Bu gün Beynəlxalq Tələbələr Günüdür

17/11/2025

17 noyabr - Beynəlxalq Tələbələr Günü kimi qeyd olunur.

Beynəlxalq Tələbələr Günü tələbələrin beynəlxalq həmrəyliyi günüdür. Bu bayram tələbə gənclərin sevincli bir bayramına çevrilsə də, onun yaranma tarixi faciəli hadisələrlə bağlıdır. Bu bayram 1941-ci ildə faşizmə qarşı mübarizə aparan tələbələrin Londonda keçirilən beynəlxalq toplantısında vətənpərvər çex tələbələrinin xatirəsinə ehtiram əlaməti olaraq təsis edilib.

1939-cu il noyabrın 17-də alman faşist işğalçılarının Çexoslovakiya Tələbələr İttifaqının rəhbərlərinin çoxunu həbs edərək güllələməsindən sonra mindən çox tələbə və ali məktəb müəllimi əsir düşərgələrinə göndərilib, ali məktəblər bağlanıb. Bu kədərli hadisənin fonunda Beynəlxalq Tələbələr Günündə ali məktəblərdə təhsil alan gənclərin həmrəyliyi, birliyi və bütövlüyü əsas mahiyyəti təşkil edir.

Məlum olduğu kimi, Azərbaycanda ilk tələbə gənclər hərəkatının formalaşması XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Avropada və Rusiyada təhsil alan azərbaycanlı tələbə gənclər Azərbaycanda təşəkkül tapan demokratik hərəkatın əsas hərəkətverici qüvvəsinə, mütərəqqi ictimai-siyasi fikrin başlıca daşıyıcılarına çevriliblər. XX əsrin əvvəllərində Azərbaycanda ictimai fikrin, elmin, təhsilin, mətbuatın, ədəbiyyatın yeni yüksəlişində, teatr, incəsənət, musiqi mədəniyyətinin təşəkkül tapmasında da tələbə gənclərin böyük xidmətləri olub.  Müxtəlif dövrlərdə tələbə gənclərlə bağlı həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olaraq Azərbaycanda tələbə gənclər hərəkatı daha da inkişaf edib,  gənclərin ictimai-siyasi fəallığı artıb, onların ölkənin idarə olunmasında, ictimai həyatda iştirakı daha da genişlənib.

Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti dövlətin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycanda tələbə gənclərə hər cür diqqət göstərilir, onların maddi rifahının və inkişafının qeydinə qalınır, gələcəyin sağlam vətəndaşlarının yetişməsi üçün insan kapitalının artırılmasına xüsusi diqqət yetirilir.

Azərbaycan gəncləri Dövlət Proqramları vasitəsilə dünyanın ən nüfuzlu universitetlərinə təhsil almağa göndərilir, ölkədə tələbələrin şəxsi inkişafının və sosial rifahının yüksəlməsi üçün müxtəlif layihələr həyata keçirilir.

Ölkəmizin bütün gəncləri kimi, 25 minlik tələbə kontingentinə sahib Bakı Dövlət Universiteti də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Tarixən Azərbaycana görkəmli siyasi xadimlər, alim və ziyalılar bəxş etmiş Azərbaycan təhsilinin flaqmanı Bakı Dövlət Universitetinin tələbə gəncləri hər zaman dövlətçiliyə bağlı, milli ruhda yetişib, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması və möhkəmləndirilməsində yaxından iştirak ediblər. BDU-da “BDU könüllüləri”, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, Tələbə Elmi Cəmiyyəti kimi aktiv gənclər təşkilatları fəaliyyət göstərir. Son illər BDU-da tələbələrin daha daha da şəbəkələşməsi üçün “Tələbə məkanı”, Tələbə İnkişaf Mərkəzi açılıb. BDU tələbələri Universitetin elm, təhsil mühitinin və sosial həyatının aparıcı qüvvəsidir. Əminik ki, tələbələrimiz ölkəmizin daha da qüdrətlənməsinə, ölkə başçısının uğurla həyata keçirdiyi gənclər siyasətinə bundan sonra da öz layiqli töhfələrini verəcəklər.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025