BDU-nun rektoru Universitetin kollektivi adından Prezident İlham Əliyevə müraciət ünvanlayıb

12/11/2020


Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!


Bu gün Sizin yüksək idarəçiliyiniz, qətiyyətiniz və bacarığınız, xalqımızın siyasi iradəsi, Ordumuzun gücü və qüdrəti sayəsində 30 illik işğala son qoyulur. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın Böyük Qələbəsi ilə başa çatdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və biz tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq. Bütün dünya azərbaycanlılarının sevinc və coşğusuna səbəb olan bu zəfərin memarı, bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan Sizsiniz, Ali Baş Komandanı olduğunuz Şanlı Ordumuzdur!
Son 44 gündə Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək onların cinayətkar hərbi-siyasi rəhbərliyini diz çökdürdü. Üçrəngli bayrağımızın noyabrın 8-də Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin təməlini qoydu. Noyabrın 10-da verilmiş üçtərəfli Bəyanat Ermənistanın siyasi məğlubiyyətini, hərbi kapitulyasiyasını rəsmi şəkildə təsdiq etdi. Bu Bəyanat məğlubedilməz Ordumuzun döyüş meydanında əldə etdiyi möhtəşəm hərbi zəfərlərin davamı kimi Azərbaycanın siyasi qələbəsi oldu. Son illər ərzində ölkəmizdə aparılan quruculuq işləri, mövcud olan ab-hava, xalq-iqtidar birliyi, ordu quruculuğu, siyasi münasibətlərin yüksək səviyyəyə qalxması - bütün bu amillər qələbəmizi şərtləndirdi.
Bu tarixi Qələbə xalqımızın həmrəyliyi, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində mümkün oldu. Bu Qələbə bizim sarsılmaz birliyimizi, hərbi gücümüzü və mübarizlik əzmimizi bütün dünyaya nümayiş etdirdi. Xalqımızın əsrlərə, nəsillərə örnək və dastan olacaq sərkərdəsi kimi adınızı Azərbaycan tarixinin şanlı səhifələrinə qızıl hərflərlə həkk etdirdi.
Torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, həlak olan mülki vətəndaşlarımızın qisası alındı. Şəhid qardaş və bacılarımızın xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Əminik ki, Azərbaycan gəncliyi və gələcək nəsillər onları daim fəxr və qürurla yad edəcəklər.
Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımızı bizə geri qaytaran bu şanlı qələbəmiz münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik.
BDU ailəsi olaraq, biz həmişə yanınızdayıq və hər zaman əmrinizdəyik!
Biz çox sevincliyik ki, bizim milli kimliyimizi, qürurumuzu, xalqımızın iradəsini dünyaya sübut edən, başımızı uca, alnımızı açıq edən Sizin kimi məğrur rəhbərimiz var. Bu gün xalqımız Böyük Qələbənin sevincini yaşayır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Eşq olsun Müzəffər Ali Baş Komandana!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Eşq olsun məğrur Azərbaycan xalqına!

Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim heyəti və tələbələri adından dərin hörmət və ehtiramla,
Babayev Elçin, rektor,


Azərbaycan Respublikası, Bakı şəhəri.

https://president.az/articles

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024