BDU-da Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş Beynəlxalq konfrans keçirilib

24/02/2023

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş Beynəlxalq konfrans keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beynəlxalq konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Xalqımız tarixi dədə-baba torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar xislətli erməni siyasətinin nəticəsidir. 1992-ci ildə baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı törətməsi nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb. Onlardan 150-sinin taleyi hələ də məlum deyil.
Rektor Elçin Babayev vurğulayıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli lider Heydər Əliyev verib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayıb, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu gün artıq dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri qırğın soyqırım aktı kimi tanınır.
Elçin Babayev Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə yayılmasında Heydər Əliyev Fondunun müstəsna rolunu qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirir. “Xocalıya ədalət” kampaniyası bu tədbirlərə daha çox insanın cəlb olunmasında və soyqırım həqiqətlərinin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir.
BDU-nun rektoru 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun başladığı Vətən müharibəsinin Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdığını qeyd edib: “Rəşadətli Azərbaycan Ordusu şanlı qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıda və digər torpaqlarımızda erməni təcavüzkarlarının vəhşicəsinə həyata keçirdiyi soyqırım aktları nəticəsində həlak olan bütün vətəndaşlarımızın intiqamı alındı”.
Sonra Milli Məclisin üzvü, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Daşkənd Mədəniyyət və İncəsənət İnstitutunun rektoru Eldor Şermanov, Türkiyə Respublikasının ölkəmizdəki keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin koordinatoru Mürvət Məmmədov,  Qazaxıstanın Satbayev Universitetinin professoru (onlayn) Rinat İskakov, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Hüquq kafedrasının professoru (onlayn) Arif Quliyev, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, professor Azad Rzayev çıxış ediblər. Çıxışlarda Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə məlumat verilib, Xocalı soyqırımının tanıdılması istiqamətində təkliflər səsləndirilib.
Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024