Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

28/04/2023

“Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Ümummilli Lider Heydər Əliyev

Bu gün Azərbaycan tibb elminin inkişafına misilsiz töhfələr vermiş, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasından 100 il ötür.

Akademik Zərifə Əliyevanın yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1947-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professoru, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologii” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Zərifə Əliyeva 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır. Azərbaycanda tibbi deontologiyanın inkişafında böyük rolu olan akademik Zərifə Əliyevanın tibbi etika və deontologiyaya dair baxışları “Yüksək əqidə” (həkimlik etikası) əsərində əks olunub.

Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində əbədiyyətə qovuşub.

Zərifə xanım Əliyeva bütün bu elmi-ictimai fəaliyyətləri ilə yanaşı, həm də vəfalı ömür-gün yoldaşı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən yaxın silahdaşı, Vətən üçün layiqli övladlar böyütmüş ləyaqətli Ana idi. O, müstəqil Azərbaycanın son 200 ildə ən böyük qələbəsini qazanan, Müzəffər Ali Baş Komandan, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev kimi böyük dövlət xadimini Azərbaycan xalqına bəxş edib.

Görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş olan Zərifə Əliyevanın əziz  xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq!

 

Xəbərlər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər
04/12/2024

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər
04/12/2024

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş
04/12/2024