BDU-nun rektoru Türkiyə Respublikasının rektorlardan ibarət nümayəndə heyəti ilə görüşüb

11/03/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə  Türkiyənin Tokat Qaziosmanpaşa Universitetinin rektoru professor Bünyamin Şahin, Beynəlxalq Balkan Universitetinin rektoru professor Mehmet Dursun Erdem, “Sıla” şirkətinin müdiri Harun Yurdakul və Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Gözde Çolak iştirak ediblər.

Qonaqları salamlayan BDU-nun rektoru Elçin Babayev Türkiyə-Azərbaycan qardaşlığının çox yüksək səviyyədə olduğunu qeyd edib. 103 yaşlı BDU-nun Azərbaycanın ən böyük və ilk universiteti olduğunu vurğulayan Elçin Babayev bildirib ki, son zamanlar Universitetin elektronlaşdırılması, elmi nəticələrin tətbiqi və kommersiyalaşdırılması istiqamətində böyük işlər görülür. BDU-nun strukturu barədə məlumat verən rektor bildirib ki, Universitetdə elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. BDU-da Fizika problemləri və Tətbiqi-riyaziyyat elmi-tədqiqat institutları fəaliyyət göstərir: “BDU-da multidissiplinar elmlər üzrə institutların yaradılmasında da maraqlıyıq. BDU tədqiqat universiteti adını almağa hazırlaşır”.

Rektor Türkiyə universitetləri ilə əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib: “Türkiyə universitetləri ilə “Erasmus”, “Mövlanə” mübadilə proqramları çərçivəsində əməkdaşlığa, ikili diplom proqramlarına çox üstünlük veririk. Türkiyə universitetləri ilə birgə tədqiqatlar apara, akademik heyətin və tələbələrin mübadiləsini həyata keçirə bilərik”.

Elçin Babayev Beynəlxalq Balkan Universitetində Azərbaycan kafedrasının, Tokat Qaziosmanpaşa Universiteti ilə isə birgə ortaq elm-tədris qurumu yaradılmasını təklif edib.

Beynəlxalq Balkan Universitetinin rektoru professor Mehmet Dursun Erdem isə qeyd edib ki, Azərbaycanda 7-ci Sosial Elmlər Konqresi keçiriləcək. Konqresdə Avropadan, Türkiyədən, Orta Asiyadan, digər ölkələrdən alimlər iştirak edəcəklər. Azərbaycanın Qarabağ zəfərinin türk dünyasında böyük sevinc yaşatdığını vurğulayan Mehmet Dursun Erdem Sosial Elmlər Konqresi çərçivəsində elmi müzakirələrlə yanaşı, Qarabağla bağlı həqiqətlərin də alimlərin nəzərinə çatdırılacağını vurğulayıb. O, BDU alimlərini Konqresin işində aktiv iştiraka dəvət edib.

Tokat Qaziosmanpaşa Universitetinin rektoru professor Bünyamin Şahin də öz növbəsində rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib, BDU ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

Görüşdə hər iki universitetlə gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Beynəlxalq Balkan Universiteti və ADA Universitetinin birgə təşkilatçılığı ilə bu ilin 2-4 iyun tarixlərində Azərbaycanda INCSOS 7-ci Qarabağ Beynəlxalq Sosial Elmlər Konqresi keçiriləcək. Tədbir Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın himayəsi ilə keçirilir.

Konqresə hazırlıq çərçivəsində Beynəlxalq Balkan Universitetinin rektoru professor Mehmet Dursun Erdem, Tokat Qaziosmanpaşa Universitetinin rektoru professor Bünyamin Şahin Azərbaycanda səfərdədirlər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024