Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 110-cu ildönümüdür

22/12/2021

Bu gün Azərbaycanın görkəmli jurnalisti, tanınmış elm və ictimai xadim, Azərbaycan SSR əməkdar jurnalisti, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Nəsir İmanquliyevin anadan olmasının 110-cu ildönümüdür. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Əməkdar jurnalist, peşəkar redaktor, publisist və pedaqoq Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının və mədəniyyətinin inkişafına,  peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir.

Nəsir İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda anadan olmuşdur. 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmiş, 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olmuşdur. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində çap olunmağa başlamışdır. Tələbəlik illərindən başlayaraq, “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində  çalışmışdır. İkinci dünya müharibəsi zamanı 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada “Vuruşan Krım” qəzetinin məsul katibi kimi çalışmış, həmçinin hərbi hissədə tərcüməçi kimi xidmət etmişdir. Bir il sonra “Kommunist” qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işiq üzü görmüşdür.

Nəsir İmanquliyev 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. 1948-1950-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsilni iki ilə müvəffəqiyyətlə başa vurmuşdur. 1947-1998-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent, professor olmuşdur. O, respublika üçün gənc jurnalist kadrlarının hazırlanması işində fəal iştirak etmiş, bu işə öz əvəzsiz töhfəsini vermişdir. 1958-ci ildə Azərbaycanda yeni tipli “Bakı” və “Баку” (1953) axşam qəzetlərinin baş redaktoru təyin edilmişdir.

Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində işləmişdir. 1976-cı ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülmüşdür.

Professor Nəsir İmanquliyev 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.

2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycanda Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilmişdir.

Nəsir İmanquliyev Azərbaycan milli mətbuatının inkişafı uğrunda yorulmadan qələm çalmış, milli ənənələrə bağlı orijinal bir jurnalistlik məktəbi yaratmışdır. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamışdır. O, "Radio proqramı", "Vətənin səsi", "Bakı" və "Baku" qəzetlərinin ideya rəhbəri-qurucusu, Bakı Dövlət Universitetinin professoru, görkəmli jurnalist, ictimai xadim kimi çoxsahəli fəaliyyətində, xalqa, vətənə, millətə əsl sədaqət nümunəsi göstərmişdir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024