İCTİMAİ RADİO: MAARİFÇİLİK MİSSİYASININ LAYİQLİ DAŞIYICISI

27/05/2015

Azərbaycanda İctimai Televiziya və Radio Yayımları kimi cəmiyyət üçün çox maraqlı bir kütləvi informasiya vasitəsinin yaradılması ciddi ictimai hadisədir.

Əlbəttə, bu teleradionun ölkəmizdə yaranması və fəaliyyəti, ilk növbədə, demokratik dəyərləri öz fəaliyyətində prioritet hesab edən Azərbaycan Dövlətinin iradəsi əsasında baş vermişdir. Azərbaycan Respublikası Avropa Şurasına üzvlüyə qəbul edilərkən ölkəmizin qarşısında qoyulan şərtlərdən biri də ictimai teleradionun yaradılması zərurəti idi. Müstəqilliyinin ilk anından hüquqi dövlət quruculuğu istiqamətini götürən Azərbaycan demokratik dəyərlərin formalaşmasına birbaşa təsir edən İctimai Teleradionun yaranmasını gerçəkləşdirdi. İlk növbədə bu ictimai institutun beynəlxalq təcrübəyə əsaslanan qanunvericilik aktı formalaşdı və 2005-ci il avqustun 29-da bu qurum ilk dəfə efirə çıxdı. Mən yeni media nəzəriyyəsi ilə məşğul olan bir adam kimi, habelə bir tamaşaçı və dinləyici kimi İctimai Teleradionun ölkəmizdə yaradılması ideyasını lap əvvəldən izləyəsi oldum.

Yəqin oxucuların yaxşı yadındadır ki, Azərbaycanda İctimai Teleradio efirə çıxar-çıxmaz, yəni hələ tam formalaşmadığı vaxtdan başlayaraq ciddi müzakirələrə və mübahisələrə səbəb oldu. Lakin bu müzakirələrdə xoş niyyətli, sözün həqiqi mənasında səriştəli, tənqidi fikirləri də elmi təfəkkür və etik normalarda ifadə edən ekspertlərin də rəyləri mətbuatda yer aldı.

Belə rəylərdə ifadə olunan tənqidi fikirlər bu teleradioda peşəkarlığın yüksəlməsinə kömək etdi. Lakin bütün rəylər və fikirlər daha çox İctimai Televiziyanı əhatə edirdi və indi də etməkdə olduğu halda, Azərbaycan media sistemində özünün, əsasən maarifçilik funksiyası ilə xüsusi təhlilə, qiymətə layiq olan İctimai Radio xeyli dərəcədə kölgədə qaldı. Mənim bu yazımın da meydana gəlməsi məhz ictimai radionun fəaliyyətinə dair fikir söyləmək arzusundan irəli gəldi. İlk növbədə qeyd etmək istərdim ki, radio müasir kommunikasiya kanalları sistemində xüsusi yer tutur. Çünki televiziyadan, internet saytlarından və digər informasiya vasitələrindən fərqli olaraq, heç bir narahatlıq keçirmədən radionu avtomobili idarə edə-edə, məişət işi ilə məşğul ola-ola, ən ciddi praktik işləri icra edə-edə, mətbəxdən tutmuş yataq otağınadək hər yerdə rahatca dinləmək mümkündür.

Formalaşdığı ilk çağlardan bəri belə bir texniki rahatlığı özündə daşıyan radiojurnalistika medianın bilgiləndirmək, maarifləndirmək, əyləndirmək kimi klassik funksiyalarını, necə deyərlər, heç bir minnət qoymadan həyata keçirməkdədir. Azərbaycan media mühitində bu gün çoxlu sayda radiokanal mövcuddur.

Bu radiokanalların, demək olar ki, böyük əksəriyyəti birbaşa kommersiya kanallarıdır və tipoloji xarakterinə, fəaliyyət sferasına görə onlar daha çox kommersiya işi görürlər. Bu mənada özəl radiokanalların daha çox musiqiyə, şou-proqramlara yer verməsi, informasiya siyasətində sensasiyaya meyli və s. kimi amilləri qınamaq da mümkün deyil. Beynəlxalq aləmdə İctimai Teleradio məhz bu tipli kommersiya kanallarının maarifçilikdən uzaq verilişlərinə qarşı qoyulmuşdur.

Əvvəlcədən deyim ki, Azərbaycan İctimai Radiosu bu funksiyanı - yəni jurnalistikanın maarifçilik funksiyasını uğurla həyata keçirməkdədir. Məlumdur ki, hər bir kütləvi informasiya vasitəsinin ilk növbədə informasiya siyasəti müəyyənləşdirilir. Bu siyasət birbaşa informasiya vasitəsinin ünvanlandığı auditoriya ilə müəyyənləşir. Digər elektron informasiya vasitələrindən fərqli olaraq İctimai Radio birbaşa cəmiyyətin bütün təbəqələrinə ünvanlanır və ona görə də onun informasiya siyasəti yalnız ictimai maraq üzərində qurulur. Azərbaycanda hələlik dövlət tərəfindən maliyyələşən İctimai Radio kommersiya kanallarından fərgli olarag reklam bazarında reytinq qazanma problemi yaşamadığı üçün onun proqram setkasında maarifçilik verilişləri çoxluq təşkil edir.

İctimai Radionun bu vacib missiyası ilk növbədə xəbərlər proqramı ilə gerçəkləşdirilir. Səhər saatlarından başlayaraq hər saatın başında yenilənmiş informasiyalarla efirə çıxan "Xəbər vaxtı" özünün qərəzsiz, dəqiq, vicdanlı, balanslı informasiyaları , bir sıra hallarda bu informasiyalarla bağlı təhlilləri ilə dinləyici rəğbəti qazanmışdır. Yaşadığımız informasiya cəmiyyətdə insanların müraciət etdikləri xəbər, məlumat mənbələri müxtəlif olsa da, etiraf edək ki radio bu mənbələr arasında ön sıralarda dayanır. Mübaliğəsiz deyə bilərik ki, "Günün efirdə döyünən nəbzi" olan İctimai Radio bu gün cəmiyyətin ən öndə gedən informasiya təminatçısı rolunu oynayır. Harada olmasından asılı olmayaraq ölkəsində, dünyada yaşananlardan xəbər tutmaq, maraqlı müzakirələrə qatılmaq, intellektual yarışların iştirakçısı olmaq, bir sözlə, xalqın tribunasına çevrilmək missiyasını üzərinə götürmüş İctimai Radionu özünə ən yaxın xəbər dalğası seçən insanların sayı hədsiz dərəcədə çoxdur.

Fəaliyyətə başladığı ilk gündən dinləyicisinin sevimli dalğasına çevrilməyi bacaran 90 FM bu gün mövzu rəngarəngliyi, özünün zəngin proqram siyasəti baxımından dinləyici auditoriyasını genişləndirir, daim yeni layihələri ilə dinləyicilərin zövqünü oxşayır. Deyirlər ki, günə necə başlayarsan bütün günün o ovqatla keçər. İctimai Radio da səhər tezdən efir mikrofonlarını bu amalla açır. Həftənin 5 günü səhər saat 8-dən 10-dək "Yeni gün" proqramı rəngarəng mövzuları, interaktiv müzakirələri, səhərin ruhuna uyğun mahnıları ilə sübh tezdən ətrafına xeyli dinləyici toplayır.

Hər səhər faydalı məsləhətləri, maraq dünyasından xəbərləri dinləyən, interaktiv sorğuların müzakirəsinə qoşulan dinləyici vaxtını hədər keçirmir və bütün bu vaxtda maarifçilik dalğasından çox şey öyrənir. 90 FM dalğasında hər gün saat 9-dan axşam saat 20:30-dək hər saatın tamamında yayımlanan "Xəbər vaxtı" proqramı operativliyi ilə seçilir, ölkənin və dünyanın hər yerindən xəbərləri doğru-dürüst və qərəzsiz çatdırmaqla, hadisə yerindən canlı bağlantılarla əsl xəbər dalğası prinsipini qoruyub saxlayır. İctimai Radionun bir özəlliyi də ondan ibarətdir ki, günün saatında hər kəs öz zövqünə uyğun olan verilişi dinləyə bilir. "Yeni gün" proqramından dərhal sonra yayıma başlayan "Şərq-Qərb" verilişində müzakirəyə çıxarılan mövzulara fərqli istiqamətdən, fərqli düşüncələrdən nəzər salınır, çarpaz baxışlar ortaya qoyulur.

İnteraktiv müzakirələri ilə qısa zaman ərzində dinlənilən verilişlər sırasında "Şərq-Qərb" proqramı öz yerini tutub. Yeni mövsümdən dinləyicilərin ixtiyarına verilən , həftə içi 5 gün yayımlanan "Fərqli nahar" proqramının məqsədi dinləyicilərin nahar vaxtının daha maraqlı, əyləncəli, eyni zamanda daha səmərəli keçirmələrinə şərait yaratmaqdır. Verilişin dinləyici auditoriyası müxtəlif olsa da, əsasən, iş başında olanları gərgin iş yükündən və stressdən uzaqlaşdırır. Yarışmalar, interaktiv sorğular, Azərbaycan və dünya mətbəxi ilə bağlı maraqlı faktlar, faydalı məsləhətlər, məzəli lətifələr və digər bölümlər verilişin maarifçilik, əyləncə məqsədinə xidmət edir. Cəmiyyəti narahat edən ən aktual mövzuların müzakirə meydanı kimi tanınan "Xəbərdar" proqramı, adından göründüyü kimi, əxlaqi və milli-mənəvi dəyərlərdən tutmuş insanların maarifləndirilməsi, müasir təhsilin ən mühüm problemləri, ölkənin sosial-iqtisadi sferadakı inkişafını, tarix, elm sahələrinə dair mövzuları müzakirəyə çıxarır.

Həftəiçi hər gün iki saatlıq efir müddətində dinləyiçiləri vətənpərvərlik, tariximizin şərəfli səhifələrinin işıqlandırılması ilə aktual məsələlərdən xəbərdar edir. İctimai Radionun yeni layihələrindən olan "Kinoda yaşanan ömür" və "Səhnə həyatı" nəinki səhnə adamlarının, həmçinin sadə vətəndaşların, kinonu, teatrı sevən insanların maraqla dinlədiyi verilişlərdir. Hər bazar günü istirahətin, həftəsonu əyləncəsinin ən doğru məkanı məhz "Radioklub"dur. Bu da yeni layihələrdəndir. Verilişi radiosəyahət də adlandırmaq olar. Gərgin iş həftəsindən sonra kimisi istirahətini səhərin səs-küyündən uzaq, təbiət qoynunda keçirirsə, kimisi də "Radioklub"a üz tutur. Dünyanın ən məşhur turizm mərkəzləri, istirahət məkanları, otellər, bir sözlə istirahətlə bağlı hər şey "Radioklub"da var. Hər yaşda olan insan bu dalğada özünü tapa bilir: maraq dairəsinə uyğun veriliş, zövqünə görə musiqi.  Dinləyici auditoriyası geniş olan verilişlərdən biri də gəncliyin səsini ictimaiyyətə çatdıran "Gənc saat"dır.

Gənclik nə düşünür, hansı qayğılarla yaşayır, qısası, fərqli mövzu və müzakirələr gəncliyin prizmasından təqdim olunur. Rəngarəng rubrikalar, gəncliyin zövqünü əks etdirən musiqilər, fəal gənclərlə söhbət, gənclərin vaxtını mənalı dəyərləndirmələrinə xidmət edir. Yeni layihələrdən söz açarkən İctimai Radionun məktəbəqədər və məktəbli dinləyicilər üçün nəzərdə tutduğu "Kim yatmış, kim oyaq" verilişini qeyd etməmək haqsızlıq olar.Həftənin 6 günü saat 20:15-də təqdim olunan sözlü-söhbətli, nağıllı, nəğməli bu veriliş şirin-şəkər balaların ən maraqlı görüş yerinə çevrilib. Verilişin məqsədi uşaqlara yalnız nağıl payı təqdim etmək deyil, həm də onları məlumatlandırmaq, ətraf aləm haqqında bilmədikləri, həyat, insan , kainatla bağlı məlumatları oynaq bir dildə, onların başa düşəcəyi tərzdə təqdim etməkdir.

Veriliş ilk günlərdən ətrafına kifayət qədər dinləyici toplaya bilib: nəinki balacaları, hətta böyükləri də. İctimai Teleradionun dünyanın müxtəlif eyni tipli teleradio qurumları ilə yaradıcılıq əlaqələri tamaşaçı və dinləyicilərə çoxdan məlumdur. Bu əlaqələr indi də davam edir. Azərbaycanın önəmli təqvim günlərində Türkiyənin TRT AVAZ kanalı ilə eyni vaxtda saatlarla proqram birliyinin efirə çıxdığı gözümüzün qarşısındadır. Bu sahədə gündəlik efirə gedən "Qorqud Ata" radio proqramı həm ictimai radio, həm də TRT radiosu ilə Azərbaycanı türk dünyasına təqdim etməkdədir. İctimai Radio gün ərzində efirə qulaq asa bilməyənlərə gecədən sübhə qədər bir imkan yaradır.

Həftənin cümə günü saatlar 00:30-u göstərdiyi vaxt 90 FM-də yeni bir günə qədəm qoyulur. Gecə növbəsində çalışanlar, özünə maraqlı həmsöhbət axtaranlar, yuxusuz qalanlar, bir sözlə hər kəs "Sübhə doğru"nu dinləyə bilər. İnteraktiv müzakirələr, "Maraq və əyləncə", "Sağlamlıq", "Ötən gün", "Sinema", "Premyera", "Fərqli janr" bölmələri ilə sabah daha maraqlı açılır. Daim yenilikləri ilə dinləyicilərini sevindirən, ənənə və müasirliyi özünə təməl prinsipi seçən İctimai Radionu bu gün 7-dən 77-yə hər kəs dinləyir. Bütün bu proqram və formatlar təkcə mövzu baxımından deyil, peşəkarlıq cəhətindən də diqqəti cəlb edir. Əlbəttə peşəkarlığın əsas istiqaməti müasir teleradionun müasir biçimlərinə dərindən bələd olan şirkətin Baş direktoru Cəmil Quliyevdən gəlir.

Bütövlükdə həm televiziya, həm də radio təcrübəsi ilə diqqəti cəlb edən Şaiq Məmmədov İctimai Teleradioda Baş direktorun müavini statusunda gecəsi-gündüzü olmayan, bütün səylərini peşəkarlığın artırılmasına sərf edən bir kadr kimi İctimai Radionun fəaliyyətini xüsusi diqqətdə saxlayır. İctimai Radionun müxtəlif proqram şəbəkələrində çalışan əksər jurnalistlər öz peşəkarlıq, vətəndaşlıq, Azərbaycan sevgiləri ilə dinləyicilərin səsindən tanıdıqları əməkdaşlardır.

Bu sırada İctimai Radionun Proqram direktoru Aygül Məmmədovanı, fəal əməkdaşlardan Xuraman Süleymanlını, Kamil Məhərrəmoğlunu, Samir İsmayılovu, Sevinc Salahovanı və digərlərini xüsusi göstərə bilərik. Ən maraqlısı budur ki, bütövlükdə İctimai Teleradionun, o cümlədən, İctimai Radionun bütün əməkdaşları öz fəaliyyətlərində dövlətçilik, azərbaycançılıq, milli maraqlar prinsipini əsas tuturlar. Bu isə onların peşəkarlıq keyfiyyətlərinin daha da yüksəlməsinə səbəb olur.

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Zaur BABAYEV

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024