Beynəlxalq qrant proqramlarının BDU-da tətbiqində yeni dövr

06/07/2021

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirmək üçün xarici universitetlər və beynəlxalq qurumlarla yeni əlaqələr yaratmaqdadır. Bu gün BDU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində aparılan işlər sırasında Universitetin beynəlxalq assosiasiya və cəmiyyətlərdə təmsil olunması, yeni əlaqələrin qurulması, beynəlxalq reytinqlərdə təmsil olunma, beynəlxalq proqramlar və layihələrdə iştirak kimi işlər mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, elmi tədqiqatlar üçün  beynəlxalq qrantların, mübadilə proqramlarının sayının artırılması, akademik əməkdaşlıq və xarici tələbələrin cəlb olunması yolu ilə Universitetin beynəlxalq miqyasda nüfuzunun artırılması da beynəlxalq əlaqələr istiqamətində qarşıda duran əsas məsələlərdir.

Hal-hazırda Universitetdə 3 beynəlxalq qrant layihəsi üzərində işlər davam etdirilir. Bunlardan biri BDU ilə İsveçin Linköping Universiteti arasında Erasmus+ KA2 proqramı çərçivəsində mövcud olan MAGNUS layihəsidir. Layihənin icrası üzrə imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən BDU-da magistratura pilləsində yeni ixtisas olan “Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı” ixtisaslaşması açılıb və layihə artıq icra olunmaqdadır. Layihə çərçivəsində eyni zamanda modullar üzrə fənlər və onların kreditləri müəyyənləşdirilmiş və ixtisasın tədris planı tərtib edilmişdir.

Eyni zamanda 2020-ci ilin oktyabr ayında İtalyanın La Sapienza Universiteti ilə Erasmus+KA 2 proqramı çərçivəsində Azərbaycanda ekoloji vəziyyətlə bağlı doktorantura səviyyəsi üçün İnnovativ Tədris Mərkəzi İTACA layihəsi üzrə tərəfdaşlıq müqaviləsi imzalanıb. Hazırda bu layihə üzrə iş davam etdirilir.

Digər bir layihə isə BDU-nun qalib olduğu GEOCLIC layihəsidir. Layihənin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurikulumlarının müasirləşdirilməsindən ibarətdir. Bu layihələr Avropa birliyinin Erasmus+ KA02 layihələridir. Artıq uzun illərdir ki, bu layihələr istiqamətində BDU-da əsaslı işlər görülür və Universitet bu layihələrdə işləmək təcrübəsinə malikdir.

Erasmus+ KA02 layihələrində Azərbaycan və ya Avropa universitetləri daxil olmaqla bir neçə partnyor qurum iştirak edir. Bu partnyorlar yalnız universitetlər deyil, qeyri-hökumət təşkilatı və ya dövlət qurumu da ola bilər. Beynəlxalq qrant layihələrində bu layihələrin ölkə təhsili, elm və innovasiyaların inkişafı üçün nə dərəcədə əhəmiyyətli olacağına diqqət yetirilir.

Davam edən COVİD-19 pandemiyası səbəbindən işlərin böyük hissəsi onlayn formatda qurulur, bütün görüşlər, vebinarlar, workshoplar onlayn qaydada keçirilir. Qeyd etmək lazımdır ki, MAGNUS layihəsi çərçivəsində Universitetdə ən müasir standartlara cavab verən kompüter laboratoriyası qurulub. İTACA layihəsi çərçivəsində də müasir tələblərə uyğun təlim mərkəzinin qurulması və işin təşkili üçün avadanlıqların alınması və quraşdırılması nəzərdə tutulub.

Bu tip layihələr universitetin maddi-texniki bazasının gücləndirilməsinə də təkan verir. BDU-da MAGNUS layihəsi çərçivəsində açılmış “Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı” ixtisaslaşması magistratura pilləsində Azərbaycan təhsil sistemində yeni bir ixtisasdır.

İTACA layihəsinin məqsədi Azərbaycanda fövqəladə ekoloji vəziyyətin həllinə yönəlmiş üç pilləli təhsilin yaradılması və inkişaf etdirilməsi məqsədilə Təlim Mərkəzini yaratmaq və inkişaf etdirməkdir. Bu, gənclərdə elmə və innovasiyaya marağın yaranması baxımından xüsusi əhəmiyyət daşıyır. GEOCLIC layihəsinin icrasına isə bu ildən başlanılacaqdır.

Tədqiqat və inkişaf Universitetin inkişaf strategiyasında xüsusi yer tutur. BDU-nun beynəlmiləlləşməsi dörd əsas istiqamətdə reallaşdırılır: akademik əməkdaşlıq, ictimai etimad və nüfuzun artırılması, diplomatik nümayəndəliklərlə əməkdaşlıq və beynəlxalq qrantlar və mübadilə proqramlarının sayının artırılması. Beynəlxalq proqramlarda iştirak etməklə qazanılmış təcrübənin Universitetdə tətbiqi həyata keçirilir. Qrant layihələri elmin inkişafına maliyyə dəstəyi baxımından, istərsə də beynəlxalq təcrübənin, partnyor universitetlərlə əlaqələrin inkişafi baxımından xüsusi əhəmiyyət kəsb edir. BDU “Horizon 2020”, “Jean Monnet”, “Joint Masters” kimi proqram və layihələrdə iştirakını gücləndirmək üçün də müvafiq tədbirlər həyata keçirir.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024