BDU-nun magistrantları qış imtahan sessiyası haqqında danışır
Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası uğurla davam edir.
İmtahan sessiyasının təşkili və idarə olunması barədə BDU-nun magistrantlarının fikrini öyrəndik:
Fizika fakültəsinin I kurs magistrantı Yaqut Ağacanova: “Pandemiya dövründə davam edən distant təhsildən sonra tələbələr artıq ənənəvi təhsilə adaptasiya olmağa başlayıblar. İmtahanlar öncəsi qismən ənənəvi dərslərdə iştirak etmək tələbələrdə keçilən fənlər haqqında müəyyən təsəvvür yaradır, həmçinin müəllim və tələbər arasında ünsiyyət canlı formada həyata keçirilir. Canlı ünsiyyət öz növbəsində tələbələrin qavrama və öyrənmə bacarıqlarını daha da inkişaf etdirir.
Yanvar ayında başlayan imtahanlar öz axarı ilə davam edir. Həm tələbələr, həm də müəllimlər üçün bu cür imtahan forması şəffaf hesab olunur. Bütün tələbələr biliklərini məhz ənənəvi imtahanlarda daha yaxşı şəkildə nümayiş etdirə bilirlər. Hal-hazırda davam edən imtahanları universitet rəhbərliyinin daim diqqətindədir. İmtahanlarda yüksək nəticə əldə etmək üçün tələbələr fənn materiallarını dərindən mənimsəməyə çalışırlar. Artıq 2 imtahanımdan yüksək nəticə əldə edərək, növbəti imtahanlara da eyni motivasiya və məqsədlə hazırlaşıram. Ümid edirəm ki, bu hal əksər tələbələr üçün keçərlidir. Müəllimlər həm distant, həm də ənənəvi təhsildə biz tələbələrə böyük həvəslə dərs keçdilər. Onların bizə olan inamlarını doğrultmaq bizim üçün önəmli öhdəlikdir.”
Filologiya fakültəsinin I kurs magistrantı Bəsti Səttarova: “Sonuncu dəfə 2020-ci ilin yanvar ayının sonu ənənəvi imtahanda bu hissləri BDU-nun 3-cü kurs bakalavr tələbəsi kimi keçirmişdim. İndi isə Universitetin 1-ci kurs magistrantı olaraq yenidən həmin hissləri yaşayıram, imtahan sessiyasına uğurla davam edirəm. Bu çox gözəl haldır, çünki yeni yoldaşlarla doğma auditoriyalarda əvvəlki həyəcanları yaşayıram. Əvvəlcə düşünürdüm ki, 2 saat müddətində bildiklərimi imtahan vərəqlərində əks etdirmək mənim üçün çox çətin olacaq. Lakin bu zaman müddəti ilə bağlı hər şey nəzərə alınıb qərar verilmişdir, bu da ədalətlidir. Yazılarımızın obyektiv yoxlanılması və operativliyin təmin olunması tələbələr üçün əsl xoşbəxtlikdir. İmtahan sessiyasının iştirakçılarına uğurlar arzu edirəm”.
Jurnalistika fakültəsinin I kurs magistrantı Nurlan Şirəliyev: “Bilirsiniz ki, imtahanlarımız yazılı və şifahi şəkildə keçirilir. Ənənəvi tədrisə keçid məni sevindirir. Həm də imtahanlara daha yaxşı hazırlaşmaq şansım oldu. İmtahanın gedişindən çox məmnunam. Dərslərin və imtahanların ənənəvi təşkil olunması professor-müəllim heyətini də sevindirir. Dərslərə həftədə iki dəfə “Blackboard” elektron platforması üzərindən, bir dəfə isə ənənəvi şəkildə davam etdirdik. Bu metodla tələbələrə elmi-metodiki köməyin göstərilməsi, onların zəruri məlumatlarla təmin olunmasını daha da əlverişli edir.”
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs magistrantı Nuranə Pənahlı: “Fikrimcə, bu il tədrisin və imtahanların ənənəvi şəkildə olması biz tələbələr üçün çox müsbət bir haldır. Son 2 ildə tədrisin və imtahanların məsafədən təşkili professor-müəllim heyətinin səylərinə baxmayaraq riyazi ixtisaslar üzrə təhsil alan tələbələrdə çətinliklər yaratdı. Lakin bunların öhdəsindən texniki və kommunikativ bacarıqlarımızı inkişaf etdirərək məharətlə gəldik. Artıq bu semestr imtahanlar ənənəvi formada keçirilir. İmtahan prossesinin şəffaflığı müəllim-koordinatorlar tərəfindən təmin olunur. Dəslərimizin hibrid formada təşkili bilik və bacarıqlarımızın inkişafına uzun sürən onlayın təhsildən sonra öz töhfəsini verir.”
Hazırladı:
Nərminə Əsədova
Gülabə Məmmədzadə