BDU-nun tələbəsi İmran Bayramov: Əziz Şuşamızı görmək bizim üçün böyük xoşbəxtlik idi

19/07/2022

Hər insanın həyatında çatmaq istədiyi, həsrətində olduğu arzusu olur. Xalqımızın 30 illik nisgilinə – Qarabağ həsrətinə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfər son qoydu. Biz arzumuza çatdıq. İndi əsas məsələlərdən biri işğaldan azad olunmuş torpaqlarımızda bərpa və quruculuq tədbirlərinin həyata keçirilməsidir. Bu istiqamətdə geniş işlər aparılır. Biz tələbələr Şuşaya səfərimiz zamanı qədim yurd yerlərimizdə böyük quruculuq tədbirlərinin şahidi olduq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şuşada səfərdə olmuş, Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin III kurs tələbəsi İmran Bayramov bildirib.

Tələbələrin işğaldan azad olunmuş ərazilərə səfər etməsinin əhəmiyyətindən danışan İ.Bayramov deyib: “Çox şadam ki, universitetin rektoru Elçin Babayevin təşəbbüsü ilə doğma Qarabağa, o cümlədən Şuşa şəhərinə səfər edən tələbələrdən biri də mən oldum. Şuşa səfəri olduqca qürurverci və unudulmaz idi. Yolboyu hər kəs böyük həyəcanla işğaldan azad edilmiş torpaqlarımızı görməyə tələsirdi. Hər kəsin simasında sevinc duyğusu, qürur hissi var idi. Biz azad Qarabağımıza fərəh hissi ilə gedirdik.

…Hamımızın gözlədiyi an gəlib çatdı. Biz işğaldan azad olunmuş Füzuliyə çatdıq. Burada erməni vəhşiliyinin bir daha şahidi olduq. Düşmənin evləri büsbütün dağıtdığını, kənd və şəhərləri yerlə yeksan etdiyini, hər yeri viran qoyduğunu gördük.

Biz Zəfər Yolu ilə irəlilədikcə, bir tərəfdən düşmənin işğal dövründə ərazilərimizdə törətdiyi bədnam əməllərini görüb təəssüf hissi keçirir, digər tərəfdən isə işğaldan azad olunandan sonra qısa zaman ərzində böyük abadlıq, quruculuq işlərini görüb sevinir, qürur duyurduq.

…Şuşaya gəlişimiz heç vaxt yadımdan çıxmaz. Əziz Şuşamızı görmək bizim üçün böyük xoşbəxtlik idi. Bu yerlərin gözəl suyu, havası, təbii mənzərələri bizi valeh etdi, ruhumuzu oxşadı. Biz burada Vaqifin məqbərəsini, Xalq artisti Bülbülün ev-muzeyini, Cıdır düzünü ziyarət etdik, müxtəlif tarixi-memarlıq abidələri ilə tanış olduq. Şuşa, həqiqətən, gözəlliklər məkanıdır”.

Şuşa səfərinin xoş təəssüratlar doğurduğunu deyən İ.Bayramov işğaldan azad olunmuş ərazilərimizdə xoşbəxt, firavan həyatın yaradılacağına əminliyini vurğulayıb.

https://azertag.az/xeber/BDU_nun_telebesi_Imran_Bayramov_Aziz_Susamizi_gormek_bizim_uchun_boyuk_xosbextlik_idi-

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024