BDU-nun rektoru Abel Məhərrəmova medianın “Xüsusi Rəğbət” mükafatı verilib
Bu gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova medianın "Xüsusi rəğbət” mükafatı təqdim edilib. Mükafat Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü münasibətilə Modern.az portalı və Sosial İnformasiya Agentliyi tərəfindən təsis olunub.
Mükafatın təqdimat mərasimində bildirilib ki, Azərbaycanda elm və təhsilin inkişafında, elmi nailiyyətlər qazanılmasında və ixtiralar edilməsində, dünyəvi düşüncənin təbliğində, yeni texnologiyaların tətbiqində, ölkənin müstəqilliyinin möhkəmləndirilməsində və tanıdılmasında ciddi rolu olan, həmçinin KİV-lə effektiv əlaqələr qurmuş tanınmış şəxslərə verilməsi nəzərdə tutulur. Azərbaycanda bu dəyərlərə malik ziyalı, tanınmış elm və təhsil xadimi çox olduğu üçün seçim çətin olub. O da bildirilib ki, bu il bir sıra keyfiyyətlərinə görə fərqlənən, müəllimlərin yaş həddi ilə bağlı Milli Məclisdə aparılan müzakirələr zamanı xüsusi fəallıq göstərən Abel Məhərrəmov jurnalistlərin diqqətini daha çox cəlb edib və onun namizədliyi digər namizədlərlə birgə münsiflər heyətinə təqdim olunub.
Münsiflər heyətində AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, təhsil nazirinin müavini Elmar Qasımov, deputat Qənirə Paşayeva, «Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqa tanınmış şəxslər təmsil olunub.
C.Məmmədli qeyd edib ki, münsiflər heyəti bu qərara gələrkən A.Məhərrəmovu Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətlərinə, ali məktəblərdə innovasiyaların, nanotexnologiyaların tətbiqi, texnoparkların yaradılması üçün irəli sürdüyü təşəbbüslərə, KİV-lə effektiv əlaqələrinə görə fərqləndirib.
Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, akademik Vasim Məmmədəliyev, təhsil nazirinin müavini Elmar Qasımov, millət vəkili Sabir Rüstəmxanlı, YAP-ın icraçı katibi Əli Əhmədov və digər şəxslər A.Məhərrəmova təbriklərini çatdırıblar. Tədbirdə BDU rektoru haqqında 12 dəqiqəlik film də nümayiş etdirilib.
Mətbuat və İnformasiya şöbəsi, 12 iyul 2011-ci il.