İctimaiyyət nümayəndələri BDU-da imtahan prosesini izləyib - reportaj

18/01/2019

Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədi ilə zəruri tədbirlər görülüb

İmtahanlar ciddi nəzarət altındadır. Eyni vaxtda bir prosesə həm müəllim-koordinatorlar, həm rəhbər koordinatorlar, həm də kameralar vasitəsi ilə nəzarət olunur. Auditoriyalarda 330 nəfər müəllim-koordinator işləyir. Elektron mərkəzin əməkdaşları kameraların ötürdüyü görüntüləri diqqətindən qaçırmamaq üçün gözünü monitordan ayırmır. Buna baxmayaraq, kameralar da gördüyünü yaddaşına yazır. Bu isə imtahandan sonra hər hansı mübahisəli durum yaranarsa, həqiqəti üzə çıxartmaq, ədaləti bərpa etmək üçündür.

 

Söhbət 100 ilin təhsil müəssisəsindən, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarından - Bakı Dövlət Universitetindən gedir. Yanvarın 16-da  universitet qapılarını ictimaiyyət nümayəndələrinin üzünə açdı. Açdı ki, hər kəs burada gedən yeniliklərdən, keyfiyyət artımından, mühit dəyişikliyindən xəbər tutsun.

 

İmtahan vaxtıdır

 

Beləliklə, Bakı Dövlət Universitetində səhər saat 10:00 imtahan vaxtıdır. İmtahanlar düz 3 saat çəkir. Artıq iki həftədir ki, bu il 100 illiyini qeyd edən universitetin tələbələrinin gərginliyi, həyəcanı davam edir. Başqa sözlə, universitetdə daha bir nəslin həyəcan dolu payız imtahan sessiyası start götürüb. Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, Milli Məclisin deputatları, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, valideynlər və ictimaiyyət nümayəndələri 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına qatılaraq bu həyəcanın şahidinə çevriliblər. Onlar imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədi ilə həyata keçirilən tədbirlərlə tanış olublar.

 

Tanışlığa universitetin böyük akt zalından başlayıblar. Burada imtahanlara nəzarət edən müəllim-koordinatorların bölgüsü həyata keçirilir. Bölgü iki qrup - təbiət fənləri və humanitar fənlər üzrə aparılır. Bu bölgüyə əsasən, təbiət fənləri üzrə fakültələrin müəllimləri humanitar ixtisaslar üzrə aparılan imtahanlara, humanitar ixtisaslar üzrə fakültələrin müəllimləri isə əksinə, təbiət fənləri üzrə keçirilən imtahanlara nəzarət edirlər.

 

Prosesi izləyən İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar bölgüdən sonra auditoriyalara üz tutublar.

 

Yazılı, yoxsa şifahi?

 

Bakı Dövlət Universitetində imtahanlar əsasən yazılı aparılsa da, bəzi fənlərdə istisnalar var. Məsələn, hər hansı xarici dil üzrə praktikum və dil inkişafı ilə bağlı fənlərin imtahanı şifahi keçirilir.

 

Başqa bir istisna isə universitetin sağlamlıq imkanları məhdud tələbələri üçün nəzərdə tutulub. Təhsil müəssisəsində belə tələbələr üçün xüsusi şərait yaradılır. Sağlamlıq imkanı ilə əlaqədar olaraq yazmaq çətinliyi olan tələbələr üçün şifahi imtahanlar təşkil edilir.

 

“Sürətli və ədalətli qiymətləndirmə mexanizminin şahidi olduq”

 

Bu auditoriyada hüquqşünaslıq ixtisası üzrə imtahan başlayıb. Tələbələrin qarşısındakı kağızlar ağ deyil. Bu da o deməkdir ki, onlar verəcəkləri cavabları artıq müəyyənləşdiriblər. Zalda 8 nəzarətçi müəllim fəaliyyət göstərir. Koordinator-müəllimlərdən biri məlumat verir ki, onlar auditoriyada köçürmə hallarının baş verməməsi, tələbələri maraqlandıran suallara vaxtında cavab verilməsini təmin etməyə görə məsuliyyət daşıyırlar. Müəllimlər deyib ki, yanvar ayının 3-dən imtahan prosesində nəzarətçi müəllim kimi iştirak edirlər və indiyədək hər hansı ciddi problemlə qarşılaşmayıblar.

 

İmtahan verənlərdən biri - Nigar Şahgərliyeva IV kurs tələbəsidir. Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Universiteti əla səviyyədə başa vurmağa hazırlaşır: “İndiyədək kəsirim olmayıb. Bu semestrdə də 2 imtahan vermişəm. Artıq üçüncü imtahanımı verirəm. Təhsil mühiti yaxşıdır. Təhsil aldığım müddətdə yalnız kitab problemi ilə qarşılaşdım. Kitabxanada kitab çatışmazlığı olur. Ona görə də lazım olan vəsaitlərin surətini çıxarıb istifadə etmək məcburiyyətində qalırdıq. Amma müəllimlərin dərskeçmə metodu, təhsil mühiti normaldır. Deyərdim ki, ölkəmizdə hüquq üzrə ən yaxşı kadrlar bizim universitetdə yetişdirilir. Bu semestrdən isə imtahanların keçirilməsində şəffaflıq artırılıb. Ədalət prinsipləri güclənib. Qiymətləndirmədə də bu semestr fərqi hiss etdik. İmtahanların cavabları daha tez elan olundu. Bilirsiniz ki, kimliyindən asılı olmayaraq, imtahanlar insanları mütləq gərginləşdirir. Cavablar gecikdikcə gərginlik və stressimiz bir az da artırdı. Bir çoxları gərginlikdən növbəti imtahana hazırlaşmaqda çətinlik çəkirdi. Bu semestr belə problemimiz olmadı. Sürətli və ədalətli qiymətləndirmə mexanizminin şahidi olduq”.

 

BDU-da da qızlar üstünlük təşkil edir

 

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri bu dəfə təbiət fənləri üzrə imtahanların keçirildiyi auditoriyadadırlar. Burada iki ayrı-ayrı fənn üzrə imtahan təşkil edilib. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva məlumat verib ki, tələbələr imtahanlarda tək-tək oturur. Prosesə ayrı-ayrı fakültələrin müəllimləri nəzarət edir: “Bu zaldakı nəzarətçilər tarix, sosial elmlər, filologiya fakültəsinin müəllimləridir. İmtahana gələrkən tələbə biletini tələb edirik. Bu, tələbələrin yerinə başqasının imtahan verməsinin qarşısını almaq üçündür”.

 

Maraqlı bir fakt. Zalda imtahan verən tələbələr arasında oğlan yoxdur. Məlum olur ki, nəinki zalda, bütövlükdə universitetdə qız tələbələr oğlanlara nisbətdə üstünlük təşkil edir.

 

Universitetin böyük əksəriyyətini təşkil edən həmin qızlardan biri - Zemfira Kərimova Biologiya fakültəsinin IV kurs tələbəsidir: “Gözlədiyimdən yaxşı bitirəcəyəm universiteti. Bu gün də şanslıyam ki, biletimə hazırlaşdığım mövzular əsasında suallar düşüb. Hazırda ikinci imtahanımı verirəm. Bugünkü imtahanımın nəticələrinin də uğurlu olacağını düşünürəm”.

 

Hər tələbəyə iki şans

 

Yazılı imtahanlarda 5 sual qoyulur və tələbələr həmin suallara ayrı-ayrı səhifələrdə cavab yazır.  Bileti çəkdikdən və suallarla tanış olduqdan sonra tələbə sualı başa düşmədiyini bildirərsə, müvafiq kafedradan müəllim dəvət edilir və sual tələbəyə izah edilir. Hər fənn üzrə proqramlar da tələbələrə köməkçi vasitə olaraq verilə bilər.

 

Bakı Dövlət Universitetində imtahanların nəticələri, tələbələrin müvəffəqiyyət göstəricilərinin dinamikası izlənilərək təhlil edilir. Bütün ixtisaslar və fənlər üzrə keyfiyyət göstəricilərinin illər və fakültələr üzrə dinamikası müzakirə olunur. Tələbə sessiya müddətində kəsilirsə, sessiya bitdikdən sonra, fevralın 1-8-dək həmin fənn üzrə təkrar imtahan verir. Hər tələbəyə iki fənn üzrə bu şans yaradılıb.

 

Bu il müəllimlik ixtisası üzrə minimum 500 bal olub

 

Bir xüsusi fakt. Bu il müəllimlik ixtisası üzrə minimum bal 500 olub. BDU-da 8 ixtisas üzrə pedaqoji kadr hazırlığı həyata keçirilir. Bu tendensiya ixtisasların hamısında müşahidə olunur. Bu isə müəllim peşəsinin nüfuzunun artırılması, pedaqoji ixtisasları seçənlərə əlavə təqaüd ayrılması kimi tədbirlərlə əlaqədardır. BDU-da müəllim hazırlığı ixtisaslarına qəbul olunan və “Gələcəyin müəllimi” təqaüdünü alan tələbələr ümumilikdə təqaüd alan tələbələrin 50 faizini təşkil edirlər.

 

Fizika, kimya, kimya mühəndisliyi  üzrə təhsil alan tələbələr üçün müvafiq şərait yaradılıb və BDU-da elmi-tədqiqat işlərinin aparılması üçün zəngin maddi-texniki baza, NANO Araşdırmaları Mərkəzi fəaliyyət göstərir. Bu da tələbələrin həmin ixtisaslara marağını artırır. Odur ki, bu istiqamətdə son illərin dinamikası müsbətdir.

 

BDU-nun elektron mərkəzində

 

BDU-nun qonaqları Tədris Departamenti nəzdindəki monitorinq otağında da olub. Burada onlara məlumat verilib ki, imtahanların keçirildiyi bütün otaqlara kamera nəzarəti həyata keçirilir. İstənilən auditoriyada keçirilən imtahanı həmin kameralar vasitəsi ilə buradan izləmək mümkündür.

 

İmtahan Qərargahında

 

BDU-da 23 mindən artıq bakalavr və magistrantın iştirak etdiyi imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə İmtahan Qərargahı və onun nəzdində təbiət və humanitar fakültələr üzrə Apelyasiya komissiyaları yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib. İmtahan Qərargahı imtahanlarda şəffaflıq və obyektivliyi təmin etmək məqsədi ilə 5 istiqamət üzrə fəaliyyət göstərir. Bu istiqamətlər  həm müasir, həm də ənənəvi müraciət üsullarını əhatə edir. Necə deyərlər, istəyirsən, şikayətini möhürlənmiş qutuya at, istəyirsən də elektron göndər. Hər bir halda məktub ünvanına yetişəcək.

 

Möhürlü poçt qutusu

 

Beləliklə, hər gün  İmtahan Qərargahında ənənəvi “poçt qutusu” korpuslar üzrə möhürlənib quraşdırılır və yalnız axşam saat 16.00-da keçirilən iclasda açılıb müzakirə olunur. Möhürlü qutunun açılma prosesində Tələbə Gənclər və Tələbə Həmkarlar təşkilatlarının nümayəndələri, o cümlədən hər hansı tələbə iştirak edir.

 

10 imtahan günündə qutuya atılan 19 müraciətin hər biri müzakirə olunub və qərar qəbul edilib. Müraciətlərdə müəllim koordinatorlarla bağlı şikayətlər olub. Belə ki, tələbələr onların bərkdən danışaraq imtahan prosesinə mane olduqlarını yazıb. Müraciətlərin bir qismi isə imtahandan kənarlaşdırma prosesləri ilə bağlı olub.

 

Universitetin qərarı ilə bu semestrdən tətbiq edilən qaydaya görə, imtahan zamanı qayda pozuntularına yol verən tələbələr imtahandan birbaşa çıxarılmır. Onlara əvvəlcə xəbərdarlıq edilir və bu barədə tələbəyə akt təqdim olunur. Bu, imtahandan kənarlaşdırma faktlarının sayının azalmasına səbəb olub.

 

Universitetin “Qaynar xətti”

 

İmtahan Qərargahına “Qaynar xətt” telefon xidməti vasitəsi ilə müraciət imkanı yaradılıb. Bunun üçün 3 nəfər elan edilən zənglərə cavab verir, daxil olan müraciətləri “Qeydiyat kitab”ına qeyd edir.  Müraciətdən asılı olaraq, ya dərhal cavab verilir, ya da müraciət Apelyasiya komissiyalarında müzakirə olunur. Telefonla müraciətlər əsasən məlumat xarakteri daşıyır. Tələbələr zəng edərək İmtahan Qərargahına müraciətin formaları, ərizələri necə yazacaqları ilə maraqlanıblar.

 

Gəl sözünü burda de

 

Tələbə İmtahan  Qərargahına gələrək müraciət edə, ərizəsini də burada yaza bilər. Bundan sonra müraciət müvafiq sahələr üzrə Apelyasiya komissiyalarına yönəldilir.

 

Elektron məktub

 

Tələbənin narazılığını İmtahan Qərargahına bildirməyinin dördüncü yolu müasir məktubdur.  Belə ki, tələbə qeyd edilmiş elektron poçt ünvanına da məktub göndərə bilər. Bu yolla indiyədək 43 müraciət daxil olub. Elektron müraciətlərin hər biri müzakirə olunub. Müraciət edənlər əsasən imtahan nəticələrindən narazı qalanlardır.

 

Qrupun müraciəti

 

Tələbələrin qrup şəklində müraciəti İmtahan Qərargahının fəaliyyətinin 5-ci istiqamətini təşkil edir. İmtahanda qeyri-kafi qiymət alanların sayı 50 faizdən çox olarsa, bu məsələ İmtahan Qərargahında müzakirə olunur.

 

207 müraciət

 

Bəs, Apelyasiya komissiyalarının fəaliyyəti necə təşkil olunub? Onlar nəyə baxır?

 

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov ictimaiyyət nümayəndələrinə məlumat verib ki, 2 istiqamət üzrə Apelyasiya komissiyaları fəaliyyət göstərir. Təbiət elmləri və humanitar istiqamətlər üzrə komissiyalarda universitetin tanınmış müəllimləri təmsil olunurlar: “Tələbə qiymətdən narazıdırsa, bu məsələ Apelyasiya komissiyalarında müzakirə olunur”.

 

Məlumat verilib ki, Apelyasiya komissiyalarına indiyədək 207 fərdi müraciət olub. Həmin müraciətlərdə tələbələr əsasən balının aşağı salındığını iddia edib. 52 belə müraciətlə bağlı müsbət qərar verilib.

 

Tələbə o vaxt komissiyaya çağırılır ki...

 

Maraqlıdır ki, İmtahan Qərargahında problem ən çox tələbələrin yazı işlərinin yoxlanılması zamanı yaranır. Tələbə imtahan zamanı sualı başa düşməyəndə müəllim imtahan zalına çağırıldığı kimi, müəllim də tələbənin yazı işini oxuya bilməyəndə tələbə İmtahan Komissiyasına dəvət edilir. İmtahan cavabları onların özünə oxutdurulur və cavablar müvafiq qaydada qiymətləndirilir. Bu sessiyada müəllimlərin oxuya bilmədiyi 4 yazı işi olub. Onlardan cavabları çox gözəl qiymətləndirilənlər də olub, əksinə, cavabı qəbul edilməyən də: “Apelyasiya Komissiyasına dəvət edilənlərdən biri Tarix fakültəsinin tələbəsi idi. Cavablarını oxudu və 8 bal aldı. Ancaq başqa bir faktda mülki müdafiədən imtahan verən tələbənin bilərəkdən belə yazdığı müəyyən olundu. Tələbə etiraf etdi ki, imtahana hazır olmadığı üçün belə yazıb. Odur ki, verilən qiymətlə razıdır”.

 

İctimai Nəzarət və Məsləhət Şurasının üzvü Elşad Eyvazlı bildirib ki, universitetlərin əksəriyyətinin İctimai Şurasında təmsil olunur və müşahidə edib ki, Apelyasiya komissiyaları çox vaxt müəllimlərin tərəfini tutur. O, bunu nəzərə alaraq təklif edib ki, BDU-nun Apelyasiya Komissiyasında ictimai nəzarət şurasının üzvlərindən biri təmsil olunsun. Universitet rəhbərliyi təklifi məmnuniyyətlə qəbul edib və istənilən nümayəndənin iştirak edə biləcəyini bildirib.

 

Köhnə universitetdə yeni ənənələrin əsası qoyulur

 

Millət vəkilləri, jurnalistlər, təhsil ekspertlərindən ibarət heyət daha bir ünvanda imtahanların gedişini izlədilər. Ölkəmizin ən yaşlı universitetində ən müasir təhsil standartlarının tətbiqinin, köhnə universitetdə yeni ənənələrin əsasının qoyulduğunun şahidi oldular.

 

Dünyanın müxtəlif reytinq cədvəllərində yer tutan, bununla da dünya universitetləri cərgəsinə qoşulan Bakı Dövlət Universitetinin şöhrətinə şöhrət qatacaq yeniliklər isə hələ qarşıdadır.

 

Ruhiyyə DAŞSALAHLI

 

muallim.edu.az




Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024