BDU-nun tələbəsi “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibi oldu

18/06/2021

2021 il aprel ayında Avrasiya Patent Təşkilatının 25 illiyinə həsr olunmuş “Gələcəyə baxış” Avrasiya Patent Universiadası keçirilib. Bilik yarışmasında Avrasiya Patent Konvensiyasının üzvü olan dövlətlərin təhsil müəssisələrinin 18-25 yaş arasında tələbələri iştirak ediblər.

Müsabiqədə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin   müxtəlif universitetlərini təmsil edən tələbələrinin təqdim etdikləri 120 elmi-tədqiqat layihəsi universiadanın münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyəti təqdim olunan yaradıcılıq işlərini qiymətləndirərək, dörd mövzuda qalib, mükafatçı və diplom sahiblərini müəyyənləşdirib.

Universiadada Bakı Dövlət Universitetinin (BDU) fizika fakultəsinin dosenti Mətanət Mehrabovanın rəhbərliyi ilə BDU-nun Mexanika-riyaziyyat fakultəsinin 1-ci kurs tələbəsi Zərifə Əhmədzadə və Bakı Avropa Liseyinin 11-ci sinif şagirdi Elvin Əhmədzadənin “Elektronika üçün CdFeTe epitaksial təbəqələri” mövzusunda layihəsi müsabiqədə “Biz N.Teslanın nəslindənik. Təbiətin bütün qanunları bizim əlimizdədir” kateqoriyası üzrə III yerə layiq görülüb.

2021-ci il 17 iyun tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində keçirilmiş tədbirdə  müsabiqədə qalib gələn layihə iştirakçıları və layihə rəhbərlərinə mükafatlar təqdim edilib. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi sədrinin müavini Sənan Tapdıqov giriş sözü ilə tədbiri açaraq universiadanın qaliblərini təbrik edib. Tədbirdə Avrasiya Patent Təşkilatının vitse-prezidenti Emil Məmmədov universiadanın qaliblərinə qiymətli hədiyyələr təqdim edərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Avrasiya Patent Təşkilatı 1994-cü ildə yaradılıb. Ölkəmiz 1994-cü il 9 sentyabr tarixində Avrasiya Patent Konvensiyasını imzalayıb, 1995-ci ildə isə konvensiyanın ratifikasiya edilməsi ilə təşkilatın tamhüquqlu üzvü olub.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024