BDU-nun rektoru: Milli mətbuatımız şərəfli missiyasını yüksək peşəkarlıqla davam etdirir
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabi tərəfindən ölkəmizdə anadilli ilk mətbu orqanı - “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. İyirmi beş aylıq fəaliyyəti dövründə 56 buraxılışı işıq üzü görmüş “Əkinçi” qısa müddət ərzində milli mətbuatımızın təməl daşına çevrildi. Az müddətdə həm ziyalılar, həm də sadə insanlar arasında böyük nüfuz qazanmış “Əkinçi”nin milli mətbuatımızın təşəkkül tapmasında, cəmiyyətdə demokratik ideyaların bərqərar olmasında və maarifçiliyin inkişafında əvəzsiz rolu olmuşdur. Xalqımızın yazıçı və şairləri, görkəmli ədiblər və tanınmış ziyalılar, kəsərli söz və iti qələm sahibləri qəzetlə sıx əməkdaşlıq etmiş, bu mətbu orqanın səhifələrində mütəmadi olaraq maraqlı və faydalı yazılarını oxucularla bölüşmüşlər. Lakin əhalinin maariflənməsində maraqlı olmayan, milli şüurun oyanışına qarşı çıxan çar Rusiyası qəzetin ictimai-siyasi proseslərə daha yaxından bələd olmaqla yanaşı, bu proseslərə təsir imkanlarından çəkinərək onun nəşrini dayandırmağa nail olmuşdur. Amma bu addım müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatının inkişafını dayandıra bilmədi.
Azərbaycan xalqının milli oyanış salnaməsinə adı əbədi həkk olunmuş “Əkinçi”dən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar Zərdabinin ideyalarını davam etdirərək anadilli milli mətbuat tariximizin mühüm səhifəsinə çevrildi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “Azərbaycan milli mətbuatı – 150” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Ötən əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yarandı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratik inkişafın, vətəndaş cəmiyyəti quruculuğunun dövlət siyasətinin başlıca istiqamətinə çevrildiyi dövrdə söz azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırılmasına başlanıldı, medianın fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi, milli mətbuatın hərtərəfli inkişafına münbit şərait yaradıldı. 1998-ci ilin avqustunda Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı əsasında ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi ilə Azərbaycan milli jurnalistikası yeni inkişaf mərhələsinə qədəm qoymuş oldu.
Ulu Öndər Heydər Əliyev Azərbaycan mətbuatının inkişaf tarixini layiqincə dəyərləndirərək demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”.
Xüsusi olaraq qeyd edilməlidir ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman məhz Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb. “Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi” haqqında 2000-ci il 27 mart tarixli Fərmana əsasən, ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub.
Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli, o cümlədən milli mətbuatın yubileylərinin geniş qeyd olunması, media orqanlarına birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. Bu tədbirlər ölkə mətbuatına və mətbuat işçilərinə göstərilən dövlət qayğısının tərkib hissəsi, ölkə başçısının milli jurnalistikaya münasibətinin bariz nümunəsidir.
Ulu Öndərin ölkə mətbuatına və mətbuat işçilərinə göstərdiyi yüksək diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu davamlı diqqət və siyasi iradə nəticəsində media sahəsində mühüm dəyişikliklər baş verib, mətbuatın müasir tələblərə uyğun şəkildə inkişafı üçün əsaslı zəmin formalaşıb. Müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranıb. Köklü islahatlar nəticəsində ölkədə söz azadlığının təmin edilməsi, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının möhkəmləndirilməsi, mətbu orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi, onların sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılıb.
Zəngin tarixi boyu Azərbaycan mətbuatı özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. İctimai həyatın hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi müasir dövrümüzdə biz Azərbaycan mediasında ciddi keyfiyyət dəyişikliklərinin şahidiyik. Zəngin ənənələrə malik Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Hazırda respublikada 5000-dən artıq qəzet və jurnal nəşr olunur, internet qəzetçilik sürətlə inkişaf edir.
Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı və “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ölkə mətbuatının inkişafına ciddi təkan verib. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Mətbuat orqanlarına mütəmadi olaraq maliyyə vəsaitinin ayrılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, media nümayəndələrinin yaradıcı əməyinin stimullaşdırılması, ölkə rəhbərinin mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün yaşayış binalarının inşası və onların müasir və rahat mənzillərlə təmin edilməsi dövlətimizin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Dövlətimizin mətbuat sahəsinə göstərdiyi bu diqqət və qayğı, xüsusilə Vətən müharibəsi zamanı media nümayəndələrinin misilsiz xidmətləri ilə daha önəmli hala gəlib.
Beş il öncə Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda 44 günlük Vətən müharibəsində bütün dünyaya ədalətin bərpasını nümayiş etdirdi. Dövlətimizin və xalqımızın tarixinə qızıl hərflərlə əbədi həkk olmuş, Müzəffər Ali Baş Komandanın qətiyyəti, rəşadətli əsgər və zabitlərimizin canı və qanı hesabına qazanılmış Qələbənin əldə edilməsində igid hərbçilərlə yanaşı, media nümayəndələrinin, xüsusilə hərbçi jurnalistlərin xidmətləri danılmazdır. Vətən müharibəsi və xüsusi hərbi əməliyyatların keçirildiyi dövrdə Azərbaycan mediası dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin haqq və ədalətin bərpası uğrunda bu qanlı savaşın gedişi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb, fədakarlıq və qətiyyət, mərdlik və cəsarət nümayiş etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il aprelin 25-də “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.
Bu gün artıq ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın işğaldan azad olunmuş, genişmiqyaslı quruculuq və bərpa işlərinin vüsət aldığı şəhərlərində, xüsusilə Xankəndidə və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada beynəlxalq tədbirlər keçirilir və bu möhtəşəm tədbirlər çərçivəsində milli mətbuatımız öz şərəfli missiyasını yüksək peşəkarlıqla davam etdirir.
Şuşa Qlobal Media Forumu vasitəsilə Azərbaycan informasiya sahəsində qlobal dialoqu təşviq etmək və ədalətli informasiya siyasətinin formalaşmasına töhfə vermək əzmində olduğunu bir daha nümayiş etdirdi və qlobal informasiya siyasətində öz haqlı və ədalətli mövqeyini dünyaya çatdıra bildi.
Azərbaycan mediasının inkişafında, ilk növbədə, yüksəkixtisaslı və peşəkar kadr hazırlığı böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə Bakı Dövlət Universiteti (BDU) xüsusi rol oynayır. Ölkəmizdə jurnalistika təhsilinin əsası ilk olaraq 1928-ci ildə məhz BDU-da qoyulub. Bütün mediada olduğu kimi, bu gün jurnalistika təhsilində də yeni yanaşmalar, medianın yeni meyilləri nəzərə alınır. Yeni təlim texnologiyaları tətbiq olunur, təcrübi biliklərin öyrədilməsinə üstünlük verilir, tədris prosesinə mediada çalışan peşəkarlar cəlb olunur.
Universitetin Jurnalistika fakültəsində həm də ciddi elmi araşdırmalar aparılır. Elmi tədqiqatların əsas istiqamətləri müasir dövr Azərbaycan jurnalistikasının aktual problemlərinin öyrənilməsindən, televiziya və radiojurnalistikanın inkişaf perspektivlərinin müəyyən edilməsindən, Azərbaycanın mətbuat tarixinin araşdırılmasından, beynəlxalq jurnalistikanın əsas istiqamətərinin tədqiqi və təhlilindən ibarətdir.
BDU-da ali jurnalistika təhsili bakalavr və magistratura səviyyələri üzrə Azərbaycan (əyani və qiyabi), rus (əyani) və ingilis (əyani) dillərində aparılır. Tədris aparan 32 müəllimdən 7-si elmlər doktoru, professor, 18 nəfəri isə fəlsəfə doktoru, dosentdir. Bakalavriat səviyyəsində 600-ə qədər, magistratura səviyyəsində 46 tələbə təhsil alır, 7 doktorant, 35 dissertant elmi-tədqiqat işləri üzərində çalışır.
2020-ci ildə BDU-da Jurnalistika fakültəsinin professor-müəllim heyəti və ölkəmizin nüfuzlu jurnalistlərinin iştirakı ilə “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsi həyata keçirilib, layihə çərçivəsində "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Vətən müharibəsi yerli və xarici mediada” və “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” kitabları nəşr edilib.
2025-ci il mayın 14-16-da BDU və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində Türkiyənin müxtəlif ali təhsil müəssisələrindən və media subyektlərindən olan nümayəndələrin ustad dərsləri təşkil edilib, “Milli mətbuat tarixi auditoriyası” açılıb, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və BDU-nun yeni təsis etdiyi “Media problemləri” jurnalının təqdimat mərasimləri keçirilib.
Son illər BDU-nun Jurnalistika fakültəsində auditoriyaların müasir tələblər səviyyəsində yenilənməsi və onların zəruri avadanlıq, tədris vəsaitləri ilə təchiz olunması ənənəyə çevrilib. Bu sırada fakültədə Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, “ARB24” televiziyasının xüsusi otaqlarının, “Xalq qəzeti”nin “Debat otağı”nın yaradılması xüsusilə önəmlidir. Bu məkanların hər biri gələcəyin jurnalistləri üçün nəzəri biliklərin təcrübədə tətbiqi baxımından əvəzsiz rol oynayır, tələbələrin dövlətin informasiya siyasəti ilə daha yaxından tanış olmaları, medianın aktual məsələlərinə, informasiya təhlükəsizliyinə dair peşəkar mütəxəssislərin iştirakı ilə canlı müzakirələrin aparılması üçün zəruri şərait yaradır.
Milli mətbuatımızın yubileyi ərəfəsində baş tutmuş əlamətdar hadisələrdən biri iyulun 15-də Bakı Kitab Mərkəzində BDU ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əməkdaşlıq müqaviləsinin imzalanması oldu. Tədbir çərçivəsində BDU və İİTKM-in birgə hazırladıqları “İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirildi. Hesab edirik ki, birgə əməyin məhsulu olan və ölkəmiz üçün peşəkar jurnalistlərin hazırlığı işində faydalı ola biləcək bu dərs vəsaiti hər iki təşkilatın Azərbaycan milli mətbuatının 150 illik yubileyinə önəmli töhfəsidir.
Ümummill Lideri Heydər Əliyevin məzunu olduğu və “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti və milli iftixarı” kimi yüksək dəyərləndirdiyi BDU-da son illərdə aparılan islahatlar və infrastruktur dəyişiklikləri, təhsildə və elmi araşdırmalarda keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində atılan addımlar müxtəlif ixtisaslar, o cümlədən jurnalistika üzrə yüksəkixtisaslı kadr hazırlığında yeni nailiyyətlərin əldə edilməsinə zəmin yaradır. Jurnalistika fakültəsində tədris proqramlarının müasirləşdirilməsi, rəqəmsal media bacarıqlarının tədrisə inteqrasiyası və tələbə təşəbbüslərinin dəstəklənməsi kimi islahatlar isə medianın dəyişən çağırışlarına uyğun peşəkar jurnalistlərin yetişməsində mühüm rol oynayır.
Qədim tarixə və zəngin ənənələrə malik olan, yeni reallığa qədəm qoymuş Azərbaycanda müasir cəmiyyətin aynasına çevrilən milli mətbuatımız bu gün yeni inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətimizin media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir, hər bir qələm sahibinə Azərbaycan mətbuatının tərəqqisi naminə şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.