BDU-nun Şərqşünaslıq fakültəsində böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş dəyirmi masa
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində görkəmli Azərbaycan şairi, orta əsr klassik Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Nizami Gəncəviyə həsr olunmuş dəyirmi masa keçirilib.
Nizamişünas professor Mehdi Kazımovun rəhbərliyi ilə keçirilən dəyirmi masada dahi şairin milli kimliyi, Nizami şəxsiyyəti, farsca yazmasının səbəbləri, “Xəmsə”yə edilən əlavələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Professor Mehdi Kazımov Nizami Gəncəvi irsinin Azərbaycan ədəbiyyatında ayrıca bir məktəb yaratdığını, “Xəmsə”nin dəyərinin bütün xalqlar tərəfindən təsdiqləndiyini qeyd edib. O, “Xəmsə”dən şairin Gəncədən olduğunu və bu şəhərə yüksək qiymət verdiyini sübut edən nümunələr səsləndirib. Bəzi fars alimlərinin şairə aid olmayan, sonradan əlavə edilməsi ehtimal olunan, əsərlərinin ümumi təbiəti və harmoniyası ilə uyğun gəlməyən beytlərini təhlil edib. Tədbirdə Nizami əsərlərində istifadə olunan türk sözləri, türklərin qüdrətini sübut edən faktlar, farsların düşmən elan etdiyi İsgəndərin adına poema həsr etməsi, onun türk-qıpçaq ellərinə gəlməsi, fars şahlarının tənqid olunaraq düzgün yola gətirilməsi məsələləri diqqətə çatdırılıb. Nizaminin siyasiləşdirilməsi ilə bağlı sərsəm amillər tənqid olunub, əsərlərindəki farslara yad olan ədəbi və poetik ifadələr barədə məlumat verilib.
Digər çıxışçılar fars və rus tədqiqatçıların Nizamini türk adlandırması, dahi şairin əsərlərinə edilən müdaxilələrlə bağlı fikirlərini bildiriblər. Tədbirdə Nizaminin əsərlərini saxtalaşdıranların siyasi oyunların qurbanı olduğu, böyük mütəfəkkirin Azərbaycan xalqına aid olmasını heç cür həzm edə bilmədikləri yekdilliklə vurğulanıb.