BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin həmtəşkilatçılığı ilə Respublika konfransı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi, Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın memarıdır” mövzusunda Respublika konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Tədbir Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilib. Əvvəlcə Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Qarabağ Zəfərinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov konfrans iştirakçılarını salamlayaraq Prezident İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin, ideyalarının uğurla həyata keçirildiyini vurğulayıb, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və bir gündən də az davam etmiş lokal antiterror əməliyyatları ilə hərb tariximizin yeni və şanlı salnaməsini yazdı. 44 günlük Vətən müharibəsi günlərində rayon əhalisinin göstərdiyi fədakarlıqdan bəhs edən natiq bildirib ki, Vətən müharibəsi dövründə məkrli düşmən Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb: “Vətən müharibəsində rayon sakinlərindən 46 hərbi qulluqçu şəhid olub, 57 hərbi qulluqçu yaralanaraq sağlamlığını itirib. 1554 Vətən müharibəsi veteranımız var”. Müstəqim Məmmədov “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfransın əhəmiyyətini vurğulayaraq Ümummilli Lider Heydər Əliyevin məzunu olduğu, ölkəmizin və regionun lider ali təhsil müəssisəsi olan BDU ilə Tərtər Rayon İcra Hakimiyyətinin əlaqələrindən bəhs edib, 2023-cü ilin aprel ayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Universitetlə birgə təşkil edilmiş silsilə tədbirləri bir daha xatırladıb.
Sonra BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, həmin kafedranın dosenti Rasim Süleymanov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova konfransın mövzusuna uyğun məruzələrlə çıxış ediblər.
Tədbirdə BDU Elmi Şurasının qərarı ilə nəşr edilmiş “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı” Tərtər Rayon İcra Hakimiyyətinə hədiyyə olunub.
