Böyük milli-siyasi iradədən hərbi qüdrətə doğru

12/10/2020

Son günlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qoşunların təmas xəttində gərginlik artmış, beynəlxalq hüquqi normativlərə məhəl qoymayan erməni terrorçuları mülki əhaliyə və hərbi qulluqçularımıza qarşı amansız şəkildə hərbi əməliyyatlar həyata keçirmişdir. Bu qeyri-qanuni hərəkətlər qarşılığında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin atdığı qətiyyətli addımlar və verdiyi tapşırıqlar bütün ölkə vətəndaşları tərəfindən birmənalı olaraq böyük rəğbət hissi ilə qarşılanmışdır. Bu, böyük milli-siyasi iradədən hərbi qüdrətə doğru atılan cəsarətli addım  - yeganə çıxış yolu idi.

Biz neçə illərdir ki, bu gün üçün səbr etmişik: göz yaşımızı, nifrətimizi içimizdə boğub, ancaq Prezidentimizə arxalanaraq bu məqamı gözləmişik. Gözləmişik ki, canımız-qanımız bahasına olsa belə, bu dəfə də şanlı tarix yazaq. 30 il öncə dövlət müstəqilliyimizin bərpası uğrunda bütün dünyaya azadlıq dərsi keçmiş ölkəmiz bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmə haqq-ədalət və qəhrəmanlıq dərsi verir. 30 il ərzində xalqımızın və dövlətimizin aşıb-daşmış səbr kasası bu gün yalançı vədlərə, ikiüzlü siyasi oyunlara məhəl qoymur. Bu gün rəşadət və qəhrəmanlıq timsalına dönmüş Qarabağ savaşı əslində son 30 ilin deyil, son iki əsrdə ölkəmizin ərazisini qəsb edən, xalqımızı soyqırıma məruz qoyan erməni təcavüzünə və vandalizminə qarşı aparılan milli mübarizədir. Bu mübarizə erməni terroruna qarşı illərdir içimizdə yığılan və aşıb-daşan “SƏBR”in savaş gücünə çevrilməsidir. Bu elə bir “səbir” gücüdür ki, milyonlarla soydaşımızın qısas hissi ilə yoğrulmuşdur. İllərdir ki, biz hamımız bu mübarizə eşqi ilə - torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda savaşmaq arzusu ilə alışıb-yanmışıq. Və artıq zaman yetişib. Bu gün “sözlərin kağız üstündəki sənədlər”də deyil, “qılıncların ər meydanında” görüşdüyü, SƏBRİN haqq uğrunda mücadiləyə döndüyü ZAMANDIR.

Hər dəfə olduğu kimi, bu gün də erməni təxribatının qarşısını almaq və  torpaqlarımızı işğaldan azad etmək uğrunda cənab Prezidentin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu işğalçı tərəfə lazımi dərs verir. Ordumuz tam şəkildə hərbi və mənəvi üstünlük əldə edərək, düşmənə sarsıdıcı zərbələr endirir. Bu şücaətin nəticəsidir ki, cəbhə xəttində baş verən mübazirədə düşmənin çox sayda canlı qüvvəsi və hərbi texnikası darmadağın edilmişdir.

Bu gün xalqımız öz Prezidentinin yanındandır və hər bir vətən oğlu Onun əmri ilə topraqlarımız uğrunda canından keçməyə hazırdır. Cənab Ali Baş Komandanın  xalqımıza müraciəti, BMT-nin 75 illiyinə həsr edilmiş iclasda dərin məzmunlu çıxışı və Rusiyanın “Rossiya 1” telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər, Azərbaycan xalqının maraqlarının əks etdirən haqlı və kəskin mövqeyi bizim hər birimizdə Böyük Qələbəyə inam hissini daha da artırıb.

Son bir neçə gündə əldə etdiyimiz üstünlük vətəndaşlarımızda işğal altında olan torpaqlarımızın son qarışınadək geri alınacağına bir daha böyük əminlik yaradır. Ölkəmizdə ordu-xalq-iqtidar birliyi, insanlarımızın vətənpərvərlik ruhu, əsgərlərimizin döyüş əzmi, Ali Baş Komandanımızın qətiyyəti Böyük Qələbə Gününün heç də uzaqda olmadığını şərtləndirir. Əminik ki, üçrəngli bayrağımız tezliklə işğal altında olan ərazilərimizdə: Şuşada, Xankəndində, Kəlbəcərdə, Laçında, .... dalğalanacaq.

İki sahil. Böyük milli-siyasi iradədən hərbi qüdrətə doğru.

Elçin Məmmədov,

BDU-nun Filologiya fakültəsinin dekanı

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024