BDU-nun Qazax filialında ulu öndərə həsr olunmuş anım tədbiri keçirilib

10/12/2018

Bakı Dövlət Universitetinin Qazax filialında ulu öndər Heydər Əliyevin vəfatının növbəti ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Universitetin Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim və tələbə heyəti iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin filialın foyesində yerləşən büstü önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən slayd nümayiş etdirilib. BDU Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin tarixindəki yeri və əhəmiyyəti barədə danışıb. Bildirib ki, ulu öndərin apardığı müdrik, təmkinli və qətiyyətli siyasət nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin edildi. Xalqın öz rəhbərinə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə olan ümidləri daha da gücləndirdi. Direktor müavini qeyd edib ki, ümummilli liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial-iqtisadi, eləcə də humanitar sahələrdə əldə olunmuş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir.

Filialın ictimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin həm də dünya şöhrətli siyasətçi olmasından söz açıb. Qeyd edib ki, Azərbaycana rəhbərlik etdiyi dövrdə ulu öndər var-qüvvəsini və bacarığını ölkənin yüksəlişinə həsr edərək, nəhəng quruculuq işlərinin təşəbbüskarı olub. Onun zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində ölkədə vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi.

Universitetin ictimai və təbiət fənləri kafedrasının müəllimi İmran Məmmədov, tarix və coğrafiya müəllimliyi ixtisasının I kurs tələbəsi Laura İsmayılova və başqaları çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açıblar. Müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhv olması təhlükəsi yarandığı zaman yalnız ümummilli lider Heydər Əliyevin xalqı bu bəladan xilas etdiyini və möhkəm sütunlar üzərində müstəqil Azərbaycan dövlətini qurduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunub.

Elçin İSMAYIL,

BDU-nun Qazax filalının Mətbuat Mərkəzinin rəhbəri.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024