BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Liseyin xorunun təqdimatında sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan “Çırpınırdi Qara dəniz” mahnısı səsləndirilib.
Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Abuşova Əhməd Cavadın həyat və yaradıcılığı barədə məlumat verib. Vurğulayıb ki, Əhməd Cavad Vətəninə, elinə, bütövlükdə Türk dünyasına bağlı əsl mücahid olub. Türkçülüyə sevgisinə görə Vətən sevdalı şair 1937-ci ildə sovet ideoloqlarının amansız repressiyasının qurbanı olub.
Əhməd Cavad fəaliyyəti ilə dövlətçiliyimizin, ədəbiyyatımızın tarixi yaddaşına əbədi yazılıb.
Böyük ziyalının qohumu, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Rəfiqə Abbasova çıxışında xalqımızın müstəqilliyi uğrunda canından keçmiş Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən söz açıb. O, görkəmli şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu yolundakı fəaliyyətinin bütün nəsillər üçün hər zaman örnək olduğunu qeyd edib.
Liseyin direktoru Arif Bağırov, şair, publisist Nəcibə İlkin çıxışlarında gənc nəslin Əhməd Cavad yaradıcılığını öyrənməsinin əhəmiyyətindən danışıb, təhsil müəssisələrində belə tədbirlərin mütəmadi keçirilməsini təklif ediblər.
Daha sonra Liseyin şagirdlərinin ifasında Əhməd Cavadın yaradıcılığına həsr olunmuş bədii kompozisiya nümayiş etdirilib.