Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru BDU-da mühazirə deyib

28/11/2022

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Türk dövlətlərinin ədəbi-mədəni və elmi əlaqələrinin formalaşmasında kitabxanaların rolu” mövzusunda mühazirə deyib.

Professor Nurbay Cabbarov əvvəlcə ölkənin ən nüfuzlu ali təhsil müəssisəsi olan BDU-da olmağından məmnunluğunu ifadə edib. Eyni soya, ortaq tarixə və mədəniyyətə malik xalqlarımızın dostluq və qardaşlıq münasibətlərindən danışıb. Özbəklərin hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və elminə böyük maraq göstərdiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin tarixindən bəhs edən natiq bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səyləri ilə münasibətlərimizin ən yüksək səviyyəyə çatdığını bildirib. Son illər Azərbaycanla Özbəkistan arasında elmi əlaqələrin gücləndiyini, xüsusilə BDU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığını diqqətə çatdırıb.

Alimin mühazirəsində türk dövlətlərinin ədəbi-mədəni və elmi əlaqələrinin formalaşmasında, türk xalqlarının milli irsinin mühafizəsində kitabxanaların müstəsna rolundan bəhs olunub. Bildirilib ki, kitab və kitabxana mədəniyyəti sahəsində dünya mədəni irsinə mühüm töhfələr vermiş türk xalqları bu gün də həmin missiyanı uğurla davam etdirirlər. XX əsrin sonlarında müstəqilliklərini bərpa etdikdən sonra türk dövlətlərinin əlaqələrinin daha da inkişaf etdiyini qeyd edən natiq bu sahədə türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə beynəlxalq təşkilat olan TÜRKSOY-un fəaliyyətini yüksək dəyərləndirib. Bu platforma çərçivəsində türk dövlətlərinin milli kitabxanalarının əlaqələrini xüsusi vurğulayıb. Alim qeyd edib ki, çağdaş dövrdə cəmiyyətin həyatında kitabxanaların rolu sürətlə artır, kitabxanalar artıq sadəcə kitab saxlayıcısı kimi deyil, sosial institut və mədəniyyət mərkəzləri funksiyasını da yerinə yetirirlər. Professor Nurbay Cabbarov müasir kommunikasiya sistemləri, onların gətirdikləri yeniliklər barədə dinləyicilərə ətraflı məlumat verib, ənənəvi kitabxanalarla elektron kitabxanaların müqayisəli təhlilini aparıb, elektron informasiya resurslarının türk xalqlarının inteqrasiyasındakı mühüm rolundan bəhs edib. Mühazirədə həmçinin Özbəkistanda fəaliyyət göstərən kitabxanalar, onların tarixi, müasir iş metodları, fondları barədə ətraflı məlumatlar təqdim olunub.

Professor Nurbay Cabbarovun mühazirəsi auditoriya tərəfindən maraqla dinlənilib, alim iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

 

Xəbərlər

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib
26/12/2024

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib
25/12/2024

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb
25/12/2024