BDU-nun tələbəsi gənclərin peşə və ixtisas seçiminə dəstək təlimlərində iştirak edib

15/11/2019

Bakı Dövlət Universiteti Geologiya fakültəsinin, II kurs tələbəsi, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Rayaxanım Ağazadə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı layihə çərçivəsində Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Abşeron və Tərtər rayonlarında yaşayan və təhsil alan gənclər üçün keçirilən təlimlərdə iştirak edib.

“Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən təlimlərdə çıxış edən Rayaxanım Ağazadə bildirib ki, davamlı inkişaf baxımından peşə seçiminin əhəmiyyəti təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Ölkələrarası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Reallıqları nəzərə alaraq, qeyd etmək lazımdır ki, bundan sonra ancaq innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə etmək imkanına malikdir.

Təlimlərdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi M.Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru A.Hətəmov, Tərtər Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri E.Umudov, Mingəçevir Şəhər Gənclər Evinin direktoru T.Kərimov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri S.Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının dosenti M.Seyidzadə, Dövlət İdarəçilik Akademiyası İctimai əlaqələr, elektron tədris və informasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri dosent Y.Ağayev, Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri H.Əlizadə, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzinin rəhbəri C.Ağazadə və digərləri çıxış edərək cəmiyyət həyatı üçün gənclərinin doğru peşə və ixtisas seçiminin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı layihənin məqsədi cəmiyyətin tələblərinə uyğun olaraq gənclərin səriştə əsaslı peşə və ixtisas seçimində onlara dəstək olmaq, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə peşə və ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsinə diqqəti artırmaq, bu sahənin inkişafına töhfə verməkdir.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024