BDU-nun tələbələri IX Azərbaycan Koreya dili nitq müsabiqəsinin qalibi olublar

06/04/2019

Bakı Dövlət Universitetində IX Azərbaycan Koreya dili nitq müsabiqəsi keçirilib.

Rektor Elçin Babayev və Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op tədbiri açaraq müsabiqə iştirakçılarına uğurlar arzu ediblər.

Rektor Elçin Babayev dünyanın 20 nəhəng ölkəsindən biri olan Koreya ilə Azərbaycanın tarixi köklərinin kəsişməsindən danışaraq ökələrarası münasibətlərin yüksək səviyyədə olmasında bu amilin böyük rol oynadığını bildirib. Koreya universitetləri ilə əməkdaşlıq məsələlərinə diqqət çəkən rektor bu istiqamətdə yeni ideyaların yaxın zamanlarda reallaşacağından bəhs edib.

Səfir Kim Tonq-op müsabiqənin Koreya dilinin inkişafında böyük önəmindən danışıb. Bildirib ki, bir ölkəyə sevgi və maraq onun tarixi və ədəbiyyatının çox oxunması ilə nəticələnir. Bu baxımdan, IX Azərbaycan Koreya dili nitq müsabiqəsi həm də Koreya dilində bilgiləri ifadə edən müsabiqədir.

Səfir birinci mərhələdən keçən və müsabiqə iştirak hüququ qazanmış 10 nəfər tələbənin hər birinin potensialını yüksək qiymətləndirib.

“Samulnori” Koreya milli zərb alətlərində tələbələrin ifası təqdim edildikdən sonra  münsiflər heyəti və iştirakçılar təqdim edilib. Sonra Naxçıvan Dövlət Universitetinin müəllimi Li Cin və Azərbaycan Texnologiya Universitetinin müəllimi Ülviyyə Məmmədova Koreya dilinin tədrisi ilə bağlı təqdimat ediblər.

Tələbələrin çıxışlarına baxış keçirildikdən sonra qaliblər müəyyənləşib. Birinci yerə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Koreyaşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Novruzəli Sadıxlı, 2-ci yerə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Emiliya İsmayılzadə, 3-cü yerə BDU-nun Koreyaşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Aynurə Allahyarova layiq görülüblər. Qaliblər 500, 400 və 300 manat pul mükafatına, bütün iştirakçılar isə sertifikatlara layiq görülüblər.

Qeyd edək ki, müsabiqədə, eyni zamanda, K-POP rəqs performansı nümayiş etdirlib və lotereya oyunu keçirilib.


Mətbuat və informasiya şöbəsi, 06 aprel 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025