BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Gələcəyin şəhəri” adlı “Son zəng” tədbiri keçirilib.
Universitetin rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Rektor qeyd edib ki, “Gənc istedadlar” liseyi artıq 20 ilə yaxındır ölkəmizin elm və təhsil həyatına dəyərli töhfələr verir. Liseyin şagirdləri hər il müxtəlif beynəlxalq və yerli olimpiada və müsabiqələrdə uğurla çıxış edirlər. Bu il liseyin XI sinif şagirdi Elman Kərimli kimya fənni üzrə Respublika Fənn Olimpiadasının qızıl medalçısı olmaqla yanaşı, 60-cı Mendeleyev Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazanıb. IX sinif şagirdi Fidan Həşimova kimya fənni üzrə Respublika Fənn Olimpiadasında qızıl, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında bürünc medal əldə edib. IX sinif şagirdi Alikamal Həsən riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasının gümüş medalçısı olmaqla yanaşı, Avropa Riyaziyyat Kubokunda da eyni mükafata layiq görülüb. Liseyin XI sinif şagirdi Ayan Abbasova Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində I yerə layiq görülüb və I dərəcəli diplomla təltif olunub. “Gənc istedadlar” liseyinin şagirdləri 2025/2026-cı tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarında 3 qızıl, 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 11 medal qazanıblar.
Rektor liseyin məzunlarının yüksək nəticələr göstərərək ölkəmizin adını daim yüksəldəcəklərinə əminliyini bildirib: “Məzunlarımız həmişə fəxr edəcəklər ki, məhz BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin yetirməsidirlər. Bu, onların sonrakı həyatında əhəmiyyətli rol oynayacaq”.
Bu il təhsil müəssisəsini 61 məzun bitirir. Onlardan 6-sı qızıl medala namizəddir. 27 nəfər isə liseyi fərqlənmə attestatı ilə başa vurur. Liseyin IX sinfini isə 65 nəfər bitirir. Onlardan 39-u fərqlənmə attestatı almağa namizəddir.
Tədbirdə tədrisdə fərqlənən, olimpiadalarda yer tutan şagirdlərə, liseyin qabaqcıl müəllimlərinə təşəkkürnamələr təqdim olunub.
Sinif rəhbərləri çıxışlarında məzunlara tezliklə tələbə adı qazanmağı və uğurları ilə ölkəmizin adını hər zaman ucaltmağı arzu ediblər.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.












