Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31/12/2022

Milli birlik, həmrəylik hər bir xalqın nicat yolu, bütün zəfərlərin açarıdır. 31 dekabr - xalqımızın tarixində ən əlamətdar günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşğu ilə qeyd edir. İldən-ilə bu bayramın mənəvi anlamı, tarixi əhəmiyyəti daha da çoxalır. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. 1992-ci ildən etibarən bu bayram ölkə ərazisində dövlət səviyyəsində qeyd olunmağa başladı.

Ümummilli liderimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.

Ulu öndərin müqəddəs missiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı ildə Dünya Azərbaycanlılarının II, 2011-ci ildə III,  2016-cı ildə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verdi. Dünya Azərbaycanlılarının V Qurultayını  - Zəfər Qurultayını isə qalib xalqın övladları kimi Şuşada qeyd etdik. Qurultaydakı tarixi çıxışında Prezident İlham Əliyev deyirdi: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü idi. Bu haqq savaşında Azərbaycan xalqının üzvləri eyni vətənpərvərlik və birlik içində Vətənimizin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad olması yolunda öz canlarını sipər etdilər. Vətən müharibəsində şanlı qələbənin qazanılmasında Azərbaycan cəmiyyətindəki yüksək milli birlik, həmrəylik mühüm rol oynadı. İndi Azərbaycan xalqı tarix boyu danışılacaq 44 günlük Vətən müharibəsi qələbəsinin sevincini yaşayır.
Həmrəyliyimiz, milli birliyimiz qüdrətli dövlət olmağımızın əsas təminatıdır. Artıq dövlət, xalq olaraq qarşımızda yeni hədəflər var. Bu hədəflərə çatmaq üçün ən gözəl vasitə yenə də milli birliyimizdir! Prezidentimiz İlham Əliyevin də dediyi kimi, “Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur”.

Azərbaycan xalqını, BDU ailəsini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni 2023-cü il münasibətilə təbrik edir, Vətənimizə işıqlı gələcək, sülh və əmin-amanlıq, hamıya səadət, xoşbəxtlik, uğurlar arzulayırıq!

Bayramınız mübarək!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024