Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

06/09/2021

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyələrinin banisi professor Lütfi Zadənin anım günüdür. Dahi alimin vəfatından dörd il ötür.

1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə başa vurub. 1932-ci ildə Ələsgərzadələr ailəsi İrana köçüb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olunub. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra o, 23 yaşında ABŞ-a gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan altı mühüm nəzəriyyəsinin bünövrəsi də elə orada qoyulub.

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilədək Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib. O, həmin ali təhsil ocağında ömürlük professor və “Soft Computing” İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar və vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Alim, həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşflərin müəllifidir.
Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” kitablar yazılıb, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilib, Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.

Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiqini həyata keçirir.

Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. 2021-ci il yanvarın 21-də isə dövlət başçısı “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZIFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990–2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir.

Bir çox xarici ölkə akademiyalarının üzvü olan Lütfi Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların, o cümlədən Bakı Dövlət Universitetinin fəxri doktoru olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 2021-ci il 21 yanvar tarixli Sərəncamına müvafiq olaraq Bakı Dövlət Universitetində görkəmli alimin yubileyinin geniş şəkildə qeyd olunması üçün Tədbirlər Planı təqdiq edilib. Tədbirlər Planına müvafiq olaraq alimin elmi tədqiqatlarına həsr olunmuş silsilə seminarlar, konfrasnlar, müsabiqələr və s. keçirilir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024