinin mühüm rolu olub. Beynəlxalq təcrübəyə yiyələnmək üçün xaricdə təhsillə bağlı müəyyən planlarım olsa da, gələcəkdə ölkəmizin inkişafına təkan verəcək kadrların formalaşmasına öz kiçik də olsa töhvəmi vermək istədiyimdən akademik fəaliyyətimi BDU-da davam etdirməyi düşünürəm."

Tarix fakültəsinin məzunu Nigar Abdulzadə: “Hələ orta məktəbdə oxuyarkən dərsliklərimin ilk səhifələrinə BDU yazdığımı xatırlayıram. Hansı ixtisasa yiyələnmək istədiyimə tam qərar verməmişdim, lakin o ixtisasa harada yiyələnəcəyim mənim üçün hələ o yaşlarımdan müəyyən idi. Mən qarşıma qoyduğum hədəfim üçün çox çalışıb, 2015-ci ildə Tarix fakültəsinə qəbul olundum və Fərqlənmə diplomu alaraq bakalavr təhsilimi uğurla başa vurdum. Məzun olduğum il magistraturaya qəbul olaraq, ali təhsilimi yenə BDU-da davam etdirmək qərarına gəldim və budur, fakültə birincisi olaraq bu dəfə də uğur əldə etdim. Tələbəlik ömrün ən unudulmaz illərindəndir. Mən BDU-da təhsil aldığım hər gün bu duyğunu qəlbdən hiss etdim. Qapısından içəri keçdiyim hər gün daşına-divarına ilk günkü kimi heyrətlə və fəxrlə baxdığım yer oldu. Mən bu əzəmətli məkanda ədalətli müəllimlər tanıdım, onlardan öyrəndim, gələcəkdə onlar kimi olmağı özümə hədəf seçdim. Beləliklə, BDU mənim biliyimin, dünyagörüşümün, bir şəxsiyyət kimi mənəvi keyfiyyətlərimin daha da zənginləşməsi üçün əvəzedilməz yerə çevrildi. Əgər məndən bu gün xoşbəxt tələbəliyin sirrini soruşsalar, heç düşünmədən belə cavablaram: “Sevərək seçdiyiniz ixtisasda və təhsil ocağında təhsil alın! Çünki bu, həyatın elə bir mərhələsidir ki, hər nə qədər çətinliklə üzləşsəniz də, öz seçimlərinizdən güc alıb, mübarizə apardığınız müddətdə sizi heç nə yora, peşman edə bilməz. Əskinə, bu yolda çəkilən hər əziyyət sizin üçün daha xoş olar”. Fəxr edirəm, çünki əldə etdiyim hər uğurumda daim BDU-nu hörmətlə, gülümsəyərək və səmimi qəlbdən gələn sonsuz minnətdarlıq hissi ilə yad edəcəyəm. Təşəkkür edirəm, BDU, mənə insanın öz seçimlərindən daha dəyərli heç nə olmadığını bir daha sübut etdiyin üçün!”

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024