BDU-nun magistr məzunları öz təəssüatlarını bölüşür: “Təhsil aldığımız müddətdə təhsilin əhəmiyyətini daha yaxşı dərk etdik”

10/08/2022

BDU-nun magistr məzunları öz təəssüatlarını bölüşür: “Təhsil aldığımız müddətdə təhsilin əhəmiyyətini daha yaxşı dərk etdik”

Bu il Bakı Dövlət Universitetindən (BDU) 5000-dək tələbə və magistrant məzun oldu. Yüksək göstəricilərlə BDU məzunu adını qazanan magistrlərin bir neçəsinin təəssüratlarını öyrəndik.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin magistr məzunu Jalə Xəlilova: “BDU-nun 2022-ci il məzunuyam. 2016-cı ildə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə təhsil almışam. 2020-ci ildə bakalavr təhsilimi bitirmişəm. Universitetdə dərslərin yüksək səviyyədə keçirilməsi, müəllimlərin tələbələrdə dərsə böyük maraq yaratması, təsadüfi deyil ki, magistr təhsilimi də məhz BDU-da almağa məni sövq etdi. 2020-ci ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin riyaziyyat ixtisasının “Diskret sistemlər” ixtisaslaşmasına daxil oldum. Universitet sayəsində çox dəyərli və öz sahələrində peşəkar müəllimlər tanıdım. Müəllimlərimizin böyük həvəslə tədris etdiyi fənləri çox böyük həvəslə öyrəndim. Dönüb arxada qoyduğum altı ilə baxdığım zaman universitet həyatımın hər anını doya-doya yaşadığımın fərqinə varıram. BDU-ya qəbul olmaq mənim uşaqlıq arzum idi. Nə xoş ki, bu arzu indi bir unudulmaz xatirəyə çevrilib. Azərbaycanın ilk ali təhsil ocağının məzunu olmaq çox özəl və möhtəşəm bir hissdir, yaxşı ki, mən də BDU-nun məzunuyam.

Hər bir gəncin həm tərbiyə, həm təlim-tədris cəhətdən formalaşmasında və cəmiyyətdə nümunəvi şəxsiyyət kimi yetişməsində universitetin rolu böyükdür. Ölkənin ən nüfuzlu Universiteti olan BDU-nu fərqlənmə diplomu ilə bitirmək həqiqətən də çox qürurvericidir. Universitetdə təhsil aldığımız müddətdə çalışmağın önəmini daha yaxşı dərk etdik, oxuduq, öyrəndik, imtahanları uğurla başa vurduqda sevincdən yerə-göyə sığmadıq. Və ən əsası Ümummilli Liderimiz Heydər Əliyevin təhsil aldığı Universitetdə təhsil almaq mənim üçün böyük bir şərəfdir. BDU-da 6 illik təhsil həyatımda öyrəndiklərimin gələcəkdə mənə yeni uğurlar və nailiyyətlər qazandıracağına əminəm.”

Tarix fakültəsinin magistr məzunu Suqra Orucova: “Azərbaycanın ən qocaman ali təhsil ocağı BDU-da tələbə olduğum üçün qürur duyuram. Mən həm bakalavr, həm də magistr təhsilimi bu universitetdə almışam. Təhsil aldığım müddətdə BDU mənə bir çox uğur qazandırdı. İlk öncə mühüm biliklərə yiyələnmiş və Azərbaycanın bir çox görkəmli alimlərindən dərs almışam. Həqiqətən, bu illər ərzində sosial çevrəm çox dəyişdi, yeni dostlar qazandım, bu günə qədər də əlaqələrimiz davam edir. Bakı Dövlət Universitetində konfranslar keçirilən zaman könüllü olduğum dövrdə bir çox xarici alimlərlə tanış oldum və bu tanışlıq məndə təhsilə yeni baxışların yaranmasına səbəb oldu, hətta, deyə bilərəm ki, yeni fikir formalaşdırdı. BDU mənim dünyagörüşümün formalaşmağında böyük rol oynadı. Başda universitet rəhbərliyi olmaqla bütün müəllimlərimə və tələbə yoldaşlarıma göstərdikləri dəstəyə görə təşəkkür edirəm.”

Şərşünaslıq fakültəsinin magistr məzunu Jalə Səmədova: “Regionda Şərq dillərini fundamental şəkildə öyrədən BDU-nun Şərqşünaslıq fakültəsinin məzunu olmaq çox qürurvericidir. Bakalavr pilləsini bitirdikdən sonra elə həmin il magistr təhsilimi davam etdirdim. Təhsilim zamanı dərslərlə yanaşı ictimai, sosial sahədə aktivlik göstərərək diplomatiya sahəsində nəzəri və praktiki biliklərə yiyələndim, səfirlərlə görüş, xarici vətəndaşlarla ünsiyyətin qurulması, tədbir və konfrans zamanı çıxışlar məndə yeniliklərə açıq olmağımı, emosional intelektimi artırdı.Düşünürəm ki, yeni dostlar, yeni sosial sfera, təcrübələr, xoş xatirələr ömrümüzün sonuna qədər bizimlə olacaq və gələcək karyeramızın formalaşmasında böyük rol oynayacaq. Əlbəttə bu uğurların əldə edilməsində doğma universitetimin rolu əvəzedilməzdir. Əziz BDU ailəsi, hər birinizə ayrı-ayrılıqda öz minnətdarlığımı bildirirəm.”

Hüquq fakültəsinin magistr məzunu Adil Əliyev: “Ölkəmizin ən qədim və ən böyük ali təhsil ocağı olan BDU-nun məzunu olmaqdan böyük fəxarət hissi duyuram.

BDU-da təhsil aldığım illər  həyatımın ən unudulmaz, maraqlı və macəralı illəridir. Doğma universitetim mənə çoxsaylı dostlar, xoş xatirələr, hüquq sahəsində professional bilik və bacarıqlar qazandırdı. Universitetdə tələbəlik illəri elə də asan olmasa da, amma sözün əsl mənasında dəyərlidir. Hər bir insan bu illərin mənasını zaman keçdikcə daha yaxşı anlayır. Qeyd edim ki, keçmiş 1-ci dərəcəli şahmatçı kimi Hüquq fakültəsi mənim strateji və analitik düşünmə qabiliyyətimi daha da inkişaf etdirdi. Universitetdə təhsil aldığım dövrdə geniş könüllülük fəaliyyətimin sonradan mənə çox faydası olacaq.

Sevindirici məqamdır ki, mən Hüquq fakültəsinin 2016-cı ildə bakalavr, 2022-ci ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişəm. Bu böyük uğurun əldə edilməsində başda BDU-nun Biologiya fakültəsinin 1996-cı il məzunu olmuş əziz anama, universitet rəhbərliyinə və müəllimlərimə, mənim hüquqşünas kimi formalaşmağımda əməyi keçmiş bütün insanlara dərin minnətdarlığımı bildirirəm.”

Jurnalistika fakültəsinin magistr məzunu Kənan Novruzov: “BDU, altı il orada olduğum, ikinci ailəmə çevrilən Jurnalistika fakültəsi haqqında saatlarla danışa bilərəm. Bu təhsil müəssisəsinin, qazandığım dostların, müəllimlərin, yaşadığım təcrübələrin həyatımda xüsusi yeri var. Bakalvr təhsil pilləsindən məzun olanda universitetimin 100, fakültəmin 50 yaşı var idi. Həmin vaxt bu yubileylərlə bağlı “Elə bir ailədənəm ki...”adlı kitab hazırladım. Kitabda BDU-ya, fakültəmə ikinci dəfə qovuşacağım barədə söz vermişdim. Şükür, vədimi yerinə yetirə bildim və doğma məkanda magistratura təhsili də ala bildim. Hələ də son olduğunu düşünmürəm. Çünki bunu istəmirəm. Ümid edirəm, bu dəfə əməkdaş kimi BDU-ya, fakültəmə qayıda bilərəm. Müəllimlərimə minnətdaram. Bütün müəllimlərimin üzərimdə xidmətləri var. Həmişə etimadlarını doğrultmağa çalışacağam. Sizə bir də qovuşmaq ümidilə, əziz BDU, doğma Jurnalistika fakültəsi!”

 

Hazırladı: Nərminə Əsədova

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024